
Bakı. Trend:
Rəsmi Vaşinqton Qəzza sektorunun infrastrukturunun bərpası
planının həyata keçirilməsi üçün federal büdcədən 60 milyard ABŞ
dolları məbləğində qrantlar və kredit zəmanətləri ayırmağı
planlaşdırmır.
Trend xarici KİV-ə
istinadən xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamentinin “X”
hesabında paylaşım edilib.
“Bu, saxta xəbərdir. Planda ABŞ-nin 60 milyard dollar ödəyəcəyi
barədə heç bir qeyd yoxdur”, – deyə açıqlamada vurğulanır.
Bununla belə, Dövlət Departamenti Qəzzanın bərpasına dair planın
mövcudluğunu inkar etmir.
Bundan əvvəl yerli mətbuatda qeyd olunmuşdu ki, ABŞ
prezidentinin xüsusi nümayəndəsi Stiven Uitkoff və Amerika
liderinin kürəkəni, sahibkar Cared Kuşner Qəzza sektorunun
bərpasına dair təklif hazırlayıblar. “Şəfəq Layihəsi” (Project
Sunrise) adlanan bu təşəbbüs “bombalanmış anklavın parlaq bir
metropola çevrilməsini” nəzərdə tutur. ABŞ tərəfinin
qiymətləndirməsinə görə, bunun üçün 10 il vaxt və 112,1 milyard ABŞ
dolları tələb olunacaq.
Nəşr yazır ki, planda Qəzzanın bərpasını hansı ölkələrin və
şirkətlərin maliyyələşdirəcəyi, həmçinin yenidənqurma dövründə 2
milyon fələstinlinin harada yaşayacağı göstərilmir. Eyni zamanda
mətbuatda qeyd edilirdi ki, Vaşinqton bu layihədə əsas oyunçu
olmağa, o cümlədən təxminən 60 milyard dollar məbləğində qrantlar
və kredit zəmanətləri təqdim etməyə hazırdır.

