
Bakı. Trend:
Özünü təhsil eksperti adlandıranların çoxu təhsil sahəsində
ödənişli xidmət göstərən biznesmenlərdir.
Bunu Trend-ə
müsahibəsində Dövlət İmtahan Mərkəzinin İdarə Heyətinin sədri
Məleykə Abbaszadə bildirib.
Onun sözlərinə görə, özünü ekspert olmaq üçün həmin sahədə azı,
on illik praktik təcrübə olmalı, sıravi işdən başlayaraq müəyyən
pillələr keçilməlidir:
“Ekspert bu sahədə konkret fəaliyyət göstərən şəxslərdir. Əgər
söhbət təhsildən gedirsə, bu şəxs ya dərs deməli, ya təhsilin
idarəetmə orqanlarında çalışmalı, ya da bu sahədə elmi
araşdırmalarla məşğul olmalı, məqalələri olmalıdır. Ən azı, on
illik praktik təcrübəyə malik olmalı, sıravi işdən başlayaraq
müəyyən pillələri keçməlidir. Yalnız bu halda kiminsə özünü
“ekspert” adlandırması əsaslı olar.
Amma hazırda bu sahədə kimləri görürük? Əksəriyyəti təhsil
sahəsində pullu xidmət göstərən şəxslərdir. Qeyd edim ki, pullu
xidmət göstərmək qanunvericiliyə zidd deyil və bu, mümkündür. Lakin
bu şəxslər ekspert yox, biznesmenlərdir. Biznesin isə öz qaydaları
var – məqsəd gəlir əldə etməkdir. Təəssüf ki, bəzi hallarda bu
gəlir uğrunda qarşı tərəfə qarayaxma kampaniyaları aparılır, şəxsi
piar edilir. Bu cür yanaşma etik və sağlam olmasa da, reallıqdır.
Amma unutmaq olmaz ki, biznesdə etik olmayan davranışlar gec-tez
ortaya çıxır”.
Məleykə Abbaszadə qeyd edib ki, “təhsil eksperti” kimi
tanınanların əksəriyyəti əslində, biznes sahəsində olan
insanlardır:
“Onlar özlərini ekspert kimi təqdim edirlər, amma elmi və
praktik baza baxımından bu rola uyğun deyillər. Əvəzində, insanlara
yanlış və populist fikirlər aşılayırlar.
Bəs insanlar niyə rəsmi qurumlara və səlahiyyətli şəxslərə yox,
belə şəxslərə etimad göstərirlər? Səbəblərdən biri odur ki,
kimlərəsə uğur qazanmadığı zaman səbəbi özlərində deyil, sistemdə
axtarmaq daha rahat gəlir. Heç kim imtahana yaxşı hazırlaşmadığını
qəbul etmək istəmir. Əvəzində “imtahan çətin idi”, “suallar
proqramdan kənar idi” kimi arqumentlər səsləndirirlər.
Özlərini “ekspert” adlandıranlar da məhz bu mifləri hazırlayıb
cəmiyyətə ötürürlər. İctimaiyyət isə bu mifləri tez qəbul edir,
çünki eşitmək istədiklərinə daha çox qulaq asır. Lakin biz məsələni
obyektiv araşdırıb real vəziyyəti təqdim edəndə bu, bəzilərinin
xoşuna gəlmir. Düşünən insanlar reallığı qəbul edir, amma bəziləri
uğursuzluğunu sistemlə əlaqələndirirlər.
Bu şəxslərin cəmiyyətdə tanınması və ictimai nüfuz əldə
etməsinin arxasında dərin bilik və peşəkar bacarıqlar deyil,
məqsədyönlü piar kampaniyaları dayanır. Əlbəttə, piar vacibdir,
lakin dövlət qurumunun fəaliyyətinə müdaxilə etmək, qeyri-qanuni
yollara əl atmaq və paralel olaraq özünü bu sahənin mütəxəssisi
kimi təqdim etmək nə etik, nə də mənəvi baxımdan
qəbulolunandır”.

