Gəncədə 428 kilometr içməli, 380 kilometr tullantı su xətti çəkilib (FOTO)

Baş səhifə

Bakı. Trend:

Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin Tikilməkdə Olan
Obyektlərin Müdiriyyəti Gəncə şəhərində içməli su və tullantı su
təchizatını yaxşılaşdırmaq məqsədilə genişmiqyaslı layihələr həyata
keçirir. İşlər Beynəlxalq layihələr çərçivəsində və büdcə vəsaiti
hesabına intensiv olaraq davam etdirilir.

Trend xəbər verir ki, bu
barədə ADSEA məlumat yayıb.

İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətinin mətbuat katibi
Ceyhun Musaoğlunun sözlərinə görə, Gəncə şəhərinin içməli su
təchizatı 3 mənbədən təmin edilir: “Şəmkirçay su anbarından
götürülən su Sutəmizləyici Qurğular Kompleksində təmizlənərək
şəhərə ötürülür. Bununla yanaşı, Göygöl yaxınlığındakı bulaqlar,
Gəncəçayın məcrasında olan Qızılqaya su mənbələri də şəhəri içməli
su ilə təmin edir”.

Mətbuat katibi vurğulayıb ki, İri Şəhərlərin Birləşmiş Su
Təchizatı Xidmətinin Gəncə Sukanal İdarəsi şəhərin içməli və
tullantı su təchizatı, yağış sularının idarə olunması xidmətlərini
həyata keçirir və 74 min abonentə xidmət göstərir.

“Gəncə şəhərinin su təchizatı və kanalizasiya sisteminin yenidən
qurulması” layihəsi çərçivəsində diametri 530 millimetrdən 820
millimetrə qədər müxtəlif ölçülü 58,2 kilometr magistral, diametri
110 millimetrdən 450 millimetrədək 309 kilometr içməli su xətti
çəkilib.

21384 su sayğacı quraşdırılıb. Həcmi 21 min kubmetr olan 5 su
anbarı tikilib, 6 min kubmetrlik su anbarının tikintisi üzrə isə
işlər 50 faiz icra olunub.

Diametri 1600 millimetrə qədər müxtəlif ölçülü 324 kilometr
kanalizasiya xətti çəkilərək abonent birləşmələri verilib.
Sözügedən işlər beynəlxalq layihənin tələblərinə uyğun
aparılıb.




Büdcə vəsaiti hesabına isə diametri 450 millimetrədək 61
kilometr uzunluğunda müxtəlif ölçülü içməli su və 56 kilometr
kanalizasiya şəbəkə xətti çəkilərək abonent birləşmələri
verilib.

Gəncə şəhər sakinləri görülən işlər barədə razılıqlarını
bildirirlər. Şəhər sakini Suliddin Hüseynov intensiv yağışlar
zamanı onların yaşadıqları ərazidə əvvəllər su yığıntılarının əmələ
gəldiyini, tullantı su şəbəkələrində yüklənmələr olduğunu deyir. O
qeyd edir ki, məskunlaşmanın artması magistral kanalizasiya
borularının daha böyük diametrli xətlərlə əvəzlənməsi zərurəti
yaradırdı: “İndi şükürlər olsun hər şey düzəlir. Əminik ki, işlər
bitəndən sonra su təchizatında daha problem yaşamayacağıq”.

Sakin Elşən Ələkbərov da sevincini belə bölüşür: “Yaşadığımız
əraziyə yeni su, kanalizasiya xətti çəkildiyinə görə çox
sevincliyik. Küçəmiz gözəlləşib, suyu var, asfaltı var. Əziyyət
çəkənlərin hamısından razıyıq. Cənab prezidentimiz sağ olsun, Gəncə
şəhərinə bu qayğısına, diqqətinə görə”

İstehlakçıların suölçən cihazlarla təmin edilməsi layihəsi
çərçivəsində 9396 ədəd sayğac quraşdırılıb. Sayğaclar abonentlərin
su sərfiyyatını dəqiq ölçməyə, itkilərin və qeyri-şəffaflıq
hallarının qarşısını almağa imkan verir. Layihə həmçinin su
təchizatı xidmətlərinin keyfiyyətinin yüksəldilməsinə,
istifadəçilərin sərfiyyata uyğun ödəniş etməsinə şərait
yaradır.

Müasir tələblərə cavab verən infrastruktur yaradılır. Bu
sistemin əsas tərkib hissəsini mərkəzi su anbarları təşkil edir.
Hazırda Gəncə şəhərinin içməli su təchizatı 6 mərkəzi su anbarı
vasitəsilə həyata keçirilir. Anbarlarda toplanan sular müvafiq
qaydada təmizlənmə, dezinfeksiya və nəzarət proseslərindən
keçdikdən sonra şəbəkələr vasitəsilə əhalinin istifadəsinə
verilir.

Şəhərin bir hissəsinə verilən içməli su dörd min kubmetirlik
anbardan ötürülür. C. Musaoğlu bildirib ki, bu anbar Göygöl su
mənbəyindən qidalanır və şəhərin əsas su anbarlarından biri hesab
olunur: “Mənbədən anbara daxil olan suyun keyfiyyəti yoxlanılaraq
siyirtmə kameraları vasitəsilə özüaxımlı rejimdə, yəni elektrik
enerjisindən istifadə edilmədən şəhərə ötürülür”.

“Gəncə şəhərinin su təchizatı və kanalizasiya sisteminin yenidən
qurulması” layihəsi çərçivəsində həyata keçirilən işlər şəhərin su
infrastrukturu üçün mühüm mərhələ təşkil edir. Görülən tədbirlər
suyun keyfiyyətinin yüksəldilməsinə, xidmətin dayanıqlığının və
etibarlılığının artırılmasına, itkilərin azalmasına, abonent
məmnuniyyətinə şərait yaradır.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir