
Bakı. Trend:
Avropa İnvestisiya Bankı (EIB) “EIB Global” vasitəsilə Avropa
İttifaqının prioritetlərinə və “Global Gateway” strategiyası, eləcə
də Aİ-nin Qara dəniz regionuna dair yeni Strateji Yanaşması
çərçivəsində ölkənin əlaqəlilik sahəsində məqsədlərinə uyğun olduğu
təqdirdə, Azərbaycanda infrastruktur və logistika layihələrinin
maliyyələşdirilməsinə açıqdır.
Bu barədə Trend-ə EIB-in Cənubi Qafqaz üzrə Regional
Nümayəndəliyinin (Tbilisi) rəhbəri Stella Renita bildirib.
Azərbaycan Orta Dəhlizin mühüm həlqəsidir
Rəhbərin sözlərinə görə, Azərbaycan Orta Dəhliz boyunca mühüm
rol oynayır, çünki o həm genişləndirilmiş Trans-Avropa Nəqliyyat
Şəbəkəsinə (TEN-T) daxildir, həm də Transxəzər nəqliyyat dəhlizinin
bir hissəsidir.
“Dəmir yolu, liman və avtomobil infrastrukturlarının daha sıx
inteqrasiyası üçün əhəmiyyətli potensial mövcuddur ki, bu da
Mərkəzi Asiya ilə Avropa arasında əlaqələrin yaxşılaşdırılmasına,
tranzit vaxtının azaldılmasına və daha şaxələndirilmiş ticarət
marşrutlarının dəstəklənməsinə imkan verəcək.
EIB artıq Orta Dəhlizin əsas hissəsi olan Bakı–Böyük Kəsik dəmir
yolu dəhlizi üzrə təhlükəsizliyin artırılmasına dair məsləhət
dəstəyi göstərməklə bu prosesdə iştirak edir. Bu işlər Avropa
İttifaqı tərəfindən maliyyələşdirilən və EIB tərəfindən idarə
olunan Şərq Tərəfdaşlığının Əlaqəlilik üzrə İnvestisiya Mexanizmi
(Facility for Eastern Partnership Investment in Connectivity)
çərçivəsində həyata keçirilib. Sözügedən tapşırığın icrası
əməliyyat təhlükəsizliyinin artırılması, səyahət vaxtının və
emissiyaların azaldılması, eləcə də Aİ-nin ekoloji və texniki
standartlarına uyğunluğun təmin edilməsi hesabına layihələrin
hazırlanmasına töhfə verib”, – deyə o qeyd edib.
EIB Orta Dəhlizə özəl investisiyaların cəlb edilməsi
mexanizmləri barədə
S. Renita vurğulayıb ki, özəl investisiyaların cəlb edilməsi
Aİ-nin “Global Gateway” yanaşmasının əsas məqsədlərindən
biridir.
Onun sözlərinə görə, bu kontekstdə EIB uyğun şərtlər mövcud
olduqda, əlaqəlilik sahəsində strateji əhəmiyyətli layihələrə özəl
kapitalın səfərbər edilməsi üçün geniş maliyyə alətlərindən
istifadə edə bilər.
“Bu alətlərə uzunmüddətli kreditlər, layihə maliyyələşdirilməsi
strukturları, habelə Aİ-nin (2021–2027-ci illər üçün əsas xarici
maliyyə aləti olan )“NDICI–Global Europe” proqramı çərçivəsində
büdcə zəmanətləri ilə təmin edilən qarışıq maliyyələşdirmə (blended
finance) və risklərin bölüşdürülməsi üzrə həllər daxildir. Bu
alətlər risklərin azaldılmasına, layihələrin investisiya
cəlbediciliyinin artırılmasına və onların bank uyğunluğunun
yaxşılaşdırılmasına yönəlib, bununla da infrastruktur
investisiyalarını özəl investorlar üçün daha cəlbedici edir”, –
deyə o əlavə edib.
EIB Azərbaycan üzərindən multimodal marşrutların
genişləndirilməsi potensialını görür
Rəhbər bildirib ki, Azərbaycan şərq–qərb marşrutları üzrə əsas
tranzit qovşağa çevrilmək və Aİ-nin əlaqəlilik sahəsində
prioritetlərinə uyğun olaraq Avropa, Cənubi Qafqaz və Mərkəzi Asiya
arasında daha güclü multimodal əlaqələrin inkişafına töhfə vermək
potensialına malikdir.
“EIB baxımından əsas diqqət dəmir yolları, limanlar və avtomobil
yolları kimi müxtəlif nəqliyyat növləri arasında qarşılıqlı əlaqəni
yaxşılaşdıran, eyni zamanda onların səmərəliliyini,
təhlükəsizliyini və dayanıqlığını artıran investisiyalara
yönəldilir. Aşağı karbonlu nəqliyyatı, regional inteqrasiyanı və
Avropa texniki, ekoloji və əməliyyat standartlarına uyğunluğu
dəstəkləyən layihələrə xüsusi əhəmiyyət verilir ki, bu da Avropaya
və Avropadan davamlı ticarət axınlarının təmin edilməsinə töhfə
verir”, – deyə o qeyd edib.
EIB Orta Dəhlizin səmərəliliyinin artırılması üçün
rəqəmsallaşmanı dəstəkləyir
Stella Renita xüsusilə vurğulayıb ki, rəqəmsallaşma Aİ-nin
“Global Gateway” strategiyasının əsas prioritetlərindən biridir və
fiziki infrastrukturun mühüm tamamlayıcısıdır.
“EIB nəqliyyat və logistika sahəsində rəqəmsal həllərin
tətbiqini dəstəkləyir. Buraya intellektual nəqliyyat sistemləri,
yükdaşımalar üçün rəqəmsal həllər, liman informasiya sistemləri,
eləcə də məlumatların şəffaflığını, izlənə bilənliyini və sərhəd
prosedurlarının səmərəliliyini artıran alətlər daxildir.
Orta Dəhliz kimi dəhlizlər boyunca rəqəmsal həllər dar
boğazların aradan qaldırılmasında, idarəetmənin gücləndirilməsində
və dəhlizin ümumi səmərəliliyinin artırılmasında mühüm rol oynaya
bilər. EIB-in bu sahədə istənilən iştirakı Aİ-nin rəqəmsal və
idarəetmə standartlarına tam uyğun olacaq və milli dövlət
qurumları, Avropa Komissiyası və digər müvafiq maraqlı tərəflərlə
sıx əməkdaşlıq şəraitində həyata keçiriləcək”, – deyə o
yekunlaşdırıb.

