Təyyarə qəzasının səbəbləri ilə bağlı komissiya hələ bir müddət işləyəcək – İlham Əmirov

Baş səhifə

Bakı. Trend:

Hazırda baş vermiş qəza ilə bağlı Qazaxıstan Respublikasının
Dövlət Komissiyası hadisənin araşdırılması və təhlili istiqamətində
fəaliyyətini davam etdirir.

Trend xəbəri
verir ki, bunu AZAL-ın vitse-prezidenti İlham Əmirov J2-8243
reysinin anımına həsr olunmuş poçt markasının təqdimatı zamanı
jurnalistlərə açıqlamasında bildirib.

O qeyd edib ki, hansa bir hadisə baş verdikdən sonra, bir ay
ərzində İlkin Hesabat Komissiya tərəfindən hazırlanır və bütün
aviasiya qurumlarına təqdim olunur:

“İlkin Hesabat 2024-cü ilin yanvar ayının sonunda Azərbaycana da
təqdim edilib. Hesabatın mətnində baş vermiş faktlar əks olunub və
eyni zamanda təyyarənin göyərtəsində yerləşən və obyektiv
parametrləri qeydə alan, “qara qutu” adlandırılan cihazın oxunması
və təhlili nəticələri yer alıb.

Növbəti mərhələdə müəyyən olunub ki, təyyarənin naviqasiya
sistemlərində ciddi nasazlıqlar baş verib. Bunun əsas səbəbi həmin
gün Qroznı Hava Limanı ətrafında Rusiya Hərbi Hava Müdafiə
Qüvvələrinin dronlara qarşı apardığı mübarizə tədbirləri olub.

Nəticədə, uçuş heyəti havada bir sıra problemlərlə üzləşib.
Üstəlik, hava şəraitinin də əlverişsiz olması vəziyyəti daha da
çətinləşdirib”.

O qeyd edib ki, gözəçarpan ilk şey məsuliyyətsizlikdir:

“Qroznı Hava Limanı ətrafında Rusiya Hərbi Hava Müdafiə
Qüvvələrinin dronlara qarşı mübarizə aparırdısa təyyarəmizi qəbul
etməməliydilər”.

Xatırladaq ki, 25 dekabr 2024-ci il tarixində Azərbaycan
Respublikasının Bakı şəhərindən Rusiya Federasiyasının Qroznı
şəhərinə J2-8243 reysi üzrə müntəzəm uçuş həyata keçirən
“Azərbaycan Hava Yolları” QSC-yə (“AZAL”) məxsus və dövlət
reyestrində 4K-AZ65 nömrəsi ilə qeydiyyata alınmış Embraer 190-100
IGW tipli sərnişin hava gəmisi Qazaxıstan Respublikası ərazisində
Aktau hava limanı yaxınlığında qəzaya uğrayıb. Qəza nəticəsində iki
uçuş heyəti üzvü (kapitan və ikinci pilot), böyük təyyarə bələdçisi
və 35 sərnişin həlak olub.

İnsan tələfat və xəsarət alanlar olmasına baxmayaraq,
pilotların, bələdçilərin yüksək peşəkarlığı, şücaəti və cəsurluğu
sayəsində təyyarə qəza enişi həyata keçirib və 29 nəfərin həyatını
xilas etmək mümkün olub. Qazaxıstan Respublikasında gözlənilən qəza
enişi barədə məlumat daxil olduqdan dərhal sonra zəruri
qəza-xilasetmə tədbirləri həyata keçirilmiş, sağ qalanlar təxliyə
edilərək tibbi yardım göstərilib.

İlkin hesabat aşağıdakı faktları təsdiq edir:




1. 25 dekabr 2024-ci il tarixində Azərbaycan Respublikasının
Bakı şəhərindən Rusiya Federasiyasının Qroznı şəhərinə J2-8243
reysi üzrə müntəzəm uçuş həyata keçirən “Azərbaycan Hava Yolları”
QSC-yə məxsus və dövlət reyestrində 4K-AZ65 nömrəsi ilə qeydiyyata
alınmış Embraer 190-100 IGW tipli sərnişin hava gəmisi uçuşa
başladıqda və Qroznıya qədər olan uçuş hissəsində tam uçuşa yararlı
vəziyyətdə olmuşdur. Hava gəmisinin, o cümlədən onun idarəetmə
sisteminin uçuşa yararlılıqla əlaqədar bu məlumatlar FDR vasitəsilə
öz təsdiqini tapmışdır.

2. Hava gəmisinin mühərriklərinin hər ikisi qəza anına qədər hər
hansı texniki problem olmadan çalışmışlar. Bu məlumat (FDR
vasitəsilə təsdiq olunmuşdur.

3. Hava gəmisi Rusiya Federasiyasının hava məkanında, o cümlədən
Qroznı hava limanı üzərində uçuş əməliyyatları həyata keçirərkən
GPS siqnallarının itməsi halı ilə üzləşmişdir.

4. Hava gəmisi hava şəraitinin əlverişli olmaması səbəbindən
Qroznı üzərində ikinci enişi yerinə yetirə bilmədikdən sonra
kapitan Bakıya qayıtmaq barəsində qərar vermişdir. Bu qərarın qəbul
edilməsindən sonra Qroznı üzərində CVR-da 24 saniyə aralıqla iki
dəfə kənar səsin gəlmə faktı qeydiyyata alınmışdır.

5. CVR və FDR məlumatlarının tutuşdurulması nəticəsində müəyyən
edilmişdir ki, birinci kənar səsdən 4 saniyə sonra 3-cü hidravlik
sistem, 6 saniyə sonra 1-ci hidravlik sistem, 21 saniyə sonra 2-ci
hidravlik sistem funksionallığını itirməklə sıradan çıxmışdır.

6. Hava gəmisinin füzelyajında çoxsaylı dəlib keçən və kor
zədələrin olması faktı aşkar olunmuş və foto, habelə video
qeydiyyata alınmışdır. Həmin zədələrin hava gəmisinin füzelyajının
arxa hissəsində, xüsusilə şaquli və üfiqi stabilizatorlarında çox
sayda, habelə sol qanadda və sol mühərrikdə aşkar olunmuşdur.

7. Hava gəmisinin füzelyajında aşkar olunan zədələrin kənar
obyektlərin təsiri nəticəsində formalaşması barəsində məlumat
təqdim edilmişdir. İlkin hesabatda hava gəmisinin quşlarla
toqquşmasına işarə edən hər hansı fakt barəsində məlumat təqdim
edilməmişdir.

8. Hava gəmisi qalıqlarının kor zədələrində olan hava gəmisinə
məxsus olmayan kənar obyektlər aşkarlanaraq götürülmüş və həmin
kənar obyektlərin foto şəkilləri ilkin hesabat mətnində
ictimaiyyətə təqdim edilmişdir. Gələcəkdə aşkar olunmuş kənar
obyektlərin dəqiq mənsubiyyətinin müəyyənləşdirilməsi məqsədilə
əlavə ekspertizaların keçirilməsi planlaşdırılmışdır.

9. 05:13:32-də hava gəmisinin əsas idarəetmə sistemləri
itirilir, 05:21:42-də əlaqələndirici dispteçer “Ковер” əməliyyatı
barədə Qoznıya məlumat verir.

10. Oksigen balonunun partlaması ilə bağlı faktı ehtiva edən hər
hansı bir məlumat qeyd olunmamışdır.

BMAT-ın Çikaqo Konvensiyasına əsasən ilkin hesabat
hazırlandıqdan sonra qəzanın səbəbləri ilə bağlı qəza tarixindən 1
il ərzində yekun hesabat hazırlanmalıdır. Həmin yekun hesabatın
hazırlanması ilə bağlı Qazaxıstan Respublikası və araşdırmada
iştirak edən digər dövlətlər tərəfindən artıq işlər
başlanılmışdır.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir