“Təhsil ekspertləri” mifi: Biznes, ictimai nüfuz oyunu və real vəziyyət – Məleykə Abbazsadə gündəmlə bağlı açıqlamalar verib

Baş səhifə

Bakı. Trend:

Son günlər ciddi müzakirələrə səbəb olan bir məsələ gündəmdədir:
Buraxılış imtahanlarında texniki vasitələrlə imtahan prosesinə
müdaxilə cəhdləri və bunun fonunda özünü “təhsil eksperti” kimi
təqdim edən şəxsin məsuliyyətə cəlb olunması. Məsələ ilə bağlı
Dövlət İmtahan Mərkəzinin sədri Məleykə Abbaszadə Trend-ə geniş müsahibə
verib. Müsahibədə baş verənlərin səbəbləri, sistemin təhlükəsizliyi
və ictimai münasibətin formalaşmasında rol oynayan amillərə
toxunmağa çalışdıq.

Məleykə Abbaszadə bildirib ki, Dövlət İmtahan Mərkəzinin adının
kriminal xronikada səslənməsi arzuolunmaz haldır:

“Təəssüf ki, bizdən asılı olmayan səbəblərdən belə bir hal baş
verdi. Mən hər dəfə çıxışlarımda qeyd etmişəm ki, sistem
intellektual səviyyədə özü-özünü qoruyur. Qurulan sistem və
texnoloji dövrə hər mərhələdə özünü yoxlayır.

Dövlət İmtahan Mərkəzi həmişə təhlükəsizliyi qoruyub və əsas
məqsədimiz imtahanların ədalətli təşkili, hamının eyni şəraitdə,
eyni vəziyyətdə, eyni suallara cavab verə bilməsidir. Yəni heç
kimin süni üstünlüyü olmamalıdır. Bu, eyni zamanda bir mədəniyyət
məsələsidir.

Məsələn, dərsdə kimsə kimdənsə köçürəndə, valideynlər və
müəllimlər bəzən buna barmaqarası yanaşır. Təəssüf ki, biz hələ
gənclərdə bu mədəniyyəti formalaşdıra bilməmişik. Əgər sən kiməsə
köçürmək imkanı yaradırsansa, əslində ona yaxşılıq etmirsən. Bu,
saxtakarlıqdır. Eyni zamanda, bəzi insanlarda illüziya yaranır ki,
bu yollarla uğur qazanmaq olar”.

DİM sədri qeyd edib ki, uşaqlarda imtahan mədəniyyəti
formalaşdıra bilmək vacib məsələdir:

“Bu cür hallar baş verəndə düşünürəm: Necə etmək olar ki,
gənclərdə düzgün yanaşma formalaşsın, bəzi hərəkətlərinin düz
olmadığını dərk etsinlər? Çox zaman valideynlər özləri bu davranışı
təşviq edirlər. Məsələn, imtahan binasının qarşısında uşaqlara
“mehriban olun, bir-birinizə kömək edin” deyirlər. Bu, adi hal kimi
qəbul edilir. Amma sonra kimsə bir bal çatmadığı üçün qəbul
olmayanda hamı bu vəziyyəti ədalətsizlik adlandırır. Bəs bu
ədalətsizliyi kim formalaşdırır? Kim başlayır?

İkinci məsələ təhsillə bağlı məlumatların mediada işıqlandırılma
formatıdır. Biz kütləvi prosesləri idarə edirik – yüz minlərlə
insan imtahanlarda iştirak edir. Onların valideynləri, ən yaxın
qohumları da nəzərə alınarsa, təsəvvür edin nə qədər insan bu
məlumatlara həssas yanaşır.

Hər hansı hadisə baş verdikdə, biz real və şəffaf müzakirələrə
açığıq. Bizə edilən heç bir müraciət diqqətdən kənarda qalmır.
Onlara vaxtında cavab veririk. Təəssüf ki, bəzən bir problem
yaşandıqda insanlar birbaşa bizə müraciət etmək əvəzinə, mediada və
sosial şəbəkələrdə özlərini “təhsil eksperti” kimi təqdim edən
şəxslərə üz tuturlar”.

Özünü təhsil eksperti adlandıranların çoxu təhsil
sahəsində ödənişli xidmət göstərən biznesmenlərdir

Məleykə Abbazsadə “təhsil eksperti” anlayışının mahiyyətini də
izah edib:

“Təhsil ekspertləri, ümumiyyətlə, kimlərdir? Ekspert bu sahədə
konkret fəaliyyət göstərən şəxslərdir. Əgər söhbət təhsildən
gedirsə, bu şəxs ya dərs deməli, ya təhsilin idarəetmə orqanlarında
çalışmalı, ya da bu sahədə elmi araşdırmalarla məşğul olmalı,
məqalələri olmalıdır. Ən azı, on illik praktik təcrübəyə malik
olmalı, sıravi işdən başlayaraq müəyyən pillələri keçməlidir.
Yalnız bu halda kiminsə özünü “ekspert” adlandırması əsaslı
olar.

Amma hazırda bu sahədə kimləri görürük? Əksəriyyəti təhsil
sahəsində pullu xidmət göstərən şəxslərdir. Qeyd edim ki, pullu
xidmət göstərmək qanunvericiliyə zidd deyil və bu, mümkündür. Lakin
bu şəxslər ekspert yox, biznesmenlərdir. Biznesin isə öz qaydaları
var – məqsəd gəlir əldə etməkdir. Təəssüf ki, bəzi hallarda bu
gəlir uğrunda qarşı tərəfə qarayaxma kampaniyaları aparılır, şəxsi
piar edilir. Bu cür yanaşma etik və sağlam olmasa da, reallıqdır.
Amma unutmaq olmaz ki, biznesdə etik olmayan davranışlar gec-tez
ortaya çıxır.

