
Bakı. Trend:
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin fəaliyyəti
müasir Azərbaycan dövlətçiliyinin konseptual əsaslarının
formalaşdığı, milli maraqlara söykənən praqmatik idarəçilik
modelinin bərqərar olduğu bir dövr kimi xarakterizə olunur. Bu dövr
təkcə siyasi rəhbərlik mərhələsi deyil, eyni zamanda dövlətin
suverenliyinin tam bərpa edildiyi, beynəlxalq nüfuzunun yüksəldiyi
və sosial-iqtisadi inkişafın sistemli xarakter aldığı yeni tarixi
mərhələdir.
Bu sözləri Trend-ə açıqlamasında Milli Məclisin deputatı Afət
Həsənova deyib.
Deputat bildirib ki, 2024-cü il 7 fevral tarixində keçirilmiş
prezident seçkiləri Azərbaycanın siyasi tarixində mühüm dönüş
nöqtəsi kimi qiymətləndirilir:
“İlk dəfə olaraq seçkilərinin ölkənin bütün ərazilərində, o
cümlədən Xankəndidə keçirilməsi dövlət suverenliyinin real və
hüquqi baxımdan tam bərqərar olunduğunu nümayiş etdirdi. Prezident
İlham Əliyevin Xankəndidə səs verməsi isə yalnız siyasi jest deyil,
separatizmin qəti şəkildə tarixə qovuşmasının simvolu kimi
dəyərləndirilir.
Seçkilərin yüksək iştirakçılıq və beynəlxalq müşahidə şəraitində
baş tutması, Prezident İlham Əliyevin 92 faizdən artıq səs
toplaması ictimai-siyasi legitimliyin güclü ictimai dayaqlara
söykəndiyini göstərdi”.
A.Həsənova qeyd edib ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə
Azərbaycan siyasi sistemində təkamül yolu ilə islahatlar həyata
keçirilmiş, siyasi dialoq və çoxtərəfli əməkdaşlıq mühiti
formalaşdırılmışdır:
“Müxalif siyasi partiyaların parlamentdə təmsil olunması, yeni
“Siyasi partiyalar haqqında” qanunun qəbulu, dövlət maliyyə
dəstəyinin artırılması və siyasi institutların fəaliyyətinin
liberallaşdırılması ölkədə siyasi mədəniyyətin yeni mərhələyə
keçdiyini təsdiqləyir.
Bu model kəskin qarşıdurmaya deyil, milli maraqlar ətrafında
konsensusun formalaşdırılmasına əsaslanır ki, bu da postmünaqişə və
postpandemiya dövründə dövlət dayanıqlığı baxımından mühüm
amildir”.
Deputat əlavə edib ki, Prezident İlham Əliyevin yürütdüyü xarici
siyasət kursu milli maraqlara əsaslanan, lakin qlobal məsuliyyəti
də nəzərə alan praqmatik diplomatiya nümunəsidir:
“Azərbaycanın BMT Təhlükəsizlik Şurasına qeyri-daimi üzvlüyü,
Qoşulmama Hərəkatına sədrliyi, COP29-a ev sahibliyi və Türk
Dövlətləri Təşkilatı çərçivəsində artan fəallığı ölkənin regional
aktordan qlobal gündəmin iştirakçısına çevrildiyini göstərir.
Xüsusilə Azərbaycan–Türkiyə münasibətlərinin Şuşa Bəyannaməsi
ilə müttəfiqlik səviyyəsinə yüksəldilməsi regional təhlükəsizlik və
geosiyasi sabitlik baxımından strateji əhəmiyyət daşıyır”.
A.Həsənova qeyd edib ki, Prezident İlham Əliyev dövrünün əsas
xüsusiyyətlərindən biri iqtisadi artımın sosial rifaha
transformasiyasıdır:
“Qeyri-neft sektorunun inkişafı, infrastruktur layihələri,
sosial proqramlar, ünvanlı dövlət yardımları və insan kapitalına
yönəlmiş siyasət nəticəsində makroiqtisadi sabitlik və sosial
dayanıqlıq təmin olunmuşdur.
“Azərbaycan-2030” Milli Prioritetləri çərçivəsində həyata
keçirilən islahatlar iqtisadiyyatın innovasiya əsaslı inkişafını,
yaşıl enerji keçidini və dayanıqlı rifah modelinin
formalaşdırılmasını hədəfləyir”.
Deputat vurğulayıb ki, əfv və amnistiya təşəbbüsləri, gənclərə
və şəhid ailələrinə yönəlmiş sosial siyasət, tolerantlıq və
multikulturalizm sahəsində beynəlxalq təşəbbüslər Prezident İlham
Əliyevin idarəçilik fəlsəfəsində humanist dəyərlərin mərkəzi yer
tutduğunu göstərir:
“Bu siyasət yalnız bugünü deyil, gələcək nəsillərin təhlükəsiz
və firavan Azərbaycanda yaşamasını təmin etməyə yönəlmiş strateji
baxışın tərkib hissəsidir.
Suverenlik, inkişaf, beynəlxalq nüfuz və milli birlik bu
siyasətin əsas sütunlarıdır. Bu baxımdan Prezident İlham Əliyev
dövrü Azərbaycanın tarixində təkcə qalibiyyət mərhələsi deyil, eyni
zamanda uzunmüddətli dövlətçilik modelinin formalaşdığı mərhələ
kimi qiymətləndirilə bilər”.

