
Bakı. Trend:
Qanunvericiliyə yeni “mədəni sərvətləri korlama” və “mədəni
sərvətləri məhv etmə” anlayışları daxil ediləcək.
Trend-in
məlumatına görə, bu məsələ Milli Məclisin bugünkü plenar iclasında
müzakirə olunan “Mədəniyyət haqqında” Qanunda dəyişiklik edilməsi
barədə qanun layihəsində öz əksini tapıb.
Layihəyə əsasən, anlayışlar aşağıdakı mənaları ifadə
edəcək:
- mədəni sərvətləri korlama — mədəni sərvətlərin
tarixi və mədəni dəyərinin qismən itirilməsinə, bədii-estetik
görkəminin dəyişdirilməsinə, ilkin vəziyyətinin təhrif olunmasına,
yeni quruluşa və ya qismən yararsız hala salınmasına səbəb olan
qanunsuz müdaxilələrin və ya digər qanunsuz əməllərin
törədilməsi; - mədəni sərvətləri məhv etmə — mədəni
sərvətlərin dəyərinin həmişəlik itirilməsinə və ya ilkin
vəziyyətinin bərpasının qeyri-mümkün olduğu tam yararsız hala
salınmasına səbəb olan qanunsuz olaraq dağıdılması, parçalanması,
yandırılması, partladılması və ya digər təsir üsullarının qanunsuz
tətbiq edilməsi.
Mədəni sərvətlər müvafiq icra hakimiyyəti orqanının müəyyən
etdiyi orqan (qurum) tərəfindən müəyyən olunmuş qaydada
qabaqlayıcı, konservasiya, bərpa və xüsusi mühafizə dərəcələri
tətbiq edilməklə dövlət tərəfindən qorunacaq.
Dövlət tərəfindən qorunan mədəni sərvətlərin korlanması və ya
məhv edilməsi, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi
orqanla (qurumla) razılaşdırılmadan başqa yerə köçürülməsi, eləcə
də onların toxunulmazlığını pozan və onlar üçün təhlükə yaradacaq
tikintiquraşdırma, bərpa, rekonstruksiya, konservasiya işlərinin və
ya abadlaşdırma tədbirlərinin aparılması qadağan ediləcək.
Yuxarıdakı abzas nəzərə alınmaqla, dövlət tərəfindən qorunan
mədəni sərvətlərin korlanması və ya məhv edilməsi, müvafiq icra
hakimiyyəti orqanının müəyyən etdiyi orqanla (qurumla)
razılaşdırılmadan başqa yerə köçürülməsi, eləcə də onların
toxunulmazlığını pozan və onlar üçün təhlükə yaradacaq
tikintiquraşdırma, bərpa, rekonstruksiya, konservasiya işlərinin və
ya abadlaşdırma tədbirlərinin aparılmasına yol verilməyəcək.
Qanun layihəsi səsverməyə qoyularaq birinci
oxunuşda qəbul edilib.

