
Bakı.Trend:
Çində keçirilən “CITM 2025” (“China International Travel Mart”)
beynəlxalq turizm sərgisi çərçivəsində Dövlət Turizm Agentliyinin
sədri Fuad Nağıyevin rəhbərlik etdiyi Azərbaycan nümayəndə heyəti
Çin Xalq Respublikasına səfər edib.
Trend xəbər
verir ki, bu barədə Dövlət Turizm Agentliyi məlumat yayıb.
Bildirilib ki, səfər çərçivəsində Azərbaycan və Çin arasında
turizm əlaqələrinin inkişaf istiqamətləri dekabrın 17-də Çin Xalq
Respublikasının paytaxtı Pekində Dövlət Turizm Agentliyinin sədri
Fuad Nağıyevlə Çinin Mədəniyyət və turizm naziri Sun Yeli arasında
keçirilən görüşdə müzakirə olunub.
Tərəflər cənab Prezident İlham Əliyev və cənab Sədr Si Cinpinin
səyləri ilə son dövrlərdə Azərbaycanla Çin arasında hərtərəfli
strateji tərəfdaşlıq münasibətlərinin qurulmasının bütün sahələr
kimi turizm əlaqələrinin də inkişafına töhfə verdiyini qeyd
ediblər.
Görüşdə çıxış edən Fuad Nağıyev Azərbaycan və Çin arasında son
illərdə turizm əlaqələrinin dinamik və yüksələn xətlə inkişafını
qeyd edərək viza rejiminin qarşılıqlı aradan qaldırılmasının turist
axınına müsbət təsirini vurğulayıb.
Agentlik sədri Azərbaycanın turizm potensialının Çində
tanıdılması məqsədilə aparılan genişmiqyaslı marketinq və tanıtım
kampaniyalarının davam etdiriləcəyini bildirərək turizm
əlaqələrinin yeni mərhələsi kimi Azərbaycanın Çində turizm
nümayəndəliyinin açılmasının planlaşdırıldığını qeyd edib.
O həmçinin yerli turizm sənayesinin çinli turistləri qarşılamaq
üçün hazırlıq səviyyəsini artırmaq məqsədilə hazırlanmış “China
Ready” proqramı haqqında məlumat verib, eləcə də ötən ay Bakıda
keçirilən “China Visitors Summit” tədbirinin iki ölkənin turizm
sənayesi nümayəndələri arasında əməkdaşlığın dərinləşməsi üçün
vacib addımlardan biri olduğunu qeyd edib.
Çinin Mədəniyyət və turizm naziri Sun Yeli öz növbəsində
Azərbaycan və Çin arasında iqtisadi və siyasi münasibətlərinin son
illərdə möhkəmlənməsi, bunun turizmə müsbət təsirləri, çinli
turistlərin Azərbaycana səfər etmələri üçün Azərbaycanın turizm
imkanlarının Çin bazarında tanıdılmasının vacibliyini qeyd edərək,
bu istiqamətdə birgə fəaliyyətin və turizm sənayesi nümayəndələri
arasında ikitərəfli əlaqələrin genişlənməsinin önəmini qeyd edib.
Nazir Sun Yeli diplomatik münasibətlərin qurulmasından ötən 33 il
ərzində Azərbaycan-Çin əlaqələrinin qarşılıqlı faydalı tərəfdaşlıq
üzrə inkişaf etdiyini, Azərbaycan turizm bazarının çinli turistlər
üçün maraqlı olduğunu diqqətə çatdırıb.
Görüşdə Azərbaycan nümayəndə heyətinin tərkibində Azərbaycan
Respublikasının Çin Xalq Respublikasında fövqəladə və səlahiyyətli
səfiri Bünyad Hüseynov da iştirak edib.
Azərbaycanın turizm imkanlarının tanıdıldığı “CITM 2025”
sərgisində milli stenddə ölkəmiz Azərbaycan Turizm Bürosu ilə
yanaşı, “Azərbaycan Hava Yolları” QSC, “Şahdağ” Turizm Mərkəzi və
digər yerli tərəfdaşlarla təmsil olunub. Sərgi çərçivəsində
Azərbaycan milli stendi “Ən yaxşı stend” nominasiyasına layiq
görülüb.
Dövlət Turizm Agentliyinin sədri Fuad Nağıyev Çin Xalq
Respublikasının Haykou şəhərində keçirilən sərginin açılış
mərasimində iştirak edib.
Həmçinin sərgi çərçivəsində Azərbaycan stendini ziyarət edən Çin
Xalq Respublikasının Mədəniyyət və turizm nazirinin müavini Gao
Zheng və BMT Turizmin Baş katibi Zurab Pololikaşvili ilə Fuad
Nağıyev arasında görüş keçirilib.

