
Bakı. Trend:
Azərbaycan yeni tədarük marşrutları vasitəsilə Avropanın enerji
bazarındakı mövcudluğunu ardıcıl şəkildə genişləndirir və bununla
da regionun enerji təhlükəsizliyini gücləndirir.
Belə ki, Yunanıstan, Bolqarıstan, Rumıniya, Moldova və
Ukraynanın enerji sahəsində milli tənzimləyici orqanları nəqliyyat
gücləri üzrə yeni məhsulları — “Route 2” və “Route 3″ü rəsmi olaraq
təsdiqləyiblər.
Qəbul edilən qərarlar Ukraynaya təbii qazın iki şaxələndirilmiş
mənbədən tədarükünü təmin edir:
– Aleksandrupolis FSRU üzən terminalından mayləşdirilmiş təbii
qazın (MTQ) IGB qaz kəməri vasitəsilə çatdırılması;
– Transadriatik Qaz Kəməri (TAP) ilə nəql edilən Xəzər
borukəməri qazının IGB vasitəsilə nəqli
Dekabrın 22-də bütün yeni güc məhsulları — Routes 1, 2 və 3 —
eyni vaxtda və rəqabət əsaslı şəkildə Regional Rezervasiya
Platformasında (Regional Booking Platform, RBP) təklif
olunacaq.
Xatırladaq ki, 2025-ci il dekabrın 1-dən etibarən Şimali
Makedoniyada da özəl və sənaye istehlakçılarına Azərbaycan təbii
qazının tədarükünə başlanılıb. Azərbaycan Dövlət Neft Şirkəti
(SOCAR) ilə “M-Gaz” və “CNG Systems” şirkətləri arasında səmərəli
əməkdaşlıq nəticəsində Bolqarıstanda 2024-cü ildən uğurla həyata
keçirilən layihəyə bənzər virtual qazlaşdırma üzrə pilot layihə
həyata keçirilib.
Bundan əlavə, dekabrın 10-da SOCAR ilə Macarıstanın “MVM
ONEnergy” şirkəti arasında Macarıstana ildə 800 milyon kubmetr
təbii qaz tədarükünü nəzərdə tutan saziş imzalanıb. Bu razılaşma
2026-cı il yanvarın 1-dən qüvvəyə minəcək.
Yeni marşrutlar və sazişlər Mərkəzi və Cənub-Şərqi Avropa
ölkələrinə, eləcə də Balkanlara qaz tədarükü imkanları açır ki, bu
da Cənub Qaz Dəhlizinin strateji əhəmiyyətini bir daha təsdiqləyir.
Eyni zamanda, “mavi yanacağ”a artan tələbatı ödəmək və regionun
dayanıqlı enerji təhlükəsizliyini təmin etmək üçün bu
infrastrukturun genişləndirilməsi istiqamətində real və vaxtında
addımların atılmasına açıq-aşkar ehtiyac yaranır.
Xatırladaq ki, hələ 2022-ci ildə Azərbaycan ilə Avropa
Komissiyası Cənub Qaz Dəhlizinin ötürücülük qabiliyyətinin hazırkı
illik 10 milyard kubmetrdən 2027-ci ilədək 20 milyard kubmetrə
çatdırılması barədə memorandum imzalayıblar.Həmin vaxta az qalıb və
bu məqsədə nail olmaq üçün bütün maraqlı tərəflərin fəal
əməkdaşlığı və genişləndirmə planlarının icrası üzrə konkret
addımlar tələb olunur.
2021-ci ildə keçirilmiş bazar testinin nəticələrinə əsasən,
TAP-ın uzunmüddətli gücü 2026-cı ildən etibarən ildə 1,2 milyard
kubmetr artırılacaq. Bu həcmdən 1,04 milyard kubmetr İtaliyaya,
0,16 milyard kubmetr isə Albaniyaya tədarük üçün bron edilib.
Bu ilin 4 aprelində Cənub Qaz Dəhlizi üzrə Məşvərət Şurasının
11-ci və Yaşıl Enerji Məşvərət Şurasının 3-cü nazirlər iclasında
Prezident İlham Əliyevin bildirdiyi kimi, Avropaya qaz
təchizatımızın coğrafiyası birmənalı olaraq dəyişəcək çünki bu gün
bəzi Avropa ölkələrinin qazpaylama şəbəkəsinin yaradılmasında artıq
iştirak edirik.
