
BakI. Trend:
Son günlərdə havaların soyuması ilə əlaqədar olaraq ölkə
ərazisində kəskin respirator virus infeksiyalarının, o cümlədən
qripin yayılmasında mövsümi artım müşahidə olunur. Hava şəraitinin
dəyişməsi, insanların qapalı məkanlarda daha çox vaxt keçirməsi və
immun sisteminin zəifləməsi bu infeksiyaların geniş yayılmasına
şərait yaradır.
Trend xəbər
verir ki, bu barədə Səhiyyə Nazirliyi məlumat yayıb.
Bildirilib ki, hazırda əhali arasında ən çox rast gəlinən kəskin
respirator virus infeksiyaları adətən yüksək hərarət, öskürək,
boğaz ağrısı, ümumi halsızlıq və bəzən ağırlaşmalarla müşayiət
olunur. Risk qrupuna daxil olan şəxslər – yaşlılar, xroniki
xəstəliyi olanlar, hamilə qadınlar və uşaqlar üçün bu infeksiyalar
daha ağır fəsadlara səbəb ola bilər.
Kəskin respirator virus infeksiyalarına qarşı mübarizədə
profilaktik tədbirlər, xüsusilə peyvəndlənmə mühüm rol oynayır.
Səhiyyə Nazirliyi tərəfindən profilaktik və əksepidemik tədbirlərin
gücləndirilməsi məqsədilə qrip əleyhinə “Sanofi Pasteur” (Fransa)
şirkətinin istehsalı olan tam təhlükəsiz və yüksək keyfiyyətli
vaksin preparatları ölkəyə gətirilib.
Qripə qarşı peyvənd infeksiyaya yoluxma riskini azaltmaqla
yanaşı, xəstəliyin ağır keçməsinin və ağırlaşmaların qarşısının
alınmasında effektiv vasitə hesab olunur.
Bununla yanaşı, vətəndaşlara şəxsi gigiyena qaydalarına riayət
etmək, əlləri mütəmadi olaraq yumaq, qapalı və sıx məkanlarda tibbi
maskalardan istifadə etmək, xəstəlik əlamətləri müşahidə olunduqda
evdə qalmaq və özünümüalicədən çəkinərək vaxtında həkimə müraciət
etmək tövsiyə olunur.
Əhalinin sağlamlığının qorunması və respirator xəstəliklərə
yoluxma hallarının azaldılması məqsədilə Səhiyyə Nazirliyi
vətəndaşları məsuliyyətli davranmağa, xüsusilə risk qruplarına
daxil olan şəxsləri mövsümi qripə qarşı peyvənd olunmağa
çağırır.
Qeyd edək ki, qripə qarşı vaksinasiya tam ödənişsizdir, yaşayış
və ya iş yeri üzrə əhaliyə ambulator-poliklinik xidmət göstərən
dövlət tibb müəssisələrində aparılır.

