
Bakı. Trend:
Azərbaycan Televiziyası bu il iki mühüm tarix – Azərbaycan
radiosunun 100, Azərbaycan televiziyasının isə 2026-cı ildə qeyd
olunacaq 70 illik yubileyi münasibətilə Yeni il gecəsinə xüsusi
buraxılış hazırlayıb.
31 dekabr saat 21:00-da başlayacaq bayram proqramı yalnız
konsert deyil, Azərbaycan musiqisinin qızıl fonduna səyahət
olacaq.
Klassik estrada ifalarından tutmuş müasir hitlərə qədər müxtəlif
janrlarda təqdim ediləcək çıxışlar pop-simfonik orkestrin müşayiəti
ilə tamaşaçılara təqdim ediləcək.
Proqramda 80-dən çox musiqi nömrəsi, 46 tanınmış ifaçı çıxış
edəcək.
Gecənin ən diqqətçəkən məqamlarından biri Azərbaycan musiqi
səhnəsinin korifeyləri – Xalq artistləri Zeynəb Xanlarova, Flora
Kərimova, Mübariz Tağıyev və Polad Bülbüloğlunun səhnəyə çıxışı
olacaq.
Eyni zamanda 2009-cu ildə “Avroviziya”da Azərbaycanı təmsil
etmiş Aysel Teymurzadə uzun fasilədən sonra Yeni il gecəsi
tamaşaçıların qarşısında olacaq. Bu onun səhnəyə qayıtdıqdan sonra
AzTV-də ilk çıxışı olacaq.
Gecədə Flora Kərimova və Samir Bağırovun “Ölmədən əvvəl”
duetinin televiziya premyerası baş tutacaq.
Layihənin rejissoru Elnur Məmmədov, səhnə rejissoru Tərlan
Tağıyev, layihə rəhbəri isə Nazilə Babayevadır.
Link keçiddə: https://youtu.be/5jY8easCzjU

