
Azərbaycanın bərpa olunan enerjiyə yatırımları doğru strategiyadır.
“APA-Economics” xəbər verir ki, bunu, Bakıda keçirilən II Azərbaycan–Türkiyə İnvestisiya Forumunda çıxış edən Türkiyə Respublikasının vitse-prezidenti Cevdet Yılmaz bildirib.
O deyib ki, qlobal enerji siyasətində dəyişikliklər fonunda Azərbaycan bərpa olunan enerji sahəsinə yönəlmiş strateji yanaşması ilə düzgün mövqe seçib.
Onun sözlərinə görə, Azərbaycanın bərpa olunan enerjiyə ciddi investisiyalar yatırması və eyni zamanda neftdən kənar sektorların inkişafına üstünlük verməsi iqtisadiyyatın şaxələndirilməsi baxımından doğru strategiyadır. Vitse-prezident qeyd edib ki, iqtisadiyyatın yalnız bir məhsula əsaslanmaması dayanıqlı inkişaf üçün vacibdir.
C. Yılmaz vurğulayıb ki, Türkiyə bərpa olunan enerji yatırımları və bu sahədə həyata keçirilən transformasiya prosesində qardaş Azərbaycanla hərtərəfli əməkdaşlığa hazırdır. Onun fikrincə, bu strateji dönüşümün uğurla davam etdirilməsi regional enerji təhlükəsizliyi baxımından da mühüm əhəmiyyət daşıyır.
Vitse-prezident, eyni zamanda, Türkiyə–Azərbaycan Birgə İqtisadi Komissiyasının 12-ci dövr toplantısında imzalanmış fəaliyyət planının icra vəziyyətinə toxunaraq, plan üzrə tədbirlərin böyük hissəsinin artıq həyata keçirildiyini və yeni dövrdə icra səviyyəsinin daha da yüksəldilməsinin hədəfləndiyini bildirib.
C. Yılmaz forumun iki ölkə arasında iqtisadi əməkdaşlığın gücləndirilməsinə, regionda sabitlik və rifahın artmasına töhfə verəcəyinə ümidvar olduğunu qeyd edib, tədbirin yeni tərəfdaşlıqlara və birgə layihələrə zəmin yaradacağını vurğulayıb.

