
Bakı.Trend:
Ölkəmizdə mikro, kiçik və orta biznes (KOB) üzrə müsbət artım
dinamikası davam edir. Artım KOB-ların sayında, məşğulluqda və
əlavə dəyərdəki payında, işçilərinin sayında özünü göstərir.
Dövlət Statistika Komitəsinin məlumatına əsasən 2024-cü ildə
KOB-ların sayı 424437 olub ki, bu əvvəlki illə müqayisədə 5,8%
çoxdur. 2023-cü illə müqayisədə ötən il KOB-ların yaratdığı əlavə
dəyərin həcmi 3,4% artaraq 21,1 mlrd. manat təşkil edib. 2023-cü
ildə KOB subyektlərində çalışan işçilərin sayı 390 800 nəfər olduğu
halda, ötən il bu göstərici 417 800 nəfər olub. Bu isə 6,9% artım
deməkdir. Qeyd edilən artım fonunda KOB-ların məşğulluqdakı payı
45,3%-ə yüksəlib.
Ümumilikdə son bir neçə ildə ölkə iqtisadiyyatında və
məşğulluqda KOB-ların rolunun artması müşahidə edilir. Bu,
KOB-ların iqtisadiyyatın dayanıqlı inkişafına daha çox töhfə
verdiyini, dövlət tərəfindən KOB-ların fəaliyyətinə göstərilən
dəstək tədbirlərinin effektivliyini nümayiş etdirir.
Qeyd edək ki, ölkə üzrə qeydiyyatdan keçmiş sahibkarlıq
subyektlərinin 99,7%-ni KOB subyektləri təşkil edir.

