
Bakı. Trend:
Dekabrın 20-də Xankəndinin Kərkicahan qəsəbəsinə ilk köç baş
tutdu. Uzun illər məcburi köçkün həyatı yaşayan sakinlər bu gün
doğma yurdlarına qayıtdılar.
Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti
və İdarəetmə Xidmətinin ictimaiyyətlə əlaqələr şöbəsindən Trend-in Qarabağ bürosuna
verilən məlumata görə, ilkin mərhələdə 117 nəfərdən ibarət 30 ailə
Kərkicahana köçürülüb.
Uzun illərin həsrətindən sonra Xankəndi, Kəkicahan qəsəbəsi öz
sakinlərini qarşıladı. Mərasim Dövlət Himnimizın səslənməsi ilə
başlayıb. Torpaq uğrunda canından keçmiş şəhidlərimizin əziz
xatirəsi 1 dəqiqəlik sükutla yad edilib. Sonra Xankəndi şəhəri
Nizami Gəncəvi adına 4 nömrəli tam orta məktəbin şagirdlərinin
ifasında Xarıbülbül rəqsi, “Qarabağdan Turana”, “Millətim” “ Zəfər
sədası” mahnıları “Tarix yazan sərkərdə” şeri ifa olunub.
Rəsmi hissədə Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında
Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Elçin
Yusubov çıxış edib. Yeni mənzillərin açarlarını sakinlərə təqdim
edən E. Yusubov, bu əlamətdar tarix münasibəti ilə onları təbrik
edib, doğma torpaqda firavan günlər yaşamalarını arzulayıb. E.
Yusubov bildirib ki, uzun illərdən sonra Kərkicahana həyat yenidən
qayıdır və bu qayıdış təkcə köç deyil — yarımçıq qalan həyatın
davamı, 34 illik köçkünlüyün sonu, yeni mərhələnin başlanğıcıdır.
E. Yusubov onu da qeyd edib ki, sakinlərin öz doğma yurdunda rahat
yaşamaları üçün hər cür şərait yaradılıb. Yaşayış evləri və zəruri
infrastruktur bərpa olunub. Sakinlər də sevinclərini bölüşüb, bu
xoşbəxt günü onlara yaşadanlara təşəkkür ediblər.ANAMA
mütəxəssisləri də sakinlərlə maarifləndiri söhbətlər aparıb,
şübbəli əşyalar gördükdə uzaq durmalarını tövsiyyə ediblər.
Xatırladaq ki, Xankəndi şəhərinin Kərkicahan qəsəbəsi
azərbaycanlıların kompakt yaşadığı nadir yaşayış məntəqələrindən
biri olub. Qəsəbədə ilk məskunlaşma XVIII–XIX əsrlərdə Qarabağ
xanlığı dövründə formalaşıb. Sovet dövründə (1923-cü ildən sonra)
Xankəndi vilayət mərkəzinə çevrildikdən sonra Kərkicahan
azərbaycanlıların kompakt yaşadığı qəsəbə kimi tanınıb. 28 dekabr
1991-ci ildə Kərkicahan qəsəbəsi Ermənistan Silahlı Qüvvələri
tərəfindən işğal edilib. 19–20 sentyabr 2023-cü ildə həyata
keçirilən lokal antiterror əməliyyatlarından sonra Kərkicahan
qəsəbəsi Azərbaycan Ordusunun nəzarətinə keçib.

