Humanizm məfkurəsinə bağlılığın təcəssümü

Baş səhifə

Bakı. Trend:

Azərbaycan Prezidenti İlham Əliyevin “Konstitusiya və Suverenlik
İli” münasibətilə amnistiya elan olunması təşəbbüsünü irəli sürməsi
respublika ictimaiyyəti tərəfindən böyük razılıq və minnətdarlıqla
qarşılanır. Bu təşəbbüs bir daha təsdiq etdi ki, Azərbaycanda
həyata keçirilən dövlət siyasətinin təməlində humanizm dəyərləri
dayanır.

Qeyd edək ki, respublikamızda cəzasının müəyyən bir hissəsini
çəkən və törətdiyi əməldən peşmançılıq keçirən məhkum olunmuş
şəxslərin əfv edilməsi, bağışlanması ənənəsinin müəllifi xalqımızın
Ulu Öndəri Heydər Əliyevdir. Bu ənənənin göstəricisi kimi
1995-2013-cü illərdə Heydər Əliyev tərəfindən 32 əfv fərmanı
imzalanıb. Həmçinin həmin dövrdə 7 amnistiya aktı qəbul edilib.

Heydər Əliyevin humanizm siyasətinin daha bir göstəricisi
Azərbaycanda 1993-cü ildən ölüm hökmünün icrasının
dayandırılmasıdır. Faktiki olaraq bu cəzanın icrasına moratorium
qoyulub. Sonrakı beş il ərzində müxtəlif ağır cinayətlərə görə ölüm
cəzasına məhkum edilmiş 120-dən çox şəxs barəsində ölüm hökmü icra
olunmayıb. 1998-ci ildə isə Heydər Əliyevin humanizminin nəticəsi
olaraq ölkəmizdə ölüm hökmü tamamilə ləğv edilib.

Prezident İlham Əliyev öz fəaliyyətində humanizm dəyərlərinə
böyük önəm verir. Təsadüfi deyil ki, dövlətimizin başçısının siyasi
fəaliyyətinin mərkəzində insan amili, vətəndaş rifahı, sosial
ədalət və mərhəmət prinsipləri dayanır. Məhz bu humanist yanaşmanın
nəticəsidir ki, ölkəmizdə cinayət-hüquq siyasətinin
formalaşdırılmasında da humanizm əsas prinsip kimi qəbul
edilib.

Azərbaycan Prezidenti İlham Əliyev humanizm prinsiplərinə
verdiyi xüsusi önəmin digər nümunələrindən biri isə respublikamızda
əfvetmə institutunun fəaliyyətinin çevik və işlək mexanizmlər
əsasında təmin olunmasıdır. Bunun da əsas göstəricilərindən biri
törətdiyi cinayət əməlindən səmimi peşmançılıq keçirən, azad
cəmiyyətə və normal həyata qovuşmaq istəyən məhkumların əfvlə bağlı
müraciətlərinin nəzərə alınmasıdır. Həmin müraciətlər Azərbaycan
Respublikasının Prezidenti yanında Əfv Məsələləri Komissiyası
tərəfindən diqqətlə araşdırılır və cənab İlham Əliyevin bayram və
əlamətdar günlərdə ölkəmizin imzaladığı əfv sərəncamları ilə
müraciət edənlərin bir qismi cəzalarının çəkilməmiş hissəsindən tam
azad olunur və ya cəzaları azaldılır. İndiyə kimi Prezident İlham
Əliyev tərəfindən 39 əfv sərəncamı imzalanıb və nəticədə 7060 nəfər
əfv olunub. Ümumilikdə isə 1995-2025-ci illərdə imzalanmış
ümumilikdə 71 əfv fərman və sərəncamı ilə 101 min 62 nəfər məhkum
əfv olunub.

Prezident İlham Əliyevin respublikamıza rəhbərliyi dövründə
həmçinin 5 dəfə amnistiya elan olunub. Milli Məclis tərəfindən
2007-ci ildə «Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin
xatirəsinə həsr olunmuş amnistiya haqqında», 2009-cu ildə «Novruz
bayramı münasibətilə amnistiya elan edilməsi haqqında», 2013-cü
ildə «Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin 90 illik
yubileyi münasibətilə amnistiya elan edilməsi haqqında» və 2016-cı
il mayında 28 May – Respublika Günü münasibətilə amnistiya elan
edilməsi haqqında qərarlar qəbul edilmişdir. 4 amnistiya aktı
əsasında 40 mindən çox məhkum müxtəlif növ cəzalardan azad
edilmişdir. Qeyd edək ki, bu amnistiya qərarlarının təşəbbüskarı
həmin illərdə Milli Məclisin deputatı kimi fəaliyyət göstərmiş
Azərbaycanın Birinci-vitse prezidenti, Heydər Əliyev Fondunun
prezidenti Mehriban xanım Əliyevadır. Öz fəaliyyətində daim
humanizm və insanpərvərlik məfkurəsinə söykənən Mehriban xanım
Əliyevanın təşəbbüsləri amnistiyaların elan edilməsi cəmiyyətimiz
tərəfindən böyük minnətdarlıqla qarşılanmış, neçə-neçə ailəni
sevindirmişdir.

