
Bakı. Trend:
Soydaşlarımız yerli cəmiyyətlərə uğurla inteqrasiya edərək
onların ictimai, siyasi, sosial həyatında olduqca fəal rol
oynayırlar. Millətlər arasında mənəvi körpülərin qurulmasına,
multikultural dəyərlərin formalaşmasına, gələcək naminə birgə
fəaliyyətin təşviqinə töhfələr verirlər. Nəticədə Azərbaycan
diasporunun üzvləri yaşadıqları ölkələrdə müxtəlif mükafatlara
layiq görülürlər. Koreya Respublikasında yaşayan Rahil Əhmədova və
Belçika Krallığında yaşayan Aydan Abdullayeva da bu baxımdan
fərqləniblər.
Trend xəbər verir ki, bu
barədə Diaporla İş üzrə Dövlət Komitəsi məlumat yayıb.
Koreya Respublikasında Azərbaycan icmasının fəal üzvü Rahil
Əhmədova multikultural ailələrə dair müsbət ictimai rəyin
formalaşmasına verdiyi töhfələrə görə “15-ci LG və Dong-A
Multikultural Mükafatı”nın “Grand Prize”inə layiq görülüb. Rahil
Əhmədova Mükafatlandırma mərasimində bildirib ki, bu mükafat
Koreyada yaşayan multikultural ailələr üçün bir təşviqdir və o,
gələcəkdə də Koreya ilə Azərbaycan arasında körpü olmağa davam
edəcək. 17 ildir həmin ölkədə yaşayan soydaşımız ictimai fəaliyyəti
və beynəlxalq layihələri ilə çoxmədəniyyətli ailələrin cəmiyyətdə
düzgün şəkildə tanıdılmasına töhfələr verir. Qeyd edək ki, “Dong-A
Ilbo” Koreyanın 1920-ci ildən nəşr olunan aparıcı milli
qəzetlərindən biridir. “LG və Dong-A Multikultural Mükafatı” isə
2010-cu ildə LG şirkəti və Dong-A Ilbo qəzeti tərəfindən təsis
olunub. Mükafat Koreyanı multikultural dost cəmiyyətə çevirməyə
əhəmiyyətli töhfə verən şəxsləri və qurumları dəstəkləmək məqsədi
daşıyır. Bu il 9 nəfər və 3 təşkilat mükafata layiq görülüb. Tədbir
Koreya mətbuatında da işıqlandırılıb: https://n.news.naver.com/article/020/0003680940?sid=102
Belçikanın Brüssel şəhərində yaşayan, diaspor fəalı Aydan
Abdullayeva isə 2026–2027-ci illər üzrə Gənc Avropa səfiri (YEAs)
seçilib. “Gənc Avropa səfirləri” (YEAs) təşəbbüsü 2016-cı ildə
Avropa İttifaqının (Aİ) “Şərq Qonşuluğu üzrə Regional Kommunikasiya
Proqramı” (“EU NEIGHBOURS East”) çərçivəsində həyata keçirilməyə
başlanıb. Bu təşəbbüs Azərbaycan, Belarus, Gürcüstan, Moldova,
Ukrayna, Ermənistan, eləcə də Aİ-yə üzv dövlətlər və Birləşmiş
Krallıqdan olan gəncləri bir araya gətirən, onları əlaqələndirən,
qeyri-siyasi, könüllülük prinsiplərinə əsaslanan və dinamik şəkildə
fəaliyyət göstərən bir kommunikasiya şəbəkəsidir. Şəbəkə Aİ-nin
Şərq Tərəfdaşlığı ölkələri ilə əməkdaşlığı barədə məlumatlılığın
artırılmasını, müxtəlif mövzularda siyasi dialoqa dəstək
verilməsini və daha yaxşı gələcək naminə birgə fəaliyyətin təşviq
edilməsini hədəfləyir. Vrije Universitetində Sosial Elmlər üzrə
təhsil alan Aydan Abdullayeva Laçında keçirilən Diaspor Gənclərinin
V Yay Düşərgəsinin iştirakçısı və Azərbaycan Diaspor Gəncləri (ADG)
təşkilatının üzvüdür.

