
Bakı. Trend:
Avropa Parlamenti uzun illərdir Azərbaycana qarşı qərəzli və
qeyri-obyektiv mövqe nümayiş etdirir, ölkəmizə qarşı əsassız
ittihamlar və birtərəfli fikirlər səsləndirir. Son günlər Avropa
Parlamentində keçirilən müzakirələr zamanı da bu qərəzli yanaşma
növbəti dəfə açıq şəkildə ortaya qoyulub ki, bu da siyasi
simasızlığın və riyakarlığın bariz nümunəsidir.
Bu fikirləri Trend-ə açıqlamasında Milli Məclisin deputatı Afət
Həsənova deyib.
Deputat qeyd edib ki, Azərbaycanın son illərdə əldə etdiyi
siyasi, iqtisadi və hərbi uğurlar, həmçinin regionda
formalaşdırdığı yeni geosiyasi reallıqlar müəyyən dairələri ciddi
şəkildə narahat edir. Onun sözlərinə görə, Avropa Parlamentində
qəbul edilən qərəzli və birtərəfli qətnamələr də məhz bu
narahatlığın nəticəsidir və həmin sənədlər Avropa Parlamentinin
müstəqil mövqedən deyil, müxtəlif maraq qruplarının, xüsusilə
erməni lobbisinin sifarişləri əsasında hərəkət etdiyini açıq
şəkildə nümayiş etdirir.
A.Həsənova vurğulayıb ki, Avropa Parlamenti bu cür addımlarla öz
məkirli niyyətini gizlədə bilmir və fəaliyyət çərçivəsindən kənara
çıxaraq siyasi alətə çevrildiyini bir daha təsdiqləyir. Onun
sözlərinə görə, Azərbaycan regionda dayanıqlı sülhün bərqərar
olması üçün real və konstruktiv təşəbbüslər irəli sürür, bu
istiqamətdə ardıcıl və məqsədyönlü addımlar atır.
“Əgər Avropa Parlamenti doğrudan da insan hüquqlarını,
demokratiyanı, sülhü və əmin-amanlığı qoruyan obyektiv beynəlxalq
platforma olsaydı, Azərbaycana qarşı qərəzli qətnamələr qəbul etmək
əvəzinə ölkəmizin regionda sülh və sabitliyin təmin olunması
istiqamətində atdığı addımlara dəstək verməli, bu fəaliyyəti yüksək
qiymətləndirməli idi. Təəssüf ki, Avropa Parlamenti beynəlxalq
təşkilat statusundan daha çox müxtəlif dairələrin əlində siyasi
təzyiq alətinə çevrilib”.
Deputat əlavə edib ki, Azərbaycan hər zaman müstəqil, prinsipial
və milli maraqlara əsaslanan siyasət yürüdüb və heç vaxt heç bir
xarici mərkəzin diktəsi ilə fəaliyyət göstərməyib. Onun sözlərinə
görə, məhz bu müstəqil siyasəti qəbul edə bilməyən dairələr Avropa
Parlamentindən vasitə kimi istifadə edərək ölkəmizə qarşı
təzyiqləri artırmağa, eyni zamanda Azərbaycan əleyhinə qarayaxma
kampaniyasını daha da genişləndirməyə çalışırlar.
“Lakin bütün bu cəhdlər nəticəsiz qalacaq. Çünki Azərbaycan
güclü dövlətdir, öz milli maraqlarını qətiyyətlə qoruyur və bu kimi
siyasi kampaniyalar hər zaman olduğu kimi növbəti dəfə də iflasa
uğrayacaq”, – deyə Afət Həsənova qeyd edib.

