Sosial şəbəkələrdə əxlaqsız formada ifadə səsləndirən və insan bədənini göstərənlər cərimələnəcək

Baş səhifə

Bakı. Trend:

Cəmiyyətə açıqca hörmətsizlik ifadə edən hərəkətlər xırda
xuliqanlıq hesab ediləcək.

Trend-in
məlumatına görə, bu məsələ Milli Məclisin bugünkü plenar iclasında
müzakirə olunan İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi
barədə qanun layihəsində öz əksini tapıb.

Layihəyə əsasən, xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan,
cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, lakin
fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun
tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi
və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə
50 manatdan 100 manatadək
məbləğdə cərimə ediləcək, işin hallarına görə pozuntunu törədənin
şəxsiyyəti nəzərə alınmaqla bu tədbirlərin tətbiqi kifayət
sayılmadıqda 15 günədək müddətə inzibati həbs
tətbiq olunacaq.

İnternet informasiya ehtiyatında və ya
informasiya-telekommunikasiya şəbəkəsində kütləvi nümayiş
etdirildiyi halda ictimai mənəviyyatı təhqir edən,
cəmiyyətə açıqca hörmətsizlik ifadə edən
hərəkətlərin edilməsinə, yəni əxlaqsız ifadələrin səsləndirilməsinə
və ya belə məzmun təəssüratı yaradan jestlərin edilməsinə, yaxud
insan bədəninin hissələrinin əxlaq normalarına və milli-mənəvi
dəyərlərə zidd formada göstərilməsinə görə 500
manatdan 1000 manatadək məbləğdə cərimə ediləcək,
işin hallarına görə pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla
bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda 30
günədək müddətə inzibati həbs tətbiq olunacaq.




Yuxarıda nəzərdə tutulmuş xətanın inzibati tənbeh almış şəxs
tərəfindən inzibati tənbeh vermə haqqında qərar qüvvəyə mindiyi
gündən 1 il ərzində təkrar törədilməsinə görə 1000
manatdan 2000 manatadək məbləğdə cərimə ediləcək,
işin hallarına görə pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla
bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda 1
aydan 2 ayadək müddətə inzibati həbs tətbiq
olunacaq.

Yuxarıdakı üç abzasda göstərilən əməllər Cinayət Məcəlləsinin
müvafiq maddələrinə əsasən cinayət məsuliyyətinə səbəb olmadıqda
tətbiq ediləcək.

Qanun layihəsi səsverməyə qoyularaq birinci
oxunuşda
qəbul edilib.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir