
Bakı. Trend:
SOCAR-ın Azneft İstehsalat Birliyinin sifarişinə əsasən
“Kompleks qazma işləri” tresti tərəfindən 2025-ci il ərzində “Qərbi
Abşeron” yatağında 8 ədəd quyunu maili qazma üsulu ilə uğurla
qazılaraq yüksək hasilat göstəriciləri ilə sifarişçiyə təhvil
verilib.
Trend bu
barədə “Kompleks qazma işləri” trestinə istinadən xəbər verir.
Belə ki, yataqda yerləşən 20a saylı quyu 73°, 293 metr
inhirafla, 164 saylı quyu 75°, 480 metr inhirafla, və 159 saylı
quyu isə 78°, 287 metr inhirafla qazılıb.
Bundan əlavə, yatağın 20 saylı özülündə yerləşən yüksək maillik
bucağa malik 160, 162, 25A və 26A saylı quyular eləcə də 54 saylı
DSÖ-də yerləşən 113 saylı quyu 150–250 metr horizontal hissə
saxlanılmaqla qazılmış, zenit bucağı 85°–90° intervalında stabil
şəkildə qorunmuş və beynəlxalq standartlara uyğun tamamlanaraq
Sifarişçiyə təhvil verilmişdir.
Plan-qrafikə əsasən 162 saylı quyunun qazılması 40 günə
planlaşdırılsa da, peşəkar yanaşma nəticəsində quyu 26 gün ərzində,
99,5 % məhsuldar vaxt göstəricisi ilə qazılıb.
Həmçinin 25A saylı yan lülə quyusu SOCAR tarixində bu günə qədər
süzgəc ilə tamamlanan rekord uzunluqda açıq lüləyə (515 metr)
sahibdir. Bundan öncə açıq lüləyə süzgəc endirilməsi rekordumuz 26a
saylı quyuda olmuş və bu göstərici 473 metr təşkil edib.
Qeyd olunan quyuların profilinin mürəkkəb olmasına baxmayaraq,
KQİT-nin peşəkar komandası, məhlul, maili qazma və digər xidmət
sahəsində beynəlxalq təcrübəli podratçı təşkilatlarla əməkdaşlıq
edərək birgə uğurlara imza atıb.