Bizdə “təhsil eksperti” kimi tanınanların əksəriyyəti əslində
biznes sahəsində olan insanlardır. Onlar özlərini ekspert kimi
təqdim edirlər, amma elmi və praktik baza baxımından bu rola uyğun
deyillər. Əvəzində, insanlara yanlış və populist fikirlər
aşılayırlar.

Bəs insanlar niyə rəsmi qurumlara və səlahiyyətli şəxslərə yox,
belə şəxslərə etimad göstərirlər? Səbəblərdən biri odur ki,
kimlərəsə uğur qazanmadığı zaman səbəbi özlərində deyil, sistemdə
axtarmaq daha rahat gəlir. Heç kim imtahana yaxşı hazırlaşmadığını
qəbul etmək istəmir. Əvəzində “imtahan çətin idi”, “suallar
proqramdan kənar idi” kimi arqumentlər səsləndirirlər”.

DİM sədrinin sözlərinə görə, özlərini “ekspert” adlandıranlar da
məhz bu mifləri hazırlayıb cəmiyyətə ötürürlər. İctimaiyyət isə bu
mifləri tez qəbul edir, çünki eşitmək istədiklərinə daha çox qulaq
asır:

“Lakin biz məsələni obyektiv araşdırıb real vəziyyəti təqdim
edəndə bu, bəzilərinin xoşuna gəlmir. Düşünən insanlar reallığı
qəbul edir, amma bəziləri uğursuzluğunu sistemlə
əlaqələndirirlər.

Bu şəxslərin cəmiyyətdə tanınması və ictimai nüfuz əldə
etməsinin arxasında dərin bilik və peşəkar bacarıqlar deyil,
məqsədyönlü piar kampaniyaları dayanır. Əlbəttə, piar vacibdir,
lakin dövlət qurumunun fəaliyyətinə müdaxilə etmək, qeyri-qanuni
yollara əl atmaq və paralel olaraq özünü bu sahənin mütəxəssisi
kimi təqdim etmək nə etik, nə də mənəvi baxımdan
qəbulolunandır”.

İmtahanlara müdaxilə cəhdi əvvəlki illərdə də olub və
müvafiq tədbirlər görülüb

Məleykə Abbaszadə bildirib ki, imtahanlarda texniki vasitələrdən
istifadə, saxtakarlıq cəhdləri həmişə olur:

“Bu cür hallar həmişə olub. Bizim cəmiyyət nədənsə bu
məsələlərdə unutqan davranır. 1998-ci ildə də, 2004-cü ildə də
oxşar hallar baş verib: kimsə kiminsə əvəzinə imtahana girirdi. Biz
bunları aşkarlayırdıq, cinayət işləri açılmışdı. Hər dəfə də
təşkilatçılar təhsil işçiləri olub. 2004-cü ildə imtahanda 600
baldan yuxarı nəticə göstərən 200 nəfərin nəticəsini ləğv etmişdik.
Həmin hadisədə təşkilatçı universitet müəllimi idi — dosent, elmi
dərəcəsi, namizədlik dissertasiyası da var idi. 2022–2023-cü
illərdən isə bilirik ki, vəziyyət dəyişib, artıq bəzi texniki
cihazlar mövcuddur. Əvvəlcə onu qeyd edək ki, bu cihazların ölkəyə
gətirilməsi və istifadəsi qanunvericiliyə ziddir. Müvafiq
orqanların razılığı tələb olunur. İmtahanda belə cihazlardan
istifadə olunduqda biz bunu həmişə aşkarlamışıq. Necə
aşkarladığımızı demək istəmirəm. Çünki metodlarımızı izah etdikdə,
bu, qarşı tərəfə aydın olur və onlar yeni yollar axtarırlar. Bu,
virus–antivirus məsələsinə bənzəyir”.

Sədr imtahanlarda texniki vasitələrdən istifadəyə, saxtakarlığa
cəhd edənlərə önəmli bir mesaj da ötürüb:

“Yeni “virus” fikirləşənlərə onu demək istərdim ki, Dövlət
İmtahan Mərkəzi daim onlardan ən azı bir addım öndədir. Mənə elə
gəlir ki, son hadisə həmin insanlara peyvənd kimi təsir edəcək.
2004-cü ildən sonra uzun müddət heç kim bu cür müdaxilələrə risk
etmədi. Bir məsələni isə açıq demək istəyirəm: hər bir şəxs imtahan
verdikdən və nəticələr yoxlanıldıqdan sonra xüsusi alqoritmlər
əsasında aparılan təhlillər bizə abituriyentin nəticəsinin onun
potensialına uyğun olub-olmadığını yoxlamağa tam imkan verir.
Şübhəli nəticə olduqda biz onu dərhal elan etmirik. Hamının
nəticəsi açıqlanır, həmin şəxsə isə bildirilir ki, nəticəsi
araşdırılır.

Əgər biz araşdırmanı tam yekunlaşdırdıqdan sonra nəticəni elan
etsək, yüz minlərlə insan prosesi gözləməli olar ki, bu da ümumi
qayda üzrə gedən işlərə mane olur. Araşdırmalardan sonra elə hallar
da olur ki, nəticələr bərpa edilir.

Araşdırmalar zamanı bir məsələyə də xüsusi diqqət yetiririk:
söhbət uşaqların öz aralarında bir-birinə kömək etməsindən gedir,
yoxsa kütləvi, planlı hallardan?

Təbii ki, bu texniki qurğular barədə bizdə məlumat var və
uşaqlar imtahana daxil olarkən üstləri yoxlanılır. Yeri gəlmişkən,
məhz bu yoxlamalarla bağlı bizə xeyli iradlar da bildirilir. “Mənim
uşağım qorxdu, üstünü yoxladılar, stresə düşdü” kimi arqumentlər
səsləndirilir. Halbuki biz uşağı yoxlamışıqsa, deməli, şübhəli hal
olub. Biz, əlbəttə ki, uşaqların stres keçirməsini istəmirik.
Məsələn, bir halda uşağın üzərində telefon aşkarlanmışdı. Valideyn
iddia edirdi ki, uşağın bundan xəbəri yoxdur, telefonu ora özü
qoyub. Həmin valideyn jurnalist idi. Uşaq imtahandan xaric
edilmişdi. Belə hallar həmişə olur.

İmtahan qaydaları əvvəldən müəyyən edilib və hamı üçün eynidir.
Biz imtahanın şəffaflığını qorumaq üçün bu qaydaları yaratmışıq və
xahiş edirik ki, hamı onlara riayət etsin. 2023 və 2024-cü illərdə
də bu cür qurğular aşkarlanıb və hüquq-mühafizə orqanlarına təhvil
verilib. Həmin qurğuları ölkəyə gətirənlərə və onlardan istifadə
edənlərə qarşı tədbirlər görülüb”.

Bu abituriyentlərin nəticələri elan olunmayıb və heç
biri heç yerə qəbul olunmayıblar

Məleykə Abbaszadənin sözlərinə görə, hazırda bu məsələnin
cəmiyyətdə müzakirə mövzusu olmasının əsas səbəbi sözügedən
prosesdə “təhsil eksperti” adının hallanmasıdır:

“Əvvəllər ictimaiyyət bu hadisələrə ciddi reaksiya vermirdi.
İndi də eyni cür olardı. Sadəcə bu dəfə məsələ ondadır ki, işin
içində özünü “təhsil eksperti” adlandıran bir biznesmen var. Ona
görə də məsələ gündəmə gəlib. Bundan əvvəlki məhkəmə işində
təqsirləndirilən şəxslər Gəncədə məşhur bir kursun müəllimləri idi.
Onlar 11 nəfərə kömək etməyə cəhd göstərmişdilər. Biz bu prosesin
arxasında kimlərin və nələrin dayandığını bilmirdik. Biz sadəcə
şübhəli nəticələri təqdim edib işin araşdırılmasını istəmişdik.
Yəni nəticələri elan etməyərək, müvafiq orqanlara məlumat
vermişdik.

Bu cihazların bəziləri imtahana giriş zamanı aşkarlanıb. Dövlət
İmtahan Mərkəzi zərərçəkmiş qismində tanındığı üçün ittiham aktı
bizə təqdim olunub, iştirakçıların ifadələri mövcuddur. Bəzi
uşaqlar görüblər ki, onlardan əvvəl keçən şəxsi saxlayıb
ayaqqabısını çıxarıblar. Bu səbəbdən həmin uşaq geri qayıdıb,
maşında gözləyən atasının yanına gedərək ayaqqabısını dəyişib.
Çünki onun da ayaqqabısında həmin texniki vasitə olub. Bütün bunlar
aşkarlanıb.

İmtahan zamanı istifadə olunan texniki vasitələr imtahandan
sonra da aşkar edilib. Biz əvvəlcədən bilirdik ki, hansısa binada
bir neçə şəxsin üstündə həmin texniki vasitələr var. İmtahan
bitəndən sonra bəzi şəxslər xüsusi otağa dəvət olunublar və onlar
izahat da yazıblar.

Elə adamlar da vardı ki, onlar bu texniki vasitələrdən istifadə
etsə də, imtahan zamanı biz bunu aşkarlaya bilməmişdik. Amma
onların nəticələri əsasında biz nəticələrin süni olduğunu sübut
etmişdik. Sonra bütün bu şəxslərin hamısı haqqında müvafiq
orqanlara məlumat vermişik və araşdırma aparılıb.

Alqoritmlər bütün şübhəli vəziyyətləri aşkarlaya bilir. Biz
bütün bu vəziyyətlərlə bağlı müvafiq orqanlara məlumat vermişdik.
Çünki dərin araşdırma aparmaq bizim səlahiyyətlərimizdə deyil. Biz
verdiyimiz adların hamısı təsdiqlənib. Hətta ittiham aktında elə
adlar var ki, biz bunları bilməmişik, amma işin gedişatında bunlar
da aşkarlanıb. Növbəti məhkəməni izləyə bilərsiniz. Orada ifadələri
dinləyə bilərsiniz. Birinci məhkəmədə hətta o ayaqqabıları
hazırlayan pinəçi də ifadə verib”.