“Onların bəzilərində yoxdur, digərləri isə genişləndirilməlidir
və Azərbaycan investor kimi bunu etməyi planlaşdırır. Beləliklə,
qaz təchizatımızın coğrafiyası birmənalı olaraq müxtəlif yollarla,
o cümlədən interkonnektorlar vasitəsilə genişlənəcək”, – deyə
Prezident İlham Əliyev vurğulayıb.
Əlbəttə, mövcud qaz kəmərləri sisteminin genişləndirilməsi üzrə
birgə səylər barədə də düşünməliyik. Cənub Qaz Dəhlizi hamımız üçün
böyük uğur hekayəsidir. Uzunluğu 3500 kilometr olan inteqrasiya
olunmuş boru kəməri sistemi bu gün bir çox ölkələr üçün enerji
təhlükəsizliyinin əsas arteriyasıdır. Hazırda o, tam gücü ilə
işləyir. Cənubi Qafqaz Boru Kəməri, TANAP və TAP – bu dəhlizin üç
tərkib hissəsi tam yüklənib. Buna görə də genişlənməyə ehtiyac
var”, – deyə dövlət başçısı vurğulayıb.
Şübhəsiz ki, Azərbaycan qazını alan və təchizat həcmlərinin
artırılmasında maraqlı olan Avropa ölkələri, eləcə də Azərbaycandan
“mavi yanacaq” əldə etmək istəyən dövlətlər bunun üçün mövcud
infrastrukturun genişləndirilməsinin zəruri olduğunu
anlayırlar.
Belə ki, Avropa Komissiyasının enerji və mənzil tikintisi üzrə
komissarı Dan Yorgensen Trend-ə verdiyi eksklüziv müsahibədə Aİ-nin Cənub Qaz
Dəhlizi vasitəsilə qaz tədarükünün artırılması məqsədilə tərəfdaş
ölkələrlə əməkdaşlıq etdiyini diqqətə çatdırmışdı.
“Bu, xüsusilə Rusiya enerji resurslarından asılılığın
azaldılması və enerji təchizatının şaxələndirilməsi istiqamətində
gördüyümüz işlər fonunda son dərəcə vacibdir”, – deyə o qeyd
edib.
Onun sözlərinə görə, Aİ Azərbaycan və digər tərəfdaş ölkələrlə
birlikdə Cənub Qaz Dəhlizi vasitəsilə təbii qazın ikitərəfli
ticarətinin inkişafını davam etdirmək niyyətindədir.
Rumıniya tərəfi Cənub Qaz Dəhlizinin Cənub-Şərqi Avropaya və
Balkanlara doğru genişləndirilməsi üçün konkret addımların
atılmasının vacibliyini vurğulayır. Macarıstan isə bildirir ki,
ölkə həmişə Cənub Qaz Dəhlizinin tikintisini və gücünün
artırılmasını dəstəkləyib; bu layihə təkcə Macarıstan və
Mərkəzi–Şərqi Avropa regionu üçün deyil, bütün Avropa üçün əsas
layihədir.
Moldova da Cənub Qaz Dəhlizinin genişləndirilməsinə və onun
Avropanın enerji təhlükəsizliyinin möhkəmləndirilməsində roluna
qəti dəstəyini ifadə edir. Ölkə, o cümlədən Cənub Qaz Dəhlizi
çərçivəsində həyata keçirilən tərəfdaşlıqlar vasitəsilə alternativ
tədarük marşrutları ilə əlaqələri genişləndirərək enerji
müstəqilliyini gücləndirməyə çalışır.
Beləliklə, Cənub Qaz Dəhlizinin genişləndirilməsi və Avropaya
Azərbaycan qazı tədarükünün artırılması təkcə kommersiya deyil, həm
də strateji prioritetə çevrilir. 2027-ci ilə qədər 20 milyard
kubmetr hədəfinə çatmaq üçün vaxtında və konkret addımların
atılması, tərəfdaş ölkələr arasında əməkdaşlığın gücləndirilməsi və
infrastrukturun modernləşdirilməsinə investisiyalar zəruridir.
Azərbaycan Avropada “mavi yanacağ”a artan tələbatı qarşılamaq və
enerji təchizatının şaxələndirilməsində əsas rol oynamaq
qabiliyyətini göstərməyə davam edir.

