
Bakı. Trend:
Mənfi təsirlər Azərbaycan cəmiyyətinə xas olmayan qeyri-ənənəvi
cinsi maraqların təbliğinə, xüsusilə yeniyetmə qızlarının öz bədən
hissələrinin əxlaq normalarına və milli-mənəvi dəyərlərə zidd
formada göstərilməsinə həvəsləndirir. Bunu sosial normaya,
cəsarətli davranışa hətta müstəqil və azad seçim tərzi kimi yalnış
təsəvvürlərin formalaşdırılmasına gətirib çıxarır.
Trend xəbər
verir ki, bunu Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu
komitəsinin üzvü Kamal Cəfərov parlamentin bugünkü plenar iclasında
İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında qanun
layihəsinin müzakirəsi zamanı deyib.
Millət vəkili bildirib ki, bu cür hallar Azərbaycan cəmiyyətinə
xas deyil, ümumilikdə milli-mənəvi dəyərlər və mədəni kodlar üçün
ciddi, struktur xarakterli təhlükə yaradır.
“Milli Məclis olaraq bu məsələnin fərqli formatda daha geniş
müzakirə etməli, Avstraliya, Danimarka, Yeni Zenlandiya, Norveç
kimi ölkələrin təcrübəsində istifadə edərək 16 yaşdan aşağı
uşaqların sosial şəbəkələrdə hesab açmasını
məhdudlaşdırmalıyıq.
Ölkəmizdə internet istifadəçilərinin əksəriyyətinin 24 yaşdan
aşağı olması, xüsusən də 10-12 yaşlı uşaqların sosial şəbəkələrə
asanlıqla çıxış imkanlarının genişlənməsi və valideyn nəzarətinin
zəifliyi, iradəsizliyi və ya şəxsi komfortu üçün bu təhlükəni böyük
bir riskə çevirir.
Biz hələ bu məsələnin milli ideologiya çərçivəsində yaratdığı
riskləri danışmırıq. Xahiş edirəm ki, müvafiq komitələrin və dövlət
qurumlarının iştirakı ilə ictimai müzakirənin keçirilməsi və
yekunda hesabatın qəbul edilməsi məsələsinə baxılsın”, – deyə o
qeyd edib.

