
Bakı. Trend:
22–27 sentyabr 2026-cı il tarixlərində Çin Xalq Respublikasının
Şanxay şəhərində keçiriləcək “WorldSkills Shanghai 2026” beynəlxalq
yarışının kibertəhlükəsizlik istiqaməti üzrə seçim və hazırlıq
mərhələsinə start verilib. Dünyanın 89 ölkəsindən 1000-dən çox
iştirakçı və ekspertin qatılacağı nüfuzlu beynəlxalq platformada
Azərbaycanı təmsil edəcək mütəxəssislərin hazırlanması prosesi
İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi (İRİA), Peşə Təhsili üzrə
Dövlət Agentliyi və “WorldSkills Azərbaycan”ın birgə strateji
əməkdaşlığı çərçivəsində həyata keçirilir.
Seçim turları və yarışa hazırlıq prosesi İRİA-nın nəzdində
fəaliyyət göstərən Azərbaycan Kibertəhlükəsizlik Mərkəzində təşkil
olunur. Bu mərhələlər milli kiberkadr potensialının beynəlxalq
standartlara uyğun formalaşdırılmasını, gənc mütəxəssislərin
praktiki bacarıqlarının gücləndirilməsini və qlobal miqyasda
rəqabət qabiliyyətinin artırılmasını hədəfləyir.
Seçim mərhələsinin ilk turu olan CTF-1 (Capture The Flag) yarışı
20 dekabr 2025-ci il tarixində Azərbaycan Kibertəhlükəsizlik
Mərkəzində keçirilib. Yarışda ümumilikdə 80 namizəd iştirak edib.
CTF-1-in əsas məqsədi namizədlərin real dünya ssenarilərinə
əsaslanan kibertəhlükəsizlik bacarıqlarını qiymətləndirmək,
analitik düşüncə, texniki çeviklik və problem həll etmə
qabiliyyətlərini ölçmək olub. İştirakçılar yarış platforması
üzərindən təqdim olunan tapşırıqları müvafiq təlimatlara uyğun
şəkildə icra ediblər. Nəticələrə əsasən ən yüksək performans
göstərən 20 namizəd növbəti seçim mərhələsi olan CTF-2 yarışına
vəsiqə qazanacaq.
CTF-2 mərhələsi 2026-cı ilin yanvar ayında 20 namizəd arasında
keçiriləcək. Bu mərhələnin nəticələrinə əsasən seçiləcək 10 namizəd
2026-cı ilin fevral–avqust ayları ərzində Azərbaycan
Kibertəhlükəsizlik Mərkəzi tərəfindən təşkil olunacaq intensiv və
məqsədyönlü təlim proqramına cəlb ediləcək. Təlim proqramı
beynəlxalq yarış formatına uyğun olaraq texniki biliklərin
dərinləşdirilməsi, praktiki səriştələrin artırılması və qlobal
kibertəhlükəsizlik çağırışlarına cavab verə bilən mütəxəssislərin
hazırlanmasını nəzərdə tutur. Proqramı uğurla başa vuran 2
iştirakçı “WorldSkills Shanghai 2026” beynəlxalq yarışında
kibertəhlükəsizlik istiqaməti üzrə Azərbaycanı təmsil edəcək.
Bu seçim və hazırlıq prosesi ölkədə kibertəhlükəsizlik sahəsində
dayanıqlı peşəkar kadr ehtiyatının formalaşdırılmasına, milli
potensialın qlobal standartlarla uzlaşdırılmasına və Azərbaycanın
beynəlxalq peşəkar platformalarda mövqelərinin möhkəmləndirilməsinə
mühüm töhfə verir. Dövlət qurumları arasında qurulan effektiv
əməkdaşlıq və institusional yanaşma Azərbaycanın rəqəmsal
gələcəyinə yönəlmiş strateji prioritetlərin ardıcıl şəkildə həyata
keçirilməsini təmin edir.

