“Bakı Metropoliteni” QSC ötən ili zərərlə yekunlaşdırıb

Baş səhifə

Bakı.Trend:

“Bakı Metropoliteni” QSC 2024-cü ili fəaliyyətini 139.62 milyon
manat zərər ilə yekunlaşdırıb.

Trend QSC-nin
hesabatına istinadən xəbər verir ki, bu göstərici 2023-cü ilin
müvafiq dövrü ilə müqayisədə 81.6% artaraq metronun yığılmış zərəri
3 milyard 109.54 milyon manata çatıb.

Hesabatdan bəlli olur ki, 2024-cü ildə şirkətin cəmi gəlirləri
155.66 milyon manat təşkil edib ki, bu da 2023-cü illə müqayisədə
22.4% artım deməkdir. Gəlirlərin artımı əsasən sərnişindaşıma
xidmətləri və hökumət subsidiyaları hesabına baş verib.
Sərnişindaşıma gəlirləri 100.65 milyon manat, hökumət subsidiyaları
isə 50 milyon manat təşkil edib.

Əməliyyat xərcləri 294.17 milyon manat səviyyəsinə yüksəlib ki,
bu da 2023-cü ilin göstəricisindən 44.8% çoxdur. Xərclərin
artımında əsas vəsaitlərin dəyərsizləşməsi, əməkhaqqı, elektrik
enerjisi, mal-material və texniki xidmət xərcləri önə çıxır.




Hesabat dövründə metronun aktivləri 418.82 milyon manat,
öhdəlikləri isə 33.29 milyon manat olub. Kapital həcmi isə 385.53
milyon manata düşərək əvvəlki ilə nisbətən 1.1% azalıb.

İşçi heyətinə ödənilən məbləğ 86.28 milyon manat, elektrik
enerjisi xərcləri 13.93 milyon manat, əsas vəsaitlərin
dəyərsizləşməsi üzrə xərclər isə 148.01 milyon manat təşkil
edib.

2024-cü ildə davam edən tikinti layihələrinin həcmi də artıb.
İlkin dəyəri 731.41 milyon manat olan tamamlanmamış tikintilər
arasında “Xətai-Y20” stansiyası, B3 və B4 tunelləri, Dərnəgül və
Xocəsəndə yerləşən elektrik depoları, digər infrastruktur
obyektləri yer alıb.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir