
Bakı. Trend:
Dekabrın 20-də “Media Savadlılığı” Həftəsi çərçivəsində gənclər
üçün xarici ekspertlərin iştirakı ilə maarifləndirici təlimlər
təşkil olunub.
Trend xəbər verir ki, bu barədə Medianın
İnkişaf Agentliyi məlumat yayıb.
Bildirilib ki, Özbəkistan Dövlət Dünya Dilləri Universitetinin
Beynəlxalq Jurnalistika fakültəsinin Medialinqvistika və
Kommunikasiya kafedrasının müdiri, professor Dilfuza Teşabayeva
“Manipulyasiyanın xüsusiyyətləri: süni intellekt kontekstində media
məzmunu” mövzusunda çıxış edib. Sessiya zamanı süni intellekt
texnologiyalarının media məzmununun formalaşdırılmasına təsiri,
manipulyativ narrativlərin yaranma mexanizmləri və informasiyanın
tənqidi qiymətləndirilməsi metodları ətrafında geniş məlumat
verilib.
Təlim proqramının növbəti hissəsində Özbəkistan Respublikası
Prezidentinin Administrasiyası yanında Kütləvi İnformasiya
Vasitələri üçün Məzmunun İstehsalı Mərkəzinin Media məzmunu və
layihələrin koordinasiyası şöbəsinin müdiri Zuxra Yunusova
“Rəqəmsal gigiyena və onlayn təhlükəsizlik: rəqəmsal mühitdə şəxsi
məlumatların, hesabların və reputasiyanın qorunması” mövzusunda
təlim keçib. Sessiyada rəqəmsal mühitdə şəxsi məlumatların
təhlükəsizliyi, sosial şəbəkələrdə risklər, kiberhücumlara qarşı
fərdi müdafiə üsullarından bəhs edilib.
Təlim iştirakçıları tərəfindən mövzulara dair suallar
cavablandırılıb, praktiki nümunələr üzərində müzakirələr aparılıb
və rəqəmsal mühitdə təhlükəsiz davranışın əhəmiyyəti
vurğulanıb.

