
Bakı. Trend:
Naxçıvan Vəkillər Kollegiyası Rəyasət Heyətinin səlahiyyətləri
artırılacaq.
Trend-in
məlumatına görə, bu məsələ Ali Məclisin dekabrın 19-da keçirilən
plenar iclasında müzakirə olunan “Naxçıvan Muxtar Respublikasının
Vəkillər Kollegiyası haqqında” Qanunda dəyişiklik edilməsi barədə
qanun layihəsində öz əksini tapıb.
Layihəyə əsasən, Vəkillər Kollegiyasının Rəyasət
Heyəti:
- Vəkillər Kollegiyası üzvlərinin ümumi yığıncağını çağırır və
onun qərarlarının icrasını təşkil edir; - Vəkillər Kollegiyasının üzvlüyünə qəbul olunma məsələsini həll
edir, bu Qanunun 9-cu maddəsində nəzərdə tutulmuş qaydada vəkillik
fəaliyyətinə xitam verilməsi ilə bağlı səlahiyyətləri həyata
keçirir, vəkil reyestrinin aparılmasında iştirak edir; - dövlət hesabına hüquqi yardım göstərən vəkillərin növbətçilik
siyahılarını təsdiq edir və aidiyyəti dövlət orqanlarına
(qurumlarına) təqdim edir; - Vəkillərin İxtisas Komissiyasının vəkil üzvlərini təyin
edir; - ixtisas imtahanının qaydasını və onun keçirilməsinin
dövriliyini (ildə bir dəfədən az olmayaraq) müəyyən edir; - vəkilləri həvəsləndirmə qaydasını müəyyən edir və vəkillərin
həvəsləndirilməsini həyata keçirir; - vəkillər barəsində intizam icraatı başlayır və bu Qanundə
nəzərdə tutulmuş qaydada intizam tənbehi tətbiq edir; - vəkillər arasında qanunvericilik və məhkəmə təcrübəsi sahəsində
məlumatlandırma işinin aparılmasını təşkil edir; - Vəkillər Kollegiyası Rəyasət Heyəti aparatının strukturunu,
ştat cədvəlini, xərclər smetasını və işçilərin əməkhaqqını təsdiq
edir; - Vəkillər Kollegiyası orqanlarının qəbul etdikləri qərarların
icrasının təmin edilməsi ilə bağlı vəkil qurumlarının və fərdi
qaydada fəaliyyət göstərən vəkillərin fəaliyyətinin azı üç ay
müddətində monitorinqini aparır, onların nəticəsində aşkar edilmiş
nöqsanların aradan qaldırılması üzrə qərarlar qəbul edir; - vəkilliyə qəbul üzrə imtahanda iştirak haqqının məbləğini
müəyyən edir; - Vəkillər Kollegiyasına daxil olmuş vəsaitlərin xərc
istiqamətlərini müəyyən edir; - Vəkillər Kollegiyası üzvlərinin ümumi yığıncağının müəyyən
etdiyi qaydalara əsasən vəkilin müraciəti əsasında onun müəyyən
dövr üzrə üzvlük haqqından azad edilməsi və ya müəyyən dövr üzrə
üzvlük haqqının azaldılması barədə qərar qəbul edir; - vəkillərin fəaliyyətində “Cinayət yolu ilə əldə edilmiş əmlakın
leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı
mübarizə haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinin
pozuntusu halını aşkar edərsə, həmin Qanuna müvafiq olaraq
tədbirlər görür; - bu Qanun və öz Nizamnaməsində nəzərdə tutulmuş digər məsələləri
həll edir.
Mövcud qanunvericiliyə əsasən, üzvlərinin üçdə ikisi iştirak
etdikdə Rəyasət Heyətinin iclasları səlahiyyətlidir. Rəyasət
Heyətinin iclaslarında qərarlar sadə səs çoxluğu ilə qəbul
edilir.
Layihəyə əsasən, səslər bərabər olduqda Vəkillər Kollegiyası
Rəyasət Heyətinin iclasına sədrlik edənin səsi həlledici
olacaq.

