Azərbaycan–Monteneqro münasibətlərinin inkişafı müzakirə olunub (FOTO)

Baş səhifə

Bakı. Trend:

Dekabrın 20-də maliyyə naziri, Azərbaycan və Monteneqro
Hökumətləri arasında iqtisadi əməkdaşlıq üzrə Birgə Komissiyanın
həmsədri Sahil Babayev ölkəmizdə səfərdə olan Monteneqronun Baş
nazirinin müavini və xarici işlər naziri Ervin İbrahimoviçin
rəhbərik etdiyi nümayəndə heyəti ilə görüşüb.

Maliyyə Nazirliyindən Trend-ə verilən məlumata görə, görüşdə
Azərbaycan–Monteneqro münasibətlərinin dostluq, qarşılıqlı hörmət
və tərəfdaşlıq prinsiplərinə əsaslandığı vurğulanıb, bu əlaqələrin
2013-cü ildə Prezident İlham Əliyevin Monteneqroya rəsmi səfəri
zamanı imzalanmış Dostluq və Tərəfdaşlıq haqqında Bəyannamə ilə
möhkəm təməl üzərində qurulduğu qeyd edilib.

S.Babayev Azərbaycan ilə Monteneqro arasında ikitərəfli
münasibətlərin inkişafında İqtisadi Əməkdaşlıq üzrə Birgə
Komissiyanın rolunu qeyd edərək, bu mexanizmin siyasi iradənin
konkret iqtisadi nəticələrə çevrilməsində mühüm platforma olduğunu
bildirib. Qeyd olunub ki, 2026-cı ilin mart ayında keçirilməsi
nəzərdə tutulan Birgə Komissiyanın növbəti iclasının gündəliyi
ticarətin şaxələndirilməsi, qeyri-neft sektoruna investisiyalar,
yaşıl enerji, turizm, infrastruktur və kiçik və orta sahibkarlıq
sahələrində əməkdaşlığa dair geniş məsələləri əhatə edəcək.




Görüşdə ticarət və investisiya məsələləri də müzakirə olunub,
Monteneqro şirkətləri Azərbaycanda sənaye zonaları və digər
prioritet sahələrdə investisiya imkanlarından yararlanmağa dəvət
olunub.

Öz növbəsində, E.İbrahimoviç Monteneqronun Azərbaycan ilə
əlaqələrin inkişafına böyük əhəmiyyət verdiyini bildirərək, siyasi
dialoqun və yüksək səviyyəli qarşılıqlı təmasların ikitərəfli
münasibətlərin dərinləşdirilməsində mühüm rol oynadığını qeyd edib.
O, iqtisadi, enerji, turizm və humanitar sahələrdə əməkdaşlığın
genişləndirilməsi üçün əlverişli potensialın mövcud olduğunu
vurğulayıb.

Görüşdə qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir
mübadiləsi aparılıb.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir