Elektron siqaretlər: Gənclər üçün gizli və strateji sağlamlıq riski – RƏY

Baş səhifə

Bakı. Trend:

Elektron siqaretlər və enerji içəcəkləri ilə bağlı müzakirələrdə
çox vaxt diqqət yalnız nikotinin, kafeinin və ya ayrı-ayrı kimyəvi
maddələrin birbaşa zərərinə yönəlir. Halbuki problemin mahiyyəti
daha dərindir və daha təhlükəlidir.

Bu fikirləri Trend-ə açıqlamasında Milli Məclisin Səhiyyə
komitəsinin sədr müavini Rəşad Mahmudov deyib.

Sədr müavini vurğulayıb ki, əsas təhlükə təkcə bu maddələrin
toksik təsiri deyil, ticari məqsədlərlə insanlarda alışqanlıq və
asılılıq yaradan mexanizmin qurulmasıdır. Çünki asılılıq
yarandıqdan sonra zərər artıq birbaşa deyil, dolayı və çoxşaxəli
şəkildə ortaya çıxır.

“Məsələn, enerji içkiləri ilə bağlı aparılan araşdırmalar
göstərir ki, problem yalnız kafeinin ürək ritminə və ya sinir
sisteminə təsiri ilə məhdudlaşmır. Bu içkilərin davamlı istifadəsi,
asılılıq yaratmaq məqsədilə formalaşdırılmış tərkibinə görə, insanı
getdikcə daha çox istehlaka sürükləyir. Nəticədə əsas zərər yüksək
şəkər miqdarı üzərindən ortaya çıxır. Bu isə metabolik sindromun
formalaşmasına, ardınca isə ürək-damar xəstəlikləri, insult, diabet
və bəzi xərçəng növlərinin yaranmasına aparan ciddi etioloji zəncir
yaradır”.

Millət vəkili bildirib ki, elektron siqaretlərdə də vəziyyət
fərqli deyil:

“Tüstüsüz”, “rəngsiz”, “az zərərli” kimi reklam məqsədli təqdim
olunan bu vasitələrin içərisinə müxtəlif maddələrin əlavə edilməsi
və bu maddələrin yanma zamanı kimyəvi olaraq dəyişməsi ciddi və
bəzən aşkarlanması çətin risklər yaradır. Kütləvi istehsal
prosesində tərkibə nəzarətin zəifləməsi hallarında, hətta
psixoaktiv və narkotik təsirli maddələrin əlavə olunması ehtimalı
belə mövcuddur. Bu isə həm gizli asılılıq, həm də uzunmüddətli
sağlamlıq fəsadları deməkdir.




Qısaca desək, asılılıq və alışqanlıq yaradan hər bir vasitə,
xüsusilə gənclər üçün strateji təhlükədir. Çünki gənc orqanizm və
formalaşmaqda olan davranış modelləri bu cür təsirlərə daha
açıqdır”.

R.Mahmudovun sözlərinə görə, digər tərəfdən, tibbin inkişafı və
müalicə imkanlarının artması ilə paralel olaraq, xəstəliklərin
artması müəyyən kommersiya subyektləri üçün iqtisadi maraq sahəsinə
çevrilir.

“Bu reallıq bizi bir həqiqətlə üz-üzə qoyur. Sağlam cəmiyyət
yalnız müalicə edən səhiyyə ilə deyil, həm də xəstəliyin qarşısını
alan mexanizmlə qurulur.

Bəli, 100–200 il əvvəl siqaret ilk dəfə ortaya çıxanda bu qədər
elmi məlumat yox idi. Amma bu gün bizdə var. Bu biliklər
hökumətləri yeni yaranan təhlükələrə qarşı daha çevik, daha
qətiyyətli və daha məsuliyyətli qərarlar verməyə məcbur edir.

Bu artıq seçim məsələsi deyil, bu, gələcək nəsillərin sağlamlığı
ilə bağlı məsuliyyətdir”, – deyə o fikrini yekunlaşdırıb.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir