
Bakı. Trend:
Dahi Azərbaycan bəstəkarı, Şərqdə ilk operanın yaradıcısı, böyük
musiqişünas-alim, istedadlı publisist, dramaturq və pedaqoq,
tanınmış ictimai xadim, Xalq artisti, Dövlət mükafatları laureatı,
Azərbaycan Elmlər Akademiyasının həqiqi üzvü Üzeyir Hacıbəylinin
anadan olmasının 140 illiyi Avropa səhnələrində təntənəli şəkildə
qeyd olunub. Şotlandiyanın Qlazqo şəhərində və Fransanın paytaxtı
Parisdə bu münasibətlə konsertlər təşkil edilib.
Bu barədə Trend-ə Diasporla İş üzrə Dövlət Komitəsindən məlumat
verilib.
Qlazqoda Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyilə
keçirilən “Arazbarı” adlı konsert proqramı şəhərin nüfuzlu mədəni
məkanlarından biri olan “Glasgow Art Club”da baş tutub. Konsertdə
Böyük Britaniyada yaşayan istedadlı pianoçu Günel Mirzəyeva dahi
bəstəkarın musiqi irsinin yalnız Azərbaycan mədəniyyəti üçün deyil,
eyni zamanda ümumbəşəri musiqi düşüncəsi baxımında böyük əhəmiyyət
daşıdığını vurğulayıb. Şərq və Qərb musiqi ənənələri arasında
mövcud olan yaradıcı dialoq barədə fikirlərini bölüşüb. Proqramda
Üzeyir Hacıbəylinin, eləcə də İ.S.Baxın və V.A.Motsartın
repertuarından seçilmiş əsərlər səsləndirilib. Günel Mirzəyeva,
həmçinin muğam üslubunda bəstələdiyi və müəllifi olduğu “Bax” adlı
orijinal kompozisiyanı ifa edib. “Caspian Circle” təşkilatının baş
icraçı direktoru Fuad Ələkbərov belə bir konsertin Qlazqoda
keçirilməsinin Azərbaycan mədəni irsinin beynəlxalq səviyyədə
tanıdılması və diasporun mədəni əlaqələrinin gücləndirilməsi
baxımından mühüm əhəmiyyət daşıdığını bildirib.
Parisdə Azərbaycan Diasporuna Dəstək Fondunun dəstəyi ilə baş
tutan konsertin təşkilatçısı pianoçu Səidə Zülfüqarova olub.
Tədbirdə Azərbaycanın Fransadakı səfiri Leyla Abdullayeva,
UNESCO-nun “Sülh naminə incəsənət xadimi” Hedva Ser, fransız
bəstəkarı Graciane Finzi və diplomatik nümayəndəliklərin
təmsilçiləri iştirak ediblər. Konsert Üzeyir Hacıbəylinin
yaradıcılığının parlaq nümunələrindən biri olan “Aşıqsayağı”
əsərinin səsləndirilməsi ilə başlayıb. Pianoçu Səidə Zülfüqarova,
violonçel ifaçısı Guillaume Martigné və skripkaçı Florian Mavielin
ifasında Dmitri Şostakoviç, Oktay Zülfüqarov və Azər Rzayev kimi
görkəmli bəstəkarların əsərləri də yüksək peşəkarlıqla təqdim
olunub. Zəngin tembr ahəngi və yüksək sənətkarlığı ilə seçilən
ifalar, eləcə də Avropa və Azərbaycan musiqilərinin uğurlu sintezi
tamaşaçıların böyük rəğbətinə səbəb olub.
Konsertlər musiqi diplomatiyası və diaspor fəaliyyətinin
inkişafı baxımından əlamətdar hadisə kimi dəyərləndirilib.
Tədbirlər Azərbaycan icmasının üzvləri ilə yanaşı, yerli
ictimaiyyət və musiqisevərlər tərəfindən də maraqla qarşılanıb.

