Azərbaycan dezinformasiyaya qarşı mübarizənin nə demək olduğunu hər kəsdən yaxşı anlayır – Cavid Musayev

Baş səhifə

Ankara. Trend:

Azərbaycan dezinformasiyaya qarşı mübarizənin nə demək olduğunu
hər kəsdən yaxşı anlayır.

Trend-in xüsusi
müxbiri xəbər verir ki, bunu Prezident Administrasiyasının
Qeyri-Hökumət Təşkilatları ilə iş və Kommunikasiya şöbəsinin
Kommunikasiya Siyasəti sektorunun müdiri Cavid Musayev Ankarada
Türk Dövlətlərinin Dezinformasiya ilə Mübarizə Forumunda çıxışında
deyib.

“Bu gün Türkiyədə keçirilən forum sadəcə bir tədbir deyil — bu,
bəyanatdır. Bu, xüsusi mənaya və böyük rəmzi dəyərə malik bir
aktdır.

Biz informasiya ekosisteminin misli görülməmiş təzyiq və
transformasiyalara məruz qaldığı dövrdə yaşayırıq. Geosiyasi
dəyişikliklər, dezinformasiyanın yayılması, rəqəmsal məkanın xaosu,
texnoloji inqilablar – bunların hamısı süni intellektin mərkəzi rol
oynadığı yeni reallıq formalaşdırır.

Dünya dəyişir. Metodlar, təhdidlər dəyişir. Əgər hələ dünən
təhdid deyəndə silahlı hücum nəzərdə tutulurdusa, bu gün – iqtisadi
blokada, kiberhücum, informasiya təzyiqi nəzərdə tutulur.
İnformasiya təhlükəsizliyinin pozulması artıq abstrakt təhdid
deyil, suverenliyə birbaşa hücumdur”, – deyə o vurğulayıb.

C.Musayev qeyd edib ki, hibrid təhdidlər gündəlik həyatın bir
hissəsinə çevrilib:

“İstənilən ölkə, öz kimliyini qorumaq istəyirsə, informasiya
məkanına xarici müdaxiləyə qarşı öz müdafiə mexanizmlərini
formalaşdırmalıdır. Burada söhbət yalnız dövlət təhlükəsizliyindən
getmir. Hər bir vətəndaşın, hər bir ağlın, hər bir canın
təhlükəsizliyi təhdid altındadır”.

Onun sözlərinə görə, bu gün informasiyanın qorunması yalnız
milli təhlükəsizliyin bir komponenti deyil, onun təməlidir:

“Forumun əlaqələndiricisi Burak Özkeminin də qeyd etdiyi kimi,
informasiya təhlükəsizliyi real suverenliyin ayrılmaz hissəsidir.
O, tamamilə yerində olaraq buna misal kimi Qarabağ hadisələrini
göstərdi.

Azərbaycan dezinformasiyaya qarşı mübarizə nə demək olduğunu hər
kəsdən yaxşı anlayır. Biz bunu öz təcrübəmizdən bilirik. Beş il
əvvəl, ordumuz işğal altında olan torpaqları azad etməyə
başlayanda, paralel olaraq bizə qarşı qlobal media məkanında
qarayaxma kampaniyası baş qaldırmışdı.

Bu, qərb kanalları, sosial platformalar, saxta narrativlər
vasitəsilə edilən kütləvi hücumlar idi . Amma biz geri çəkilmədik.
Dik durduq. Və bu gün artıq öz mexanizmlərimiz, resurslarımız var.
Biz qarşılıq verməyi öyrəndik.

Biz beynəlxalq mediaya qapılarımızı açdıq. Xarici jurnalistlər
gəldi və hər şeyi öz öz gözləri ilə gördülər — dağıdılmış
şəhərləri, açılan atəşləri , dinc insanların iztirablarını. Hər gün
brifinqlər keçirdik, düzgün və xronoloji dəqiq məlumat verdik və
bu, saxta xəbərlərə qarşı ən yaxşı əks-hücum idi.”

C.Musayev əlavə edib ki, Prezident İlham Əliyev 44 günlük Vətən
Müharibəsi dövründə xarici mediaya 30 müsahibə verib:

“”BBC”, “CNN”, “Euronews”, “Al Arabiya”, “France 24”, “TRT”, “Anadolu Ajansı” — hamısı həqiqəti birbaşa eşitdi. Əsl Ali Baş
Komandan hibrid müharibə şəraitində məhz belə davranır.”

Sektor müdiri qardaş ölkələrin, xüsusilə Türkiyə mediasının
Azərbaycanın yanında olduğunu vurğulayıb:

“Biz hücumları çiyin-çiyinə dəf etdik. Və məhz həmin dövrdə, bu
mübarizənin ən yüksək məqamında, Azərbaycan və Türkiyənin birgə
informasiya platformasının yaradılması ideyası meydana gəldi.

