
Bakı.Trend:
İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin (İRİA) təşəbbüsü ilə
texnopark rezidenti olan 100-dən çox şirkətin nümayəndələri ilə
görüş keçirilib.
Trend xəbər
verir ki, görüş əsnasında texnopark fəaliyyətinin mövcud vəziyyəti
müzakirə edilib, gələcək inkişaf planları haqqında məlumat verilib,
İKT məhsullarının ixrac imkanları üzrə fikir mübadiləsi aparılıb və
rezidentlər arasında əməkdaşlığın gücləndirilməsi məqsədilə
şəbəkələşmə sessiyası təşkil edilib.
Tədbiri giriş sözü ilə açan İRİA-nın İdarə Heyətinin sədri Fərid
Osmanov rəhbərlik etdiyi qurumun əsas fəaliyyət istiqamətləri,
texnoparkların bu strategiyada rolu və rezidentlərlə qurulan
tərəfdaşlıq modeli barədə məlumat verib:
“İRİA olaraq məqsədimiz texnopark rezidentlərinin şəbəkəsini
daha da genişləndirmək, rezidentlərin biznes tərəfdən inkişafına
real dəstək göstərmək və xüsusilə də yerli İKT məhsullarının ixrac
potensialını təşviq etməkdir. Bu yanaşmanın nəticələrini artıq
konkret statistikada da görürük. Texnopark rezidentlərinin sayı
2023-cü ildə 70 olduğu halda, 2024-cü ildə bu rəqəm 118-ə yüksəlib,
2025-də isə artıq 163 şirkət texnoparkımızın rezidentidir”.
İRİA-nın Texnoparklarla iş şöbəsinin müdiri Elvin Hacıyev
texnopark fəaliyyətinin mövcud vəziyyəti, əldə olunmuş nəticələr və
qarşıdakı dövr üçün planlar barədə təqdimatla çıxış edib.
Təqdimatda rezidentlərlə əməkdaşlığın gücləndirilməsi, icma
yanaşmasının formalaşdırılması və texnoparkların ölkə
iqtisadiyyatında real dəyər yaradan biznes platformasına çevrilməsi
əsas istiqamətlər kimi qeyd olunub.
Agentliyin İqtisadi təhlil şöbəsinin müdiri, iqtisad elmləri
üzrə fəlsəfə doktoru Cavid Süleymanlı İKT sənayesinin
iqtisadiyyatda rolu, qlobal tendensiyalar və Azərbaycan üçün mövcud
ixrac imkanları, müxtəlif ölkələr üzrə bazar araşdırmaları barədə
analitik təqdimat edərək, İKT üzrə ixrac dinamikasının
artırılmasının ölkənin qeyri-neft sektorunun inkişafında mühüm
əhəmiyyət daşıdığını vurğulayıb.
Tədbir çərçivəsində “Azərbaycanda İKT sənayesi və ixrac
təcrübəsi” mövzusunda panel sessiyası da keçirilib. Yekunda
texnopark rezidentlərinin iştirakı ilə şəbəkələşmə sessiyası baş
tutub.
Qeyd edək ki, texnopark rezidentliyi çərçivəsində tətbiq olunan
mənfəət vergisi, dividend gəlirləri, əmlak və torpaq vergiləri üzrə
tətbiq olunan güzəştlər, eləcə də gəlir vergisi və sosial sığorta
mexanizmlərinin sadələşdirilməsi biznes subyektlərinin maliyyə
dayanıqlığını gücləndirir və onların daha sürətli inkişafına
əlverişli şərait yaradır. Sözügedən imtiyazlar bütövlükdə ölkədə
innovasiyaya əsaslanan və rəqabətqabiliyyətli biznes mühitinin
formalaşmasına və inkişafına mühüm töhfə verir.