Dövlət İmtahan Mərkəzinin sədri əvvəlki illərdə baş verən
hadisələrə diqqət çəkib:

“Xatırlayırsınızsa, təxminən 8-9 il əvvəl kütləvi şəkildə
saxtakarlıq halları yayılmışdı. Bəzi şəxslər guya 500-600 bal
topladıqlarına dair saxta arayışlar “sms”lər əldə edirdilər.
Təəssüf ki, indi də belə hallara rast gəlinir. Amma ixtisas seçimi
zamanı bu şəxslər sistemə daxil ola bilmirlər. Çünki sistem onların
əsl balını göstərir, məsələn, 50 bal və “ixtiyarınız yoxdur”
bildirişi çıxır. Bu, sadə bir saxtakarlıq növüdür. Təkcə bir “sms”
üzərindən rəqəmlərlə oynayaraq belə saxta nəticələr düzəltmək
mümkündür. Uşaq da həmin nəticəni valideyninə göstərir və nəticədə
onlar aldadılır.

Biz bütün çıxışlarımızda dəfələrlə vurğulamışıq: Öz şifrlərinizi
gizli saxlayın, şəxsi kabinetinizin yaradılmasını başqa şəxslərə
həvalə etməyin. Amma yenə də valideynlər bu səhvi edirlər. Bir
nəfər onlarla şagirdin məlumatlarını toplayır, sonra isə nəticə
istənilən kimi olmayanda bu məlumatlardan istifadə edib süni
problem yaradır və vaxt qazanmaq üçün başqa yollara əl atır.

Belə hallardan biri ilə bağlı məsələ ictimailəşdirilmişdi və
şişirdilmişdi. Mən o zaman bildirdim ki, həmin şəxslər gəlsinlər,
onları şəxsən qəbul edəcəyəm. Amma bir şərtlə: həmin “təhsil
eksperti” də gəlsin və görüşdə media nümayəndələri də iştirak
etsinlər. Nəticədə onlar görüşə gəlmədilər və sonradan üzr
istədilər.

Hazırki işlərlə bağlı deyə bilərəm ki, bu abituriyentlərin heç
birinin nəticələri elan olunmayıb və heç biri heç yerə qəbul
olunmayıblar. Bundan sonra yenidən imtahanda iştirak etmək
istəsələr, hazırlaşıb imtahana girə bilərlər. Amma biz onları
yoxlayacağıq.

Prosesi təşkil edən şəxslər elə düşünürdülər ki, bu hallar üzə
çıxmayacaq. Onlar hesab edirdilər ki, Dövlət İmtahan Mərkəzinin işi
çoxdur və bu məsələlərə vaxt ayırmayacaq. Mənim təəccüb etdiyim
məqam isə başqa idi: İmtahan keçirilib, hələ ertəsi gün bu şəxslər
səs-küy salmağa başlayırlar — “imtahan çətin olub”, “pis keçib”,
“apellyasiyaya verin, ərizələrin doldurulmasında kömək edəcəyik” və
s.

Halbuki hələ protokollar oxunmamışdı, nəticələr elan
edilməmişdi. Bu səs-küy nəyə xidmət edirdi? Öz rollarını önə
çəkmək, prosesdə özlərini “camaatın müdafiəçisi” kimi göstərmək
cəhdləri qara piardan başqa bir şey deyil. Həmin şəxs məhkəmə
zalında məhkəmənin qapalı keçirilməsini istəyib, “işgüzar nüfuzuna
zərər vurulacağını” əsas gətirib. Bəs Dövlət İmtahan Mərkəzinin
ictimai nüfuzu necə? Axı siz olmayan şeyləri deyə-deyə bizim
ictimai nüfuzumuza zərər vurursunuz”.

“Bunker müəllimləri”, “bizdə suallar var” kimi ifadələr
sadəcə mifdir




Məleykə Abbaszadə “Bunker müəllimləri”, “bizdə suallar var” kimi
ifadələrin mif olduğunu qeyd edib:

“Bunların hamısı abituriyentlərin və valideynlərin diqqətini
cəlb etmək, nəticədə isə müştəri toplamaq məqsədi daşıyır. Bizneslə
məşğul olmaq qanunla qadağan edilməsə də, Dövlət İmtahan Mərkəzinin
nüfuzuna xələl gətirərək bu işi qurmaq cəhdlərinin sonu yoxdur.

Son dövrlərdə kodlaşdırma ilə bağlı da yanlış informasiyalar
yayılır. Halbuki kodlaşdırma prosesi tam şəffaf şəkildə aparılır.
Hər bir abituriyent topladığı balı bilir, boş yerlərin sayı
məlumdur və biz bütün bu məlumatları ictimaiyyətə açıq təqdim
edirik. Üstəlik, Bakıda və regionlarda fəaliyyət göstərən
Abituriyent Məsləhət Mərkəzlərində mütəxəssislərimiz
abituriyentlərə pulsuz xidmət göstərirlər. Həmin mütəxəssislərə
əvvəlcədən vebinarlar vasitəsilə müsabiqə vəziyyəti izah olunur,
mən özüm də ixtisaslar üzrə müqayisəli çıxışlar edirəm”.

O vurğulayır ki, buna baxmayaraq, bəzi şəxslər abituriyentlərə
“kömək” adı ilə müxtəlif təkliflərlə yaxınlaşır və onların məlumat
azlığından istifadə edirlər. Nəticədə isə həmin abituriyentlər
kodlaşdırdıqları ixtisaslara qəbul olunmadıqda, ittihamları Dövlət
İmtahan Mərkəzinə yönəldirlər.

