
Bakı. Trend:
Azərbaycan Respublikası Milli Paralimpiya Komitəsinin
təşkilatçılığı, Gənclər və İdman Nazirliyinin dəstəyi və “Azercell
Telecom” MMC-nin tərəfdaşlığı ilə Əmək və Əhalinin Sosial Müdafiəsi
Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin Sumqayıt
Paralimpiya İdman Kompleksində növbəti Uşaq Paralimpiya Oyunları
keçirilib.
Trend-in
məlumatına görə, tədbirdə gənclər və idman naziri Fərid Qayıbov,
əmək və əhalinin sosial müdafiəsi naziri Anar Əliyev, Milli
Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadə, Milli
Paralimpiya Komitəsinin prezidenti Hidayət Abdullayev, Azərbaycan
Deflimpiya Komitəsinin prezidenti Anar Bayramov, İdman
Akademiyasının rektoru Fuad Hacıyev, ikiqat Paralimpiya çempionu
İlham Zəkiyev və idman ictimaiyyətinin digər nümayəndələri iştirak
ediblər.
Çıxışlarda Azərbaycanda milli paralimpiya hərəkatının ötən illər
ərzində böyük inkişaf yolu keçdiyi, Prezident İlham Əliyevin
paralimpiya idmanına göstərdiyi xüsusi diqqət nəticəsində
idmançıların tarixi uğurlar qazandığı vurğulanıb. Qeyd edilib ki,
uşaq paralimpiyaçılar da bu nailiyyətləri davam etdirmək
əzmindədirlər.
Tədbirdə DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzinin
yaradıcı heyəti musiqi nömrələri təqdim edib.
Oyunlarda 130 uşaq paralimpiyaçı iştirak edib və 8 idman növü
üzrə mübarizə aparıblar: paracüdo, parastolüstü tennis,
parataekvondo, paraüzgüçülük, parapauerliftinq, parabadminton,
parakamandan oxatma və boccia. Bu ilki Oyunlar əvvəlkilərə nisbətən
daha çox idman növünü əhatə edib.
Sonda qaliblər mükafatlandırılıb, digər iştirakçılara isə
sertifikat və hədiyyələr təqdim olunub. Uşaq Paralimpiya
Oyunlarının əsas məqsədi əlilliyi olan uşaqları idmana cəlb etmək
və onların bacarıqlarını inkişaf etdirərək gələcəkdə Azərbaycanı
beynəlxalq arenalarda təmsil edəcək yeni paralimpiyaçı nəslini
yetişdirməkdir.

