
Bakı. Trend:
ABŞ-nin Florida ştatının Mayami şəhərində Qəzza məsələsi ilə
bağlı keçirilən görüşdə “Qəzza sülh planının birinci mərhələsinin
həyata keçirilməsi ilə bağlı məsələlər müzakirə edildi və ikinci
mərhələyə keçidlə bağlı fikir mübadiləsi aparıldı”.
Trend-in
məlumatına görə, bu barədə Türkiyə Xarici İşlər Nazirliyinin
mətbuat katibi Öncü Keçeli “X” sosial şəbəkəsində yazıb.
Onun sözlərinə görə, Türkiyə, ABŞ, Qətər və Misir nümayəndələri
dekabrın 19-da Mayamidə görüş keçiriblər. Görüşdə Türkiyəni xarici
işlər naziri Hakan Fidan təmsil edib.
“Görüşdə Qəzza üçün sülh planının birinci mərhələsinin həyata
keçirilməsi ilə bağlı məsələlər müzakirə olunub və ikinci mərhələyə
keçid prosesi ilə bağlı fikir mübadiləsi aparılıb”, – deyə o
bildirib.
O əlavə edib ki, ikinci mərhələ ilə əlaqədar olaraq Qəzzanın
Qəzza sakinləri tərəfindən idarə olunmasını təmin etmək üçün
tədbirlər nəzərdən keçirilib və sülh planında nəzərdə tutulan Sülh
Şurası və Beynəlxalq Sabitləşdirmə Qüvvələri ilə bağlı atılacaq
addımlar da qiymətləndirilib.