Nəsə baş verən kimi, az qala, ütünü qoşanda, soyuducunu
açanda belə “təhsil eksperti” adı ilə biri çıxıb Dövlət İmtahan
Mərkəzinin fəaliyyəti haqqında fikir bildirir

“Biz artıq imtahan proqramlarını çap etmişik, yaxın zamanda
model testlər də nəşr olunacaq. Amma maraqlıdır ki, heç kim bu
proqramların məktəb dərslikləri ilə uyğun olub-olmadığını,
kurikulumla nə dərəcədə əlaqəli olduğunu müzakirə etmir. Biz isə
istəyirik ki, məhz bu məqamlar gündəmə gətirilsin və öncədən açıq
şəkildə müzakirə olunsun. Niyə bu cür müzakirələr həmişə imtahan
ərəfəsində və ya imtahandan bir gün sonra başlayır? Bu, bəzi
şəxslərin diqqət mərkəzində qalmaq cəhdidir. Nəsə baş verən kimi,
az qala, ütünü qoşanda, soyuducunu açanda belə “təhsil eksperti”
adı ilə biri çıxıb Dövlət İmtahan Mərkəzinin fəaliyyəti haqqında
fikir bildirir.

Mətbuat xidmətimizdən soruşuram ki, bu problemlərlə bağlı bizə
rəsmi müraciət olubmu? Cavab aydındır — xeyr. Bəs belə olan halda
niyə əvvəlcə bizə müraciət etmədən kənar şəxslərdən açıqlama almağa
çalışılır? Əgər doğrudan da problem varsa, ilk olaraq bizə müraciət
edin. Əgər cavabımız sizi qane etməzsə, o zaman başqa tərəflərlə də
fikir mübadiləsi apara bilərsiniz. Özünə hörmət edən media
qurumları əlbəttə bu cür yanaşmadan çəkinir, bizə müraciət edirlər,
lakin bəzi saytlar və televiziya kanalları belə qeyri-rəsmi
şəxslərin subyektiv fikirləri əsasında xəbər yayırlar ki, bu da
cəmiyyətdə çaşqınlıq yaradır”, – Məleykə Abbaszadə qeyd edib.

İttiham aktında Kamran Əsədovun adını görəndə
təəəcübləndim

Məleykə Abbaszadə istintaq aparılarkən, bu işin arxasında
kimlərin dayandığı barədə məlumatlarının olmadığını vurğulayıb:

“Birinci qrupla bağlı ittiham aktı təqdim olundu və məhkəmə
prosesi keçirildi. Daha sonra ikinci ittiham aktı təqdim ediləndə,
sənədi hüquqşünaslarımıza verdim ki, prosesi izləyib lazımi
hazırlığı görsünlər. Hüquqşünaslarımız mənə həmin ittiham aktında
dırnaqarası “təhsil eksperti”nin adının keçdiyini bildirdilər və
bu, məni təəccübləndirdi. Çünki cəmi bir həftə əvvəl həmin şəxs
rəsmi tədbirlərin birində rektorlarla mehriban söhbət edirdi.
Halbuki o, həmin vaxt artıq ittiham aktından xəbərdar idi.
Bilə-bilə bu qədər rahat davranması, heç nə olmamış kimi görünməsi
məni təəccübləndirdi.

Bu ittiham aktı bizim üçün bəzi vacib məqamları aydınlaşdırdı.
Onun əsasında əlavə təhlillər aparacağıq. Nazirlər Kabinetinin
təsdiqlədiyi qaydalara əsasən, əgər yeni saxtakarlıq halları
aşkarlanarsa, həmin şəxslərin ali məktəblərdən xaric edilməsinə
dair hüququmuz var və bu səlahiyyətdən istifadə ediləcək”.

Peşə yönümlü testlər uşaqların gələcəyini
formalaşdıracaq – valideynlər üçün vacib mesaj

DİM-in İdarə Heyətinin sədri psixometrik testlərlə bağlı
valideynlərə çağırış da edib. O qeyd edib ki, bu testlər hər bir
uşağın psixoloji xüsusiyyətlərini, bilik səviyyəsini və maraqlarını
müəyyənləşdirərək hansı peşənin ona daha uyğun olduğunu göstərən,
tam işlək bir alətdir:

“Mən valideynlərə müraciət etmək istəyirəm: uşağı ilə məşğul
olmaq istəyən hər bir valideyn psixometrik testlərdən istifadə
etməlidir. Hər bir uşağın psixoloji xüsusiyyətlərini, bilik
səviyyəsini və maraqlarını müəyyənləşdirərək hansı peşənin ona daha
uyğun olduğunu göstərən, tam işlək bir alət mövcuddur. Biz bu
testləri 8, 9, 10 və 11-ci sinif şagirdləri üçün hazırlamışıq. Əgər
valideyn uşağı ilə ciddi şəkildə məşğul olmaq istəyirsə, buyurub
gələ bilər — ona bütün məlumatlar təqdim olunur. Testin müddəti
orta hesabla 3 saatdır və bu test kimisə imtahan edib bal vermək
məqsədi daşımır. Psixometrik testlərin əsas məqsədi özünü anlamaq,
yeniyetmənin psixoloji vəziyyətini və ona uyğun uğurlu ola biləcəyi
sahələri müəyyənləşdirməkdir”.

Peşə yönümlü testlərin məktəblərdə tətbiqi üçün Elm və
Təhsil Nazirliyi ilə əməkdaşlıq edə bilərik

Məleykə Abbaszadə psixometrik testlərin tətbiqi üçün Elm və
Təhsil Nazirliyi ilə əməkdaşlıq məsələlərindən də danışıb:

“Pulum var, müəllim tutmuşam, bəsdir” düşüncəsi doğru yanaşma
deyil. Testdən sonra əlavə suallar yaranarsa, psixoloqlarımız fərdi
şəkildə kömək edə bilərlər. Əgər valideyn fərdi psixoloq dəstəyi
istəmirsə, alternativ bir üsul da təklif edirik: Test nəticələrini
süni intellektə daxil edərək əlavə məsləhət almaq mümkündür. Bu
testin nəticələri dəqiqdir. Nəticələrlə bağlı kifayət qədər
statistika toplanıb. “Psixometrik testlər”in müəlliflik hüququ da
bizə məxsusdur. Bu, bizim hazırladığımız və Azərbaycana məxsus olan
testdir. Beynəlxalq praktikada oxşar testlər mövcuddur, lakin
ingilis dilində olan həmin testlərin nə dilimizə tərcüməsi, nə də
qiymətləndirmə meyarları bizim reallığımıza uyğun gəlmir. Testlər
3–4 min nəfər üzərində aparılıb və konkret nəticələr əldə olunub.
Təəssüf ki, bu testlərlə bağlı müraciət edən valideynlərin sayı
azdır. Bəzi şirkətlər testləri alıb özləri tətbiq etmək istəyirlər,
lakin biz testləri satmırıq. Bunun əvəzinə test nəticələrinə
əsaslanan peşəyönümlü fərdi məsləhət sistemi yaratmışıq — gəlib
testdən keçsinlər və məsləhət alsınlar. Bu sahədə məktəblərlə
müqavilə bağlamaq, Elm və Təhsil Nazirliyi ilə əməkdaşlıq etmək
mümkündür. Gənclər və İdman Nazirliyi ilə müqaviləmiz olub və həmin
çərçivədə 2000 nəfər bu testlərdən keçib.

Valideynlər, təəssüf ki, çox vaxt eşitmək istədikləri cavabı
almağa çalışırlar. Biz isə deyirik ki, valideyn ilk növbədə 9-cu
sinif buraxılış imtahanının nəticələrinə diqqət yetirməli və
növbəti addımları onun əsasında atmalıdır. Amma nəticəni kimə
aparsalar, “bu uşağı hara istəsən, mən hazırlaşdıraram” deyilir. Bu
sahədə ciddi boşluq var və yanlış nəticələr də buradan yaranır.

Uşaqda erkən yaşdan məsuliyyət formalaşdırmaq çətindir. Gündəlik
dərslərlə məşğul olmaq, yaşına uyğun qərar vermək, analiz etmək,
düzgün yanaşma formalaşdırmaq asan deyil. Amma müəllim tutmaq
asandır. Halbuki “müəllim tutmaqla” iş bitmir. Bu gün 17 yaşlı
gənclərin valideynləri əsasən 80-ci illərdə doğulanlardır. Onlar
sovet təhsil sistemində az oxuyub, sonradan təhsillərini milli
məktəblərdə davam etdiriblər. Həmin illərdə milli məktəblərin,
eləcə də 2000-ci illərin əvvəllərində ali təhsilin vəziyyəti
ürəkaçan deyildi. Sovet sistemi artıq dağılmışdı, milli təhsil
ənənələri isə tam formalaşmamışdı. Əvvəllər ailədə hamı — nənə,
valideyn və uşaq — eyni dərslikdən istifadə edirdi və valideynlər
nəyin nə olduğunu bilirdi. İndi isə sürətli dəyişikliklər gedir.
Nəsillər arasında “digital divide” (rəqəmsal ayrılma) var,
dərsliklər dəyişir. Valideyn dərsliyə baxıb ona tanış olmayan
yanaşma ilə qarşılaşanda çıxış yolunu kənarda axtarır. Halbuki
çətin bir şey yoxdur: birinci sinifdən etibarən uşaqla birlikdə
pillə-pillə öyrənib bu yolu getmək lazımdır. Mən bu yolu bir dəfə
uşaqlarımla, indi isə nəvələrimlə keçmişəm. Başa düşürəm,
valideynlərin vaxtı azdır. Amma uşaqları restorana, əyləncə
mərkəzinə aparmağa vaxt tapılırsa, bunlara da vaxt ayırmaq olar.
Uşaqla məşğul olmaq, onunla danışmaq, öz fikirlərini onun dili ilə
çatdırmağı bacarmaq lazımdır.

Amma son illərdə valideynlərdə artıq imtahanla bağlı bir qənaət
formalaşıb. Artıq hamı bilir ki, oxumayan uşaq universitetə qəbul
ola bilməyəcək. Bunu ictimai fikrə yeritmək üçün kifayət qədər vaxt
tələb olundu. Artıq bu aksioma çevrilib. Bu sahədə öz bizneslərini
qurub, camaatı başqa yollara çağıran “viruslara” bu hadisələr bir
növ, peyvənd kimi təsir edəcək”, o, əlavə edib.

Müəyyən sahələrdə marker müəllimlərin çatışmazlığı
var

Məleykə Abbaszadə buraxılış imtahanlarının mart ayında
keçirilməsi ilə bağlı bəzi müəllimlərin narazılıqlarına münasibət
bildirib. Müəllimlər qeyd edirlər ki, buraxılış imtahanlarını mart
ayında keçirəndən sonra uşaqların dərsə davamiyyətini təmin etmək
çətinləşir.

