
Bakı. Trend:
“Türk dövlətlərinin dezinformasiya ilə mübarizə üzrə Forumu”
çərçivəsində Azərbaycan Respublikasının Medianın İnkişafı
Agentliyinin İcraçı direktoru Əhməd İsmayılov ilə Türkiyə
Prezidenti Administrasiyasının İctimaiyyətlə Əlaqələr
Departamentinin rəhbəri Burhanettin Duran arasında ikitərəfli görüş
keçirilib.
Trend xəbər
verir ki, bu barədə Medianın İnkişafı Agentliyi məlumat yayıb.
Görüş zamanı vurğulanıb ki, Azərbaycan ilə Türkiyə arasında
media sahəsində formalaşmış strateji tərəfdaşlıq dezinformasiya ilə
mübarizə istiqamətində ardıcıl və məqsədyönlü şəkildə inkişaf
etdirilir.
Qeyd olunub ki, müasir informasiya mühitində saxta və
manipulyativ məzmunların sürətlə yayılması ictimai rəyə və regional
sabitliyə ciddi təsir göstərir, bu isə türk dövlətləri arasında
koordinasiyalı, institusional və davamlı əməkdaşlığın
gücləndirilməsini zəruri edir. Bu kontekstdə Türkiyə–Azərbaycan
Media Platformasının birgə fəaliyyət, operativ informasiya
mübadiləsi və vahid mövqenin formalaşdırılması baxımından effektiv
mexanizm olduğu xüsusi olaraq diqqətə çatdırılıb.
Eyni zamanda bildirilib ki, informasiya axınlarının
intensivləşdiyi şəraitdə media sahəsində təcrübə mübadiləsinin
genişləndirilməsi, qarşılıqlı dialoqun dərinləşdirilməsi və peşəkar
əməkdaşlığın təşviqi mühüm əhəmiyyət kəsb edir. Media və
kommunikasiya sahəsində mövcud çağırışların müzakirəsi, praktik
həll yollarının müəyyənləşdirilməsi və birgə yanaşmaların
formalaşdırılmasının gələcəkdə daha da intensiv şəkildə həyata
keçiriləcəyinə əminlik ifadə edilib.

