
Bakı. Trend:
Qərbi Avropanın bir sıra ölkələri, o cümlədən Fransa, İspaniya,
İtaliya, Yunanıstan və Almaniya yaxın gələcəkdə uşaqların sosial
şəbəkədən istifadəsinə məhdudiyyətlər və ya tam qadağalar tətbiq
etməyi nəzərdən keçirir.
Trend bu barədə
xarici KİV-ə istinadən xəbər verir.
Avstraliyanın bu yaxınlarda 16 yaşına çatmamış yeniyetmə və
uşaqların sosial şəbəkəyə girişinə qadağa tətbiq etməsindən sonra
avropalı parlamentarilər də oxşar tədbirləri müzakirə edirlər.
10 dekabr tarixindən etibarən Avstraliyada yaşı 16-dan aşağı
olan uşaqlar “Facebook”, “X”, “Threads”, “Snapchat”, “Instagram”,
“TikTok”, “Twitch”, “Reddit” və “Google”a məxsus “YouTube” kimi
platformalarda sosial media hesabı yarada və ya mövcud hesablarını
saxlaya bilməzlər.
Əgər bu platformaların qanunu pozduğu müəyyən edilərsə, onları
50 milyon Avstraliya dolları (28 milyon avro) məbləğində ciddi
cərimələr gözləyə bilər.
Bəs Avropa ölkələri uşaqların onlayn sosial mediaya çıxışını
məhdudlaşdırmaq üçün hansı addımlar atır?
Fransa
Fransanın rəqəmsal məsələlər üzrə naziri Ann Le Enanf Fransanın
“La Dépèche” qəzetinə bildirib ki, nazirliyi 2026-cı ilin ilk
aylarında 15 yaşdan aşağı şəxslər üçün sosial şəbəkələrə girişi
məhdudlaşdıran qanun layihəsini təqdim etməyi planlaşdırır.
İspaniya
İspaniyalı deputatların nəzərdən keçirdiyi qanun layihəsinə
əsasən, yaşı 16-dan aşağı olan uşaqlar valideynlərin açıq razılığı
olmadan sosial şəbəkələrə, forumlara, kommunikasiya platformalarına
və ya “generativ süni intellekt (GenAI) ehtiva edən istənilən
virtual məkana” daxil ola bilməməlidirlər.
Məqsəd “uyğunsuz məzmuna erkən məruz qalma, kiber-bulinq və ya
şəxsi məlumatların rəqəmsal istismarı ilə bağlı risklərin qarşısını
almaqdır”. Lakin bu “digər hallar”ın konkret nədən ibarət olduğu
açıqlanmır.
İtaliya
Ötən ilin may ayında İtaliya parlamenti 15 yaşdan aşağı uşaqlar
üçün sosial mediaya məhdudiyyətlər nəzərdə tutan qanun layihəsini
təqdim edib.Hazırda İtaliya Senatında müzakirə olunan bu qanuna 15
yaşdan aşağı “kidfluencer”lərin sosial media platformalarında
fəaliyyətinin məhdudlaşdırılması da daxildir.
İtaliyanın təhsil naziri Cüzeppe Valditara “Il Foglio” qəzetinə
açıqlamasında ölkənin Avstraliya modelini nümunə götürməli olduğunu
bildirib.
Yunanıstan
Sentyabr ayında Yunanıstanın baş naziri Kiryakos Mitsotakis BMT
Baş Assambleyasında çıxışı zamanı ölkənin Avstraliya modelinə
bənzər sosial şəbəkə qadağasını nəzərdən keçirdiyini bildirib.
Yunanıstan artıq məktəblərdə smartfonları qadağan edib və
Mitsotakisin sözlərinə görə, bu addım uşaqlara transformativ təsir
göstərib.
Hökumət, həmçinin ötən il valideynlərə “iOS” və “Android” mobil
telefonlarında valideyn nəzarətinin necə aktivləşdirilməsi ilə
bağlı təlimatlar təqdim edən veb-sayt istifadəyə verib.