“Buraxılış imtahanları kütləvi imtahanlardır. Yazı işlərinin
yoxlanılması kifayət qədər vaxt tələb edir. Bizdə müəyyən sahələrdə
marker müəllimlərin çatışmazlığı var. Müəllimlər bu prosesə
qoşulsalar, marker müəllim sayı on minə çatsa, yoxlama prosesləri
də sürətlənər. Təbii ki, burada təkcə say yox, həm də bu işlə
məşğul ola biləcək müəllimlərin bilik və bacarıqları da
əhəmiyyətlidir. Biz davamlı olaraq müəllimlər üçün imtahanlar
təşkil edirik. İmtahandan keçərək marker olmaq səlahiyyəti əldə edə
bilərlər. Müəllimlərin Bakıda, Naxçıvanda yaxud bölgələrdə
yaşamasının fərqi yoxdur. Öz evlərində oturub bu işə qoşula və
kifayət qədər yüksək əməkhaqqı qarşılığında işləyə bilərlər. Amma
müəllimlər buna çox da maraqlı deyillər, çünki burada ciddi şəkildə
işləmək lazımdır.

Bizim martda yoxladığımız bilik və bacarıqlar kurrikuluma uyğun
olaraq elə marta qədər toplanmış bilik və bacarıqlardır. On bir il
ərzində bilik və bacarıq toplamamış uşaq martdan sonra o bilikləri
toplaya bilməz. Oxuyub-anlamaq bacarığı yoxdursa, qalan bir neçə ay
ərzində də bu qabiliyyət formalaşmayacaq. Biz proqramı elə
qurmuşuq. Uşaq imtahandan sonra dərsə davam etmirsə, bu məktəb
rəhbərliyinin problemidir. Dərsdə iştirak etməyən uşağa qaib yaza
bilərlər və ilin sonunda o fənlərin qiymətləndirilməsi olmayacaq və
nəticədə uşağa attestat da verilməyəcək. Bunu məktəb etməlidir;
qaydalar mövcuddur və istifadə oluna bilər”.

Hər bir fənn üzrə on min marker müəllim olsa, buraxılış
imtahanlarını martda yox, apreldə keçirilə bilər

“Başqa bir məsələ də var. Martda imtahan verəndən sonra uşaqlar
kurslara və repetitorların yanına getmirlər. Arada üç aylıq fasilə
yaranır. Repetitor müəllimlərin etirazı əsasən bu məsələ ilə
bağlıdır. Xaricdə universitetlərə qəbul yanvarda başlayır və ilboyu
aparılır. İlboyu sənədləri verirlər, imtahandan keçirlər və məktəbi
bitirəndə universitetdən cavab alırlar. Bizdə isə yekun
qiymətləndirmə ali məktəblərə qəbul üçün imtahanların birinci
mərhələsidir. İlk 300 bal da buraxılış imtahanından toplanılır. Bu
imtahanlardan sonra uşaq dərsə davam etməlidir ki, digər fənlərdən
qiymətləndirmə aparılsın. Əgər imtahanı dərs bitdikdən sonra
keçirsək və nəticələrin yoxlanması sentyabrda təqdim edilərsə, ali
məktəblərdə dərs ili nə vaxt başlayacaq? Hər bir fənn üzrə on min
marker müəllim olsa, buraxılış imtahanlarını martda yox, apreldə
keçirmək olar. Amma hələ ki, bu yoxdur. Yenə də müəllimlərə
müraciət edirik: gəlin, kurslara yazılın”.

Azərbaycan dili sertifikatı dövlət tərəfindən tanınan
sertifikat kimi işəgötürənlərə təqdim olunacaq

Məleykə Abbaszadə Azərbaycan dili sertikatları ilə bağlı
məsələyə də aydınlıq gətirib. Onun sözlərinə görə, sertifikatı əldə
edən şəxs onu IELTS və TOEFL sertifikatları kimi CV-sinə əlavə edə
bilər:

“Azərbaycan dili üzrə bilik səviyyəsinə uyğun sertifikat
verilməsini hüquqi müstəvidə həll etmək üçün müvafiq orqanlara
müraciət edilib. Sertifikatın formatının təsdiqlənməsi, nə vaxt
təqdim ediləcəyi, kimlərə veriləcəyi, hansı növ imtahanlarda qəbul
olunacağı və kimlərdən tələb olunacağı məsələləri həll edilməlidir.
Azərbaycan dili sertifikatı hansı sahələrdə tələb olunacaqsa, həmin
şəxslər müvafiq imtahandan keçməlidirlər. Amma tələb olunmadığı
halda da bu imtahandan keçərək ana dilinizi hansı səviyyədə
bildiyinizi yoxlaya bilərsiniz. Sertifikatı əldə edən şəxs onu
IELTS və TOEFL sertifikatları kimi CV-sinə əlavə edə bilər.
Həmçinin, bu sertifikat dövlət tərəfindən tanınmış sertifikat kimi
işəgötürənlərə təqdim oluna bilər.

Sınaq variantında imtahandan keçənlərin nəticələri artıq
özlərinə təqdim edilib. On milyonluq Azərbaycandan ən azı 20 min
nəfərin bu imtahanda iştirakını gözləyirdik. Təəssüf ki, minə yaxın
şəxs iştirak edib. Amma özümüz əlavə olaraq imtahanlara müəyyən
adamları cəlb etdik və bu say nəticələri təhlil etməyə kifayət
etdi. Biz hamıya müraciət etmişdik; əsas məqsəd hər təbəqədən olan
insanların imtahanda iştirakı idi”.

