
Bakı. Trend:
Asiya İnkişaf Bankı (AİB) Mərkəzi Asiya Regional İqtisadi
Əməkdaşlıq (CAREC) təşəbbüsünün ikinci mərhələsi — İnteqrasiya
olunmuş Ticarət Gündəliyi 2030: rəqəmsal ticarətin
sürətləndirilməsi (3-cü alt-layihə) çərçivəsində Azərbaycana, eləcə
də Mərkəzi və Cənubi Asiyanın digər ölkələrinə dəstək göstərir.
Trend bu barədə
AİB-ə istinadən xəbər verir.
Təşəbbüs ticarət proseslərinin rəqəmsallaşdırılması və
transsərhəd əməliyyatların asanlaşdırılması yolu ilə
modernləşdirilməsinə yönəlib.
Koreyanın “e-Asia and “Knowledge Partnership Fund” tərəfdaşlıq
fondundan ayrılmış 900 min ABŞ dolları məbləğində texniki yardım
hesabına maliyyələşdirilən alt layihə elektron ticarət sənədlərinin
tətbiqinin sürətləndirilməsini, rəqəmsal ticarət üzrə model
qaydalar, prinsiplər və standartlardan istifadənin təşviqini,
həmçinin transsərhəd məlumat və ödəniş axınlarının idarə edilməsi
sisteminin yaradılmasını nəzərdə tutur.
Layihədə iştirak edən ölkələr sırasında Azərbaycan, Gürcüstan,
Qazaxıstan, Qırğız Respublikası, Monqolustan, Pakistan, Çin,
Tacikistan, Türkmənistan və Özbəkistan yer alır.
“AİB-in məlumatına görə, milli rəqəmsal strategiyaların qəbul
edilməsinə baxmayaraq, CAREC ölkələrinin bir çoxunda elektron
ticarət sənədləri və model standartlar hələ tam tətbiq olunmayıb.
Transsərhəd məlumat mübadiləsi, məxfilik, kibertəhlükəsizlik və
rəqəmsal ödənişlərin uyğunluğu sahələrində çətinliklər mövcuddur,
eləcə də ticarət əlaqəliliyinin infrastrukturu üzrə boşluqlar
qalır. Layihə bilik mübadiləsi, pilot layihələr və potensialın
artırılması vasitəsilə bu boşluqların aradan qaldırılmasına
yönəlib”, – AİB-in məlumatında qeyd olunub.
Təşəbbüsün CAREC ölkələrinin qlobal iqtisadiyyata
inteqrasiyasını gücləndirəcəyi, regional ticarətin “yaşıl
transformasiya”sını irəli aparacağı və CAREC 2030 İnteqrasiya
olunmuş Ticarət Gündəliyi, İqlim Dəyişikliyi üzrə Regional
Fəaliyyət Proqramı və İqlim, innovasiyalar və ticarət məsələləri
üzrə CAREC tərəfdaşlığına dair Bakı Bəyannaməsi çərçivəsində iqlim
həllərini dəstəkləyəcək.

