
Bakı. Trend:
Yunanıstan, Bolqarıstan, Rumıniya, Moldova və Ukraynanın enerji
sahəsində milli tənzimləyici orqanları nəqliyyat gücləri üzrə yeni
məhsulları — “Route 2” və “Route 3″ü rəsmi olaraq təsdiqləyiblər.
Bu addım Ukrayna üçün regional qaz əlaqəliliyinin gücləndirilməsi
və tədarük təhlükəsizliyinin artırılması baxımından mühüm
mərhələdir.
Trend xəbər verir
ki, bu barədə Yunanıstan–Bolqarıstan interkonnektorunun (IGB)
operatoru olan “ICGB” şirkətinin məlumatında bildirilir.
Qəbul edilən qərarlar Ukraynaya təbii qazın iki şaxələndirilmiş
mənbədən tədarükünü təmin edir:
– Aleksandrupolis FSRU üzən terminalından mayləşdirilmiş təbii
qazın (MTQ) IGB qaz kəməri vasitəsilə çatdırılması;
– Transadriatik Qaz Kəməri (TAP) ilə nəql edilən Xəzər
borukəməri qazının IGB vasitəsilə nəqli
Dekabrın 22-də bütün yeni güc məhsulları — Routes 1, 2 və 3 —
eyni vaxtda və rəqabət əsaslı şəkildə Regional Rezervasiya
Platformasında (Regional Booking Platform, RBP) təklif olunacaq.
Bazar iştirakçıları bütün dəhliz boyunca paketlənmiş güclərə şəffaf
və bazar prinsiplərinə əsaslanan çıxış əldə edəcəklər. Rəqabət
qabiliyyətinin artırılması və “ICGB”dən istifadənin təşviqi
məqsədilə şirkət bu güclər üzrə standart aylıq tarifə 46 faiz
endirim tətbiq edəcək.
Qeyd edək ki, IGB Yunanıstanın milli qaz nəqliyyat sistemi
(DESFA S.A.) və Trans-Adriatik qaz kəməri (TAP AG) ilə Komotini
(Yunanıstan) bölgəsində, həmçinin, Bolqarıstanın qaz nəqliyyat
sistemi (Bulgartransgaz EAD) ilə Stara-Zaqora bölgəsində
birləşdirilib.
Qaz kəmərinin ümumi uzunluğu 182 km, borunun diametri 32
düymdür. Layihə gücü ildə 3 milyard kubmetr qazın
Yunanıstan-Bolqarıstan istiqamətində nəqlini nəzərdə tutur, bazar
marağı və qonşu qaz nəqliyyat sistemlərinin imkanlarından asılı
olaraq bu həcm illik 5 milyard kub metrə qədər artırıla bilər.

