
Bakı. Trend:
Amerika–Azərbaycan Ticarət Palatası (United States–Azerbaijan
Chamber of Commerce – USACC) Beynəlxalq Sülh və Rifah naminə Tramp
Marşrutuna (Trump Route for International Peace and Prosperity –
TRIPP) həsr olunmuş yüksək səviyyəli dəyirmi masa təşkil edib.
Trend bu barədə
USACC-yə istinadən məlumat verir.
Tədbirdə TRIPP-in ABŞ-nin Mərkəzi Avrasiya üzrə yenilənmiş
strateji əməkdaşlığının əsas elementlərindən biri kimi rolu
vurğulanıb.
Müzakirələrdə Cənubi Qafqaz və Mərkəzi Asiya ölkələrinin
səfirləri, ABŞ hökumətinin yüksək vəzifəli nümayəndələri, eləcə də
özəl sektorun liderləri iştirak ediblər. İştirakçılar TRIPP-in
infrastrukturun sürətlə inkişafına töhfə verməsi, regional
əlaqəliliyin gücləndirilməsi və Orta Dəhliz boyunca ABŞ-nin
dayanıqlı iqtisadi mövcudluğunun formalaşdırılması baxımından
imkanlarını müzakirə ediblər.
ABŞ Dövlət Departamentinin sülh missiyaları üzrə xüsusi elçisi
Vinay Çavlanın sözlərinə görə, ABŞ-nin vasitəçiliyi ilə Azərbaycan
və Ermənistan arasında sülh sazişinin mətninin paraflanması tarixi
imkan pəncərəsi açıb.
“TRIPP təşəbbüsü tranzit marşrutu ümumi rifahın hərəkətverici
qüvvəsinə çevirərək bu sülhü möhkəmləndirməyin yoludur”, – deyə o
bildirib.
Onun sözlərinə görə, Amerika şirkətləri və kapitalı bu baxışın
ayrılmaz hissəsidir və ABŞ-nin hazırkı administrasiyası onların
təşəbbüsün həyata keçirilməsində tamhüquqlu iştirakını təmin etmək
niyyətindədir.
İştirakçılar vurğulayıblar ki, TRIPP təşəbbüsü dövlət–özəl
tərəfdaşlıq modelinə, biznesyönümlü yanaşmaya və uzunmüddətli
kommersiya dayanıqlığına fokuslanan regional əlaqəlilik
layihələrinin yeni nəslini təmsil edir.
Sessiyanı açan USACC-nin icraçı direktoru Natiq Baxışov qeyd
edib ki, TRIPP ənənəvi tranzit anlayışından kənara çıxaraq
infrastruktur investisiyalarını, tənzimləyici koordinasiyanı və
özəl sektorun iştirakını vahid strateji konsepsiya çərçivəsində
birləşdirir. Onun sözlərinə görə, TRIPP ABŞ-nin Cənubi Qafqaz və
Mərkəzi Asiya ölkələri ilə yenilənmiş qarşılıqlı fəaliyyətin
müəyyənləşdirici elementi olub və on ildən artıq müddətdə ilk dəfə
regional inteqrasiya və əlaqəlilik sahəsində bazar həlləri təklif
edib.
Ermənistan, Azərbaycan, Gürcüstan, Qazaxıstan, Qırğız
Respublikası, Türkmənistan və Özbəkistandan olan səfirlər və yüksək
səviyyəli diplomatlar TRIPP təşəbbüsünün inkişaf strategiyalarını
necə tamamlayacağı, transsərhəd sinerjiləri necə üzə çıxaracağı və
regional tranzit marşrutlarının rəqabət qabiliyyətini necə
artıracağı barədə baxışlarını bölüşüblər.
“Avqust sammiti regional sülh prosesinin inkişafında tarixi rol
oynadı”, – deyə Azərbaycanın ABŞ-dəkı səfiri Xəzər İbrahim
bildirib.
“Əlaqəlilik və əməkdaşlıq prinsipləri Türkiyə, Gürcüstan və
Mərkəzi Asiya ölkələri ilə möhkəm tərəfdaşlıq əlaqələri quraraq
gələcək inkişaf üçün etibarlı platforma yaratmış Azərbaycan
tərəfindən uzun illərdir təşviq olunur. Bu impuls realdır və çevik
hərəkət etmək lazımdır. TRIPP-in Orta Dəhlizin əsas komponenti kimi
uğurunun təmin edilməsi son dərəcə vacibdir”, – deyə səfir
vurğulayıb.
“Prezident Trampın liderliyi sayəsində sülh üçün bu təkanı
yaratmağa və TRIPP-i regional strategiyamızın əsas elementinə
çevirməyə nail olduq. ABŞ-ın iştirakı bu təşəbbüsü Cənubi Qafqaz,
Mərkəzi Asiya və digər regionlar üçün real faydalara çevirəcək.
Azərbaycanlı həmkarlarımızla konstruktiv qarşlıqlı fəaliyyəti və
müzakirələrin artıq konkret inkişaf layihələrinə doğru
irəliləməsini alqışlayıram. Belə praktik əməkdaşlıq formatı real
iqtisadi və sosial nəticələrin əldə olunması üçün son dərəcə
vacibdir”, – deyə ABŞ-dakı Ermənistan səfiri Narek Mkrtçyan
bildirib.
Müzakirələr zamanı ABŞ-nin Beynəlxalq İnkişaf Maliyyə
Korporasiyası (DFC) daxil olmaqla Amerika institutlarının
layihələrin maliyyələşdirilməsinin dəstəklənməsində, ticarətin
asanlaşdırılmasında və investisiya risklərinin azaldılmasında rolu
da diqqətə çatdırılıb. “Google”, “Bechtel” və “Tetra Tech”
şirkətləri də daxil olmaqla özəl sektor nümayəndələri və regional
ticarət assosiasiyaları sahə üzrə baxışlarını bölüşərək TRIPP və
əlaqəli regional təşəbbüslərin açdığı ticarət və investisiya
imkanlarına Amerika şirkətlərinin artan marağını qeyd ediblər.
“Dəyirmi masa” TRIPP-in ABŞ-nin strateji prioritetlərini
regional iqtisadi inteqrasiya prosesləri ilə uzlaşdırmaq üçün
unikal platforma təqdim etməsi, Cənubi Qafqaz və Mərkəzi Asiya üçün
miqyaslana bilən və kommersiya baxımından həyat qabiliyyətli
əlaqəlilik modeli təklif etməsi barədə ümumi qiymətləndirmə ilə
yekunlaşıb. USACC TRIPP-in uğurla həyata keçirilməsini və
uzunmüddətli təsirinin təmin olunmasını dəstəkləmək məqsədilə
hökumətlər, ABŞ qurumları və özəl sektor arasında dialoqun
təşviqinə sadiqliyini bir daha təsdiqləyib.
Xatırladaq ki, avqustun 8-də Vaşinqtonda Ermənistanla Azərbaycan
arasında sülh və dövlətlərarası münasibətlərin qurulması haqqında
saziş paraflanıb. Elə həmin gün Azərbaycan, Ermənistan və ABŞ
liderləri TRIPP layihəsini də nəzərdə tutan birgə bəyannamə
imzalayıblar.

