
Azərbaycan nə edəcək? – Türkiyə və Yunanıstan/İsrail gərginliyi
Yunanıstan dəqiq idarə olunan mobil raketlərin Egey adalarında yerləşdiriləcəyini bildirib. Bu raketlərin əksəriyyəti İsrail istehsalıdır və məqsəd Yunanıstanın müdafiə qabiliyyətini gücləndirməkdir.
Ankara bu addımı kəskin şəkildə tənqid edib və Türkiyə rəsmiləri xəbərdarlıq ediblər ki, Yunanıstan tərəfindən hər hansı təhdid “qəti şəkildə zərərsizləşdiriləcək”.
İsrail mediasının yazdığına görə, İsrailin Yunanıstanla əməkdaşlığı təkcə silah alış-verişi deyil.
İsrail həm də yunan əsgərlərinə təlim keçir, ölkəyə kəşfiyyat məlumatlarının əldə edilməsində yardım edir və ölkələr ortaq müdafiə qüvəvləri yaradıblar.
Bu prosesə artıq yunan Kipri də qoşulub. Türkiyə təhlilçilər bunu Yunanıstan və İsrailin Türkiyəyə qarşı yönələn əməkdaşlığı ilə əlaqələndiriblər.
Bu vəziyyət gərginləşərsə, regionda daha dərin münaqişəyə çevrilərsə və İsrail Yunanıstana hərbi dəstək verərsə, Azərbaycan kimə daha sadiq olmaq sualı qarşısında qala bilər.
Azərbaycanın İkinci Qarabağ müharibəsindəki qələbəsində İsrailin ona satdığı silahlar mühüm rol oynayıb.
Yunanıstana isə İsrail yalnız silah satmır, həm də hərbisinin modernləşməsində yaxından iştirak edir.
Türkiyə də Azərbaycana oxşar dəstəyi göstərib və üstəlik, iki ölkə arsında münasibətlər mənəvi və dil bağlarına, eləcə də bir millət, iki dövlət fəlsəfəsinə əsaslanır. Üstəlik, hər iki ölkə müttəfiqlik sazişi ilə birinin ölkəsinə kənar müdaxilə olarsa, dəstək verəcəyi öhdəliyini götürüb.
Belə olan halda, Azərbaycanın İsrailin Yunanıstanı Türkiyəyə qarşı gücləndirməsinə səssiz qalması Türkiyə ilə münasibətlərinə zərər vura bilər. Etiraz edərsə, İsrail narazı düşər və yenilənmiş müdafiə sistemləri və ya müşahidə texnologiyalarını Azərbaycana satmaqdan imtina edər.
Üstəlik, Azərbaycanı beynəlxalq platformalarda dəstəkləyən yəhudi lobbisi də dəstəyini geri çəkə bilər.
Həm İsraillə münasibətləri qorumaq, həm də Türkiyə ilə yaxınlığı Azərbaycanın balanslı xarici siyasətinə çətinlik yarada bilər.

