
Bakı. Trend:
18-19 dekabr 2025-ci il tarixlərində Cenevrədə Xəzəryanı
dövlətlərin ətraf mühit nazirlərinin qərarı ilə “Xəzər dənizinin
dəniz ətraf mühitinin mühafizəsi haqqında” Çərçivə Konvensiyasının
Katibliyinin təşkili üzrə sənəd layihələrinin hazırlanması
məqsədilə yaradılmış Xüsusi qrupun ikinci iclası keçirilib.
XİN-dən Trend-ə bildirilib
ki, konvensiyanın müvəqqəti Katibliyi kimi fəaliyyət göstərən
BMT-nin ətraf Mühit Proqramının Avropa Regional Ofisi tərəfindən
təşkil olunan görüşdə Azərbaycan Respublikası, İran İslam
Respublikası, Qazaxıstan Respublikası, Rusiya Federasiyası və
Türkmənistanın nümayəndə heyətləri iştirak ediblər.
Azərbaycan Respublikasının nümayəndə heyətinə xarici işlər
nazirinin müavini Samir Şərifov rəhbərlik edib.
Azərbaycan tərəfinin sədrliyi ilə keçirilən iclasda
Konvensiyanın Katibliyinin təşkili üzrə konseptual əsasların
müzakirəsi davam etdirilib.
Tərəflər Katibliyin Xəzər dənizi regionunda yerləşdirilməsinin
institusional mexanizmlərinə dair məsələlər ətrafında fikir
mübadiləsi aparıblar.
Görüş çərçivəsində, Konvensiyanın müvəqqəti Katibliyi Xəzər
dənizinin səviyyəsinin dəyişməsi ilə bağlı Fəaliyyət Planı
layihəsinin müzakirələrinin gedişatı barədə tərəflərə məlumat
verib.