Beş il keçib. Birlikdə çox iş gördük. Bu gün biz bu işi davam
etdiririk. Əməkdaşlığı dərinləşdiririk, birgə platformanı
möhkəmləndiririk, dezinformasiyaya qarşı birgə fəaliyyət
mexanizmlərini inkişaf etdiririk. Mən əminəm ki, Türk Dövlətləri
Təşkilatı çərçivəsində belə platformanın yaradılması vacib və
vaxtında atılmış addımdır.

Biz bir ailəyik. Ortaq tariximiz, mədəniyyətimiz, dəyərlərimiz,
hüquqi əsaslarımız var. Bu sadəcə alyans deyil — bu, Uca Tanrının
bir bəxşişidir. Biz bu birliyi gücləndirməliyik.”

C.Musayev son illərdə Türk Dövlətlər Təşkilatının, xüsusilə
media və informasiya sahəsində, əmin addımlarla irəlilədiyini
vurğulayıb. İlk dəfə TDT üzv ölkələrinin media forumu məhz
Azərbaycanda keçirildi. Bu gün isə tarixdə ilk dəfə informasiya və
media nazirlərinin görüşü keçirilir, görüşdə dövlət və media
nümayəndələri, eləcə də ekspertlər iştirak edir.

“Biz səylərimizi artırmalıyıq — manipulyasiyalara qarşı çıxmalı,
informasiya dayanıqlığını möhkəmləndirməliyik. Amma bu kifayət
deyil. Biz “media gigiyenası”ndan da danışmalıyıq — yəni burada
söhbət sadəcə xəbəri oxumaqdan deyil, onun alt mətni, məqsədi,
mənbəyini tanımaq bacarığından gedir. İnsanları tənqidi düşünməyi
öyrətmək lazımdır. Çünki bu gün sosial şəbəkələr müharibə
meydanına, manipulyasiyalar məkanına çevrilib. Əgər cəmiyyətimizi
doğrunu yalandan ayırmağa öyrətməsək, şüur uğrunda müharibəni
uduzmaq riski ilə üzləşə bilərik. Və biz məhz buna görə
buradayıq.

Azərbaycan qlobal müzakirələrin mərkəzinə çevrilir. Biz artıq
Şuşada üçüncü qlobal media forumunu keçirdik — işğaldan azad
edilmiş, rəmzi şəhərdə. Tədbirin keçirildiyi yer də dünyaya bir
mesajdır. Prezident İlham Əliyevin sözlərinə görə, Türk Dövlətlər
Təşkilatı bizim üçün əsas beynəlxalq təşkilatdır, çünki bu, bizim
ailəmizdir: “Bizim başqa ailəmiz yoxdur. Bizim ailəmiz Türk
dünyasıdır”. Biz buna əminik. Bu sadəcə söz deyil. Bu strateji
seçimdir. Və bu seçim birdəfəlik edilib”, – deyə sektor müdiri
bildirib.

Qeyd edək ki, Ankarada keçirilən forumda dövlət orqanlarının,
aparıcı kütləvi informasiya vasitələrinin nümayəndələri və sahə
üzrə ekspertlər iştirak edir. Azərbaycan tərəfini Media İnkişafı
Agentliyinin icraçı direktoru Əhməd İsmayılov, Prezident
Administrasiyasının Qeyri-Hökumət Təşkilatları ilə iş və
Kommunikasiya şöbəsinin Kommunikasiya Siyasəti sektorunun müdiri
Cavid Musayev, həmin şöbənin Kütləvi İnformasiya vasitələri ilə
əlaqələr sektorunun müdiri Kamran Qasımov, həmin şöbənin KİV ilə
əlaqələr sektorunun baş məsləhətçisi Pərvanə İbrahimova, Media
İnkişafı Agentliyinin icraçı direktor müavini Natiq Məmmədli, Trend
BİA-nın direktor müavini və Baku Network Analitik Mərkəzinin
rəhbəri Elçin Alıoğlu, Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin
idarə heyətinin üzvü Cavid Vəliyev, eləcə də APA İnformasiya
Agentliyinin Beynəlxalq Əlaqələr və Analitika Departamentinin
rəhbəri Faiq Məmmədov təmsil edirlər.

Forum çərçivəsində dezinformasiyanın milli təhlükəsizliyə,
ictimai rəylərə və regional sabitliyə təsiri, eləcə də müasir
informasiya mühitində birgə fəaliyyətin praktik mexanizmləri
müzakirə olunacaq. 2025-ci il üçün Türk Dövlətləri Təşkilatının
informasiya sahəsində Fəaliyyət Planına uyğun olaraq forum media
savadlılığı , informasiya təhlükəsizliyi, dezinformasiyaya qarşı
mübarizə, rəqəmsal texnologiyalardan məsuliyyətli istifadə,
beynəlxalq yayım və yeni nəsil jurnalistikası sahəsində bilik və
təcrübə mübadiləsi platformasına çevriləcək.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir