
Bakı. Trend:
Azərbaycan Respublikası Müdafiə Nazirliyi ilə Polşa Respublikası
Silahlı Qüvvələri arasında 2025-ci il üçün imzalanmış ikitərəfli
hərbi əməkdaşlıq planına əsasən, Bakıda hər iki ölkənin hərbi tibb
sahəsi üzrə mütəxəssisləri arasında görüş keçirilib.
Trend xəbər
verir ki, bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.
Müdafiə Nazirliyinin Tibb İdarəsində keçirilən görüşdə qonaqlara
Azərbaycan Ordusunda hərbi tibb sahəsində aparılan uğurlu
islahatlar, tibb xidmətinin təşkili, tətbiq olunan yeni praktik
müalicə yanaşmaları, xidmətdə və ehtiyatda olan hərbi qulluqçulara
və onların ailə üzvlərinə göstərilən tibbi xidmətlər barədə brifinq
təqdim olunub.
Baş Klinik Hospitalda hərbçilərin müayinə və müalicəsi üçün
bütün növ şəraitin yaradılması, yüksək peşəkarlığa malik tibbi
personalın həvəslə fəaliyyət göstərməsi xüsusi vurğulanıb.
Daha sonra tərəflər arasında qarşılıqlı əməkdaşlığın inkişaf
perspektivləri və digər maraq doğuran məsələlər ətrafında geniş
fikir mübadiləsi aparılıb.
Azərbaycan və Polşa arasında hərbi tibb sahəsində təcrübə
mübadiləsi, əməkdaşlıq imkanlarının genişləndirilməsi və peşəkar
hazırlığın artırılması istiqamətində işçi görüşlərin davam
etdiriləcəyi qeyd olunub.
Görüşdən sonra Polşa nümayəndə heyəti Müdafiə Nazirliyinin Baş
Klinik Hospitalını və digər hərbi tibb müəssisələrini ziyarət edib,
yaradılan şəraitlə yaxından tanış olub.

