
Bakı. Trend:
Venesuela Milli Assambleyası piratçılıq, blokada və digər
qanunsuz beynəlxalq hərəkətlər fonunda naviqasiya və ticarət
azadlığını təmin edən qanun layihəsini yekdilliklə təsdiqləyib.
Trend xəbər verir
ki, bu barədə parlamentin spikeri Xorxe Rodriges məlumat verib.
Rodriges bildirib ki, qəbul edilən qanun dənizçilik və ticarət
azadlığının piratçılıqdan, blokadadan və digər qanunsuz beynəlxalq
hərəkətlərdən qorunmasını nəzərdə tutur və parlament üzvlərinin
birgə səylərinin nəticəsidir.
Qanun BMT Nizamnaməsinə və 1958-ci il Dəniz Hüququ üzrə Cenevrə
Konvensiyasına əsaslanır. Sənəddə piratçılıq beynəlxalq sularda
gəmiyə və ya təyyarəyə qarşı törədilən hər hansı qanunsuz
zorakılıq, ələ keçirmə və ya quldurluq aktı kimi müəyyən
edilir.
Qanunun maddələrindən birinə əsasən, Venesuela ilə ticarət
əməliyyatları aparan hüquqi şəxslərə qarşı piratçılıq, blokada və
digər beynəlxalq cinayətlərə təhrik, çağırış, yardım,
maliyyələşdirmə və ya iştirak edən şəxslər 15 ildən 20 ilədək
azadlıqdan məhrum edilə bilərlər.

