Avropa Parlamentinin qətnaməsi obyektivlikdən uzaqdır və regionda sülh prosesinə zərbə vurur – Azər Qarayev

Baş səhifə

Bakı. Trend:

Avropa Parlamentinin Azərbaycana qarşı qəbul etdiyi son qətnamə
bir daha göstərdi ki, bu qurum müstəqil və ədalətli yanaşma
sərgiləməkdən çox uzaqdır.

Bunu Trend
açıqlamasında Azər Qarayev bildirib.

Onun sözlərinə görə, sənədin mətnindəki yanaşma, istifadə olunan
leksikon və arqumentlər tamamilə birtərəflidir, faktlara deyil,
siyasi simpatiya və lobbi maraqlarına əsaslanır:

“Xüsusilə Ermənistanla Avropa İttifaqı arasında imzalanmış
hərtərəfli sazişin bəzi müddəaları bölgədə sülhə xidmət etməklə
deyil, əksinə gərginliyi artırmaqla nəticələnə bilər.

Qətnamədə 2023-cü ilin sonlarında Qarabağda aparılan antiterror
tədbirləri “zorakı təmizləmə”, “etnik azlıqlara qarşı təzyiq” kimi
qələmə verilir. Halbuki bu əməliyyat Azərbaycanın beynəlxalq
tanınmış sərhədləri daxilində, öz suverenliyini bərpa etmək məqsədi
ilə həyata keçirilib. BMT, Aİ və digər qurumlar Azərbaycan
ərazilərini tanıyır. Avropa Parlamenti isə bu reallığı nəzərə
almadan birtərəfli dəyərləndirmə aparır.
Bu yanaşma Azərbaycanın daxili işlərinə qarışmaqdır və Ermənistanı
siyasi olaraq təşviq edir ki, sülh prosesində konstruktiv mövqe
tutmasın”.

O qeyd edib ki, həmin sazişdə Azərbaycana qarşı dolayısı ilə
təzyiq vasitəsi ola biləcək müddəalar yer alıb:

“Bu sənəddə Azərbaycanın ərazi bütövlüyünə, 2020-ci ildə
yaranmış yeni reallıqlara, o cümlədən Azərbaycanın suverenliyinə
hörmət prinsipi görünmür. Əvəzində, Ermənistanın maraqlarına uyğun
bəyanatlar və çağırışlar var. Bu isə regionda sülh müqaviləsinin
imzalanması istiqamətində aparılan səylərə ziddir.

Sazişdə regionda “davamlı sülh və münaqişələrin beynəlxalq
hüquqa uyğun həlli” ifadəsi yer alsa da, Ermənistanın
interpretasiyasında bu, Azərbaycanın daxili ərazilərinin statusunun
yenidən müzakirəyə çıxarılması kimi təqdim edilir.

Azərbaycanın ərazi bütövlüyünə toxunan istənilən qeyri-müəyyən
bənd Ermənistan tərəfinə sülh danışıqlarında qeyri-konstruktiv
mövqe tutmaq üçün siyasi bəhanə verir”.

Azər Qarayevin fikrincə, məqsəd sülhdürsə, hər iki tərəfə eyni
məsafədə yanaşılmalıdır:

“Avropa Parlamentinin qətnaməsində Ermənistanın “demokratikləşmə
cəhdləri” dəstəklənməli, ona iqtisadi və təhlükəsizlik baxımından
kömək göstərilməli olduğu bildirilir. Lakin eyni zamanda
Azərbaycanın 30 il işğal faktı, minalanmış ərazilər, humanitar
nəticələr kimi məsələlərə toxunulmur.

Bu, regionda balanssız siyasətin bariz nümunəsidir. Əgər məqsəd
sülhdürsə, hər iki tərəfə eyni məsafədə yanaşılmalıdır.

Azərbaycan beynəlxalq tranzit yollarının açılmasını istəyir, bu
isə 2020-ci il 10 noyabr üçtərəfli bəyanatında yer alıb. Bunu “təzyiq vasitəsi” kimi təqdim etmək beynəlxalq razılaşmalara zidd
mövqedir”.

Bu nümunələr göstərir ki, həm Aİ–Ermənistan sənədlərində, həm də
Avropa Parlamentinin qətnamələrində regionda real sülhə xidmət
etməyən, əksinə, birtərəfli siyasi mövqeləri gücləndirən müddəalar
mövcuddur”.

Azər Qarayev vurğulayıb ki, Milli Məclisin Avropa Parlamentinin
bu qərəzli qətnaməsinə cavab olaraq qəbul etdiyi sənəd tam əsaslı
və yerində atılmış addımdır:

“Azərbaycan parlamenti öz mövqeyini açıq, diplomatik dillə,
lakin qətiyyətlə ifadə etdi. Qəbul edilən sənəd bir daha göstərdi
ki, Azərbaycan beynəlxalq hüquqa əsaslanaraq öz suverenliyini
müdafiə edir və heç bir təzyiqə boyun əyməyəcək”.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir