
Bakı. Trend:
Azərbaycanla Oman arasında diplomatik, xüsusi və xidməti pasport
sahibləri vizadan qarşılıqlı azad ediləcək.
Trend-in
məlumatına görə, bu məsələ Milli Məclisin bugünkü plenar iclasında
müzakirə edilib.
29 oktyabr 2025-ci il tarixində Məsqət şəhərində imzalanan
Azərbaycan Respublikası Hökuməti ilə Oman Sultanlığı Hökuməti
arasında diplomatik, xüsusi və xidməti pasport sahiblərinin vizadan
qarşılıqlı azad edilməsi haqqında Saziş iki dövlət arasında
qarşılıqlı səfərlərin sadələşdirilməsini və müvafiq pasport
sahibləri üçün vizasız rejimin tətbiqini nəzərdə tutur. Saziş
bərabərlik və qarşılıqlılıq prinsipləri əsasında bağlanıb.
Sazişə əsasən, Tərəflərin etibarlı diplomatik, xüsusi və xidməti
pasportlarına malik vətəndaşları digər Tərəfin ərazisinə vizasız
daxil ola, oradan çıxa və tranzit keçə bilərlər. Qalma müddəti hər
180 gün ərzində 90 gündən artıq olmamalıdır. Qalma müddətinin
uzadılması qəbul edən dövlətin milli qanunvericiliyinə uyğun olaraq
viza əsasında həyata keçirilir.
Saziş çərçivəsində dövlət ərazisinə daxil olan pasportların
giriş tarixindən etibarən azı 6 ay müddətində etibarlı olması tələb
olunur. Vizasız rejimdən istifadə edən şəxslər qəbul edən dövlətin
miqrasiya, sərhəd, gömrük və ictimai təhlükəsizlik sahəsində
qanunvericiliyinə riayət etməlidirlər.
Saziş digər Tərəfin ərazisində akkreditə olunmuş diplomatik
nümayəndəliklərin, konsulluqların və beynəlxalq təşkilatların
üzvlərinə, habelə onların ailə üzvlərinə də şamil edilir.
Hər bir Tərəf milli təhlükəsizlik, ictimai asayiş və ya ictimai
sağlamlıq maraqları naminə Sazişin tətbiqini tam və ya qismən
müvəqqəti dayandıra bilər və bu barədə digər Tərəfi diplomatik
kanallar vasitəsilə məlumatlandırır.
“Azərbaycan Respublikası Hökuməti ilə Oman Sultanlığı Hökuməti
arasında diplomatik, xüsusi və xidməti pasport sahiblərinin vizadan
qarşılıqlı azad edilməsi haqqında Saziş”in təsdiq edilməsi barədə
qanun layihəsi səsverməyə qoyularaq bir oxunuşda
qəbul edilib.

