
Bakı. Trend:
“AZCON Holding” şirkətlərindən olan “AzInTelecom” MMC və
Azərbaycan Uşaq Fondunun birgə təşəbbüsü ilə hazırlanmış “SİMA
missiyası” – texnoloji nağıl kitabı ictimaiyyətə təqdim olunub.
İbtidai sinif şagirdlərinin rəqəmsal savadlılığını artırmaq,
onlara internet təhlükəsizliyi və müasir texnologiyalardan düzgün
istifadə vərdişlərini aşılamaq məqsədilə hazırlanmış kitabın
müəllifləri Azərbaycan Yazıçılar Birliyinin üzvü, ictimai xadim
Zəhra Bədəlbəyli və gənc yazıçı Səid Riaddır. Üç hekayədən –
“Tanışlıq”, “Gələcəyə səyahət” və “Ağalı kəndi” – ibarət olan “SİMA
Missiyası” kitabı uşaqlara rəqəmsal identifikasiya, texnologiyanın
gələcəyimizdə rolu və Azərbaycanın ağıllı kənd konsepsiyası barədə
sadə və maraqlı dildə məlumatlar verir.
Kitabın təqdimat mərasimində müxtəlif dövlət qurumlarının
təmsilçiləri, incəsənət xadimləri və internat məktəbində təhsil
alan uşaqlar iştirak ediblər. Tədbirin açılış nitqini edən rəqəmsal
inkişaf və nəqliyyat nazirinin müşaviri Rəşad Bayramov
texnologiyadan təkcə informasiya mənbəyi kimi deyil, həm də
cəmiyyətə fayda verməyin bir yolu kimi istifadə etməyin
əhəmiyyətini vurğulayıb. Daha sonra “Zəfər” teatrının balaca aktyor
heyəti tərəfindən kitabın əhəmiyyətini əks etdirən kiçik tamaşa
nümayiş etdirilib.
Oxucular üçün daha əyləncəli olması məqsədilə müxtəlif
illüstrasiyalarla zənginləşdirilən və “TEAS Press” nəşriyyatı
tərəfindən 1500 tirajla çap edilən kitab internat məktəbləri, uşaq
evləri və ümumi təhsil məktəblərinin ibtidai sinif şagirdlərinə
pulsuz şəkildə təqdim olunacaq.
“AzInTelecom” üçün azyaşlıların, xüsusilə də valideyn
himayəsindən məhrum qalmış uşaqların təhsili və inkişafı xüsusi
əhəmiyyət kəsb edir. Şirkət bu istiqamətdəki dəstəyini hər zaman
davam etdirəcək və korporativ sosial məsuliyyət layihələrinin
həyata keçirilməsi üçün təşəbbüs göstərəcəkdir.