Prezident İlham Əliyevin təşəbbüsü əsasında isə 2021-ci ildə 8
Noyabr – Zəfər Günü münasibətilə amnistiya aktı elan olunub. Bu
amnistiya 17 mindən artıq şəxsə şamil edilib.

Prezident İlham Əliyevin “Konstitusiya və Suverenlik İli”
münasibətilə irəli sürdüyü amnistiya təşəbbüsü isə tətbiq ediləcəyi
şəxslərin, o cümlədən azadlıqdan məhrum etmə cəzasından azad
ediləcək məhkumların sayına görə ən böyük amnistiya aktı olacaq.
Qeyd edək ki, Prezident İlham Əliyev amnistiya elan edilməsi
təşəbbüsünü suverenliyimizin bərpasının, Konstitusiyamızın ali
hüquqi qüvvəsinin ölkəmizin bütün ərazilərində bərqərar olunmasının
xalqımızın ən böyük tarixi qələbəsi olduğunu nəzərə alaraq,
humanizm və mərhəmət ənənələrinə sadiq qalaraq, cəzadan azad
etmənin tərbiyəvi əhəmiyyətinə inanaraq, cəzadan azad olunacaq
şəxslərin qanunlara dönmədən əməl edəcəklərinə və dövlətimizin
inkişafına öz töhfələrini verəcəklərinə ümid edərək irəli
sürüb.

Dövlət başçısının təşəbbüsü əsasında hazırlanan “Konstitusiya və
Suverenlik İli” münasibətilə amnistiya elan edilməsi haqqında”
Azərbaycan Respublikası Milli Məclisinin Qərar layihəsi artıq
parlamentin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin
iclasında müzakirə olunub. Sabah isə Milli Məclisin plenar
iclasında bu məsələ müzakiriyə çıxarılacaq.

Amnistiya aktının layihəsinə əsasən Azərbaycan Respublikasının
suverenliyinin və ərazi bütövlüyünün qorunması uğrunda aparılan
döyüş əməliyyatlarında, o cümlədən Vətən müharibəsində və 2023-cü
il sentyabrın 19–20-də keçirilmiş antiterror əməliyyatında iştirak
etmiş şəxslərin, eləcə də bu əməliyyatlarda həlak olmuş və ya
xəbərsiz itkin düşmüş şəxslərin yaxın qohumlarının, mülki əhaliyə
qarşı Ermənistan Respublikasının hərbi təxribatı nəticəsində əlil
olmuş şəxslərin, habelə qadınların, 60 yaşına çatmış şəxslərin,
cinayət törədərkən yetkinlik yaşına çatmayanların və digər
şəxslərin cəzadan və ya cinayət məsuliyyətindən azad edilmələri
nəzərdə tutulur. Bununla yanaşı, layihəyə əsasən böyük ictimai
təhlükə törətməyən və ya az ağır cinayət, habelə ehtiyatsızlıqdan
cinayət törətdiklərinə görə azadlıqdan məhrumetmə cəzasına məhkum
olunmuş bir sıra şəxslər cəzadan azad olunacaq və ya cəzalarının
çəkilməmiş hissəsi azaldılacaqdır.

Bu amnistiyanın ümumilikdə 20 mindən çox şəxsə şamil ediləcəyi
gözlənilir. Bunlardan, 5 mindən çox məhkumun azadlıqdan məhrum etmə
cəzasından azad ediləcəyi, həmin cəzaya məhkum olunmuş 3 mindən
artıq şəxsin cəzasının azaldılacağı, 7 mindən çox məhkumun
azadlığın məhdudlaşdırılması cəzasından, 4 minə yaxın məhkumun
azadlıqdan məhrum etmə ilə bağlı olmayan digər cəzalardan və ya
şərti tətbiq edilmiş cəzalardan, habelə mindən çox şəxsin cinayət
məsuliyyətindən azad ediləcəyi proqnozlaşdırılır.

“Konstitusiya və Suverenlik İli” münasibətilə elan ediləcək
amnistiyaya düşəcək şəxslər dövlət və xalq qarşısında böyük mənəvi
məsuliyyət daşıyırlar. Çünki bu, onlara dövlət başçısının
göstərdiyi böyük etimaddır. Eyni zamanda bu azadlıq onlara ilk
növbədə Konstitusiyamızın ali hüquqi qüvvəsinin ölkəmizin bütün
ərazilərində bərqərar olunmasının xalqımızın ən böyük tarixi
qələbəsi olması nəzərə alınaraq veriləcək. Ona görə amnistiyanın
şamil olunduğu hər bir şəxs bu şansı, o cümlədən, dövlət və xalq
qarşısındakı məsuliyyətini düzgün dəyərləndirməlidir.

Xanlar Fətiyev,

Milli Məclisin deputatı

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir