
Bakı. Trend:
Beynəlxalq Maliyyə Korporasiyası (IFC) məişət texnikası
istehsalı üzrə beynəlxalq şirkət olan, bu sahədə qlobal lider
sayılan “Beko” ilə 100 milyon avro məbləğində dayanıqlı inkişaf
göstəricilərinə bağlı kreditin verilməsini nəzərdə tutan saziş
imzalayıb.
Trend bu barədə
IFC-yə istinadən xəbər verir.
Qeyd olunur ki, bu kredit “Beko” tarixində bu tipli ilk
maliyyələşdirmədir və şirkətə bərpa olunan enerji mənbələrindən
istifadənin genişləndirilməsi, istehsal obyektlərinin seysmik
dayanıqlığının artırılması, həmçinin Türkiyə üzrə müəssisələrdə
tədqiqat və inkişaf (R&D) sahəsinə investisiyalar hesabına
innovasiyaların təşviqi imkanı yaradacaq.
“Cəlb olunmuş maliyyə vəsaiti bərpa olunan enerjidən istifadəyə
yönəlmiş “Beko”ya məxsus iki günəş elektrik stansiyasının
fəaliyyətinin davam etdirilməsini, eləcə də altı istehsal sahəsinin
möhkəmləndirilməsini təmin edəcək ki, bu da onların mümkün
zəlzələlərin təsirlərinə qarşı davamlılığını artıracaq. Bundan
əlavə, vəsait rəqəmsallaşmanın dəstəklənməsi və resurslardan
səmərəli istifadəyə töhfə verən, ekoloji cəhətdən effektiv yeni
nəsil məişət texnikasının hazırlanması məqsədilə “R&D” sahəsinə
yatırılacaq. Bu tədbirlər eyni zamanda kadr potensialının inkişafı
və innovasiyaların stimullaşdırılması təşəbbüslərini də əhatə edir
ki, bu da Beko-nun qlobal rəqabət qabiliyyətini daha da
gücləndirəcək.
Beşillik kreditin məişət texnikası istehsalında dayanıqlı
istehsala daha geniş keçidi təşviq edəcəyi və digər türk
istehsalçıları üçün ixrac imkanlarının genişlənməsinə töhfə
verəcəyi gözlənilir”, – məlumatda deyilir.

