
Bakı. Trend:
Dövlət Dəniz və Liman Agentliyində dənizçilər üçün təşkil olunan
“Açıq qapı” günündə qurumun rəhbər heyəti iştirak edib. Tədbirdə
Agentliyin son illərdə həyata keçirdiyi və növbəti il ərzində
planlaşdırdığı islahatlar və yeniliklər barədə iştirakçılara
ətraflı məlumat verilib.
Ünvanlanan suallara cavab olaraq qeyd edilib ki, dənizçilərə
sertifikatların (diplomların), həmçinin xüsusi hazırlıq
şəhadətnamələrinin verilməsi və yenilənməsi ilə bağlı Agentlikdə
keçirilən imtahan sualları Beynəlxalq Dəniz Təşkilatının müvafiq
model kurslarının tövsiyələri nəzərə alınmaqla vəzifələr,
səviyyələr və funksiyalar üzrə peşəkar mütəxəssislər tərəfindən
hazırlanıb. Suallar Agentliyin müvafiq Əmri ilə yaradılmış
Komissiya tərəfindən yoxlanılaraq imtahan proqramına daxil
edilir.
Eyni zamanda yaxın gələcəkdə dənizçilik təhsil müəssisəsində
dənizçilik ixtisasları üzrə proqramlara yenidən baxılacaq.
Beynəlxalq və milli qanunvericiliyin tələbləri nəzərə alınmaqla
ixtisas fənlərinə ayrılan tədris saatlarının miqdarı
artırılacaq.
Həmçinin bildirilib ki, dənizçilərin məmnunluğunun daha da
artırılması üçün növbəti ildə də bir sıra yeniliklər həyata
keçiriləcək. Belə ki, dənizçinin şəxsi kabinetinin yaradılması,
bəzi xüsusi hazırlıq proqramları əsasında onlayn təlimlərin
təşkili, dənizçilərə verilən sertifikatların (diplomların), xüsusi
hazırlıq şəhadətnamələrinin elektron formada şəxsi kabinetdə
yerləşdirilməsi kimi tədbirlər nəzərdə tutulur.
Qeyd olunub ki, müvafiq sahəni tənzimləyən qanunvericiliyin
tələbləri nəzərə alınmaqla dənizçilərin təhsili, təlimi və
sertifikatlaşdırılması ilə bağlı islahatların mərhələli şəkildə
icrası yaxın gələcəkdə öz müsbət nəticələrini verəcək.