Regionlarda və işğaldan azad edilmiş ərazilərdə elektron
imtahanlar keçirilməsi üçün auditoriyalar yaradılacaq

Dim sədri bildirib ki, gələn il tədrisi digər dillərdə aparılan
bölmələrin şagirdlərinin verdiyi Azərbaycan dili dövlət dili kimi
imtahanının elektronlaşdırılması planlaşdırılır:

“Bu il kontingenti 2 mindən çox olmayan bütün imtahanlar
elektronlaşdırılıb. Artıq 36 növ imtahan elektron formatda
keçirilir. Bizim binada bu il ərzində təxminən 70 mindən çox şəxs
müxtəlif elektron imtahanlardan keçib.

Gələn il tədrisi digər dillərdə aparılan bölmələrin
şagirdlərinin verdiyi Azərbaycan dili dövlət dili kimi imtahanının
elektronlaşdırılması planlaşdırılır. Ancaq əvvəlcə sınaq
imtahanları keçiriləcək və ondan sonra əsas imtahanın özü də
elektron formatda keçiriləcək. Nəticələr yekunlaşdıqdan sonra
cədvəl formalaşdırılmalıdır. Hamını imtahan üçün Bakıya gətirmək
mümkün deyil; buna görə regionlarda elektron imtahanlar təşkil
etmək üçün imkanlar yaradılmalıdır.

Elm və Təhsil Nazirliyi ilə aparılan danışıqlar nəticəsində,
onların regionlardakı müəyyən mərkəzlərindən elektron imtahan
auditoriyası kimi istifadə edilməsi planlaşdırılır. Fevral ayında
magistraturaya qəbul imtahanları keçiriləcək. Ancaq imtahan ənənəvi
formatda təşkil olunacaq. 2026-cı ildə magistratura üzrə yalnız
sınaq imtahanlarını elektronlaşdırmaq nəzərdə tutulur”.

Rezidentura imtahanlarının elektron variantı
hazırdır

“Rezidentura imtahanlarının elektronlaşdırılması bu il tam hazır
olsa da, mürəkkəb cədvəl səbəbindən tərəddüd etdik və bu il onları
cədvələ daxil edə bilmədik. Lakin növbəti ildən ikinci mərhələ üzrə
rezidentura imtahanlarını elektron formatda keçirməyi
planlaşdırırıq.

Hazırda imtahan sistemi hazırdır, lakin cədvəl və yer məsələləri
mövcuddur. Bizdə elektron imtahanlar korpusunda 750 yer var. Buna
görə də regionlarda olan mərkəzlərdə də elektron imtahan
auditoriyalarına ehtiyac var”.

Naxçıvanda 90 nəfərlik elektron imtahan auditoriyası
ayın sonuna qədər hazır olacaq

“Naxçıvandakı regional bölməmizdə 90 nəfərlik auditoriya qurulur
və dekabrın sonunda bu layihə yekunlaşacaq. İşğaldan azad edilmiş
ərazilərdə də belə auditoriyaların qurulması nəzərdə tutulur.
Hələlik təhsil alanların sayı azdır, amma gələcəkdə orada da
auditoriyalar planlaşdırılır. Hazırda Gəncə, Naxçıvan, Lənkəran,
Şəki, Göyçay və Bərdədəki regional bölmələrdə belə auditoriyaların
qurulması və imtahanların eyni zamanda keçirililməsi
planlaşdırılıb. Bu işlər genişləndiriləcək. Yanvar və fevral
aylarında isə digər regionlarda elektron imtahanların keçirilməsi
üçün auditoriyaların qurulması nəzərdə tutulur. Uyğun avadanlıqla
təchiz olunmuş və internet bağlantısı yaxşı olan təhsil
müəssisələrindən də auditoriyalar istifadə ediləcək”, o, ılavə
edib.

Düşünməyi bacarmayan insanları alqoritmlər idarə
edəcək

Məleykə Abbaszadə yazı işlərinin yoxlanılmasında süni
intellektdən istifadə məsələlərinə də aydınlıq gətirib:

“Yazı işlərinin ingilis dilində yoxlanılması prosesində süni
intellektin nəticələri reallığa 80-90 faiz uyğun olur. Bütün
dünyada bu belədir. Süni intellekti prosesdə üçüncü ekspert kimi
istifadə etmək olar, amma hüquqi nəticə olan imtahanlarda bu faiz
bizi qane edə bilməz. Biz bəzi işlərimizdə süni intellektdən
istifadə edirik. Məsələn, bizim çağrı mərkəzimiz saat altıya qədər
fəaliyyət göstərir. Saat altıdan sonra biz çağrı mərkəzinə süni
intellekt qoşa bilərik. Bu proqramlar bizdə var. Amma görürük ki,
orada səhvlər meydana çıxır. Test rejimində bunu görmüşük. Amma bu
səhvləri vətəndaşa izah etmək olmaz. Ona görə də, hüquqşünaslar
deyirlər ki, hüquqi səviyyədə dəyişikliklər olmalıdır ki, süni
intellektin istifadəsi təsdiqlənsin. Müəyyən bir strategiya
formalaşmalıdır. Biz hökümət tərəfindən formalaşdırılmış
strategiyaya əsasən üzərimizə düşəni edirik”, o, vurğulayıb.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir