24 DEKABR Qətiyyətli lider, müzəffər Ali Baş Komandan

Baş səhifə

Bakı. Trend:

Başa çatmaq üzrə olan 2025-ci il xalqımızın tarixinə mühüm
siyasi və iqtisadi nailiyyətlərlə zəngin bir dövr kimi həkk
olunacaq. Bu ilin mənzərəsi göstərir ki, həm siyasi, həm iqtisadi,
o cümlədən sosial sferada müəyyən edilən bütün vəzifələr yerinə
yetirilib, Azərbaycan regionda və qlobal arenada öz mövqelərini
daha da gücləndirib. Ümumilikdə isə ilin bütün siyasi və iqtisadi
hadisələri Azərbaycanın özünün bütün hədəflərinə doğru qətiyyətlə
irəlilədiyini və məqsədlərinə çatdığını təsdiq edir.

Lakin yalnız 2025-ci ilin deyil, geridə qoyduğumuz digər illərin
də reallıqlarına nəzər salsaq görərik ki, respublikamızın tarixi ən
möhtəşəm uğurlarla əlamətdardır. Və bütün bunlar ilk növbədə
xalqımızın Ümummilli Lideri Heydər Əliyevin əbədiyaşar ideyalarının
və Prezident İlham Əliyevin müdrik siyasətinin təntənəsidir. Bu
siyasətin nəticəsidir ki, Azərbaycan qarşısında dayanan əsas
strateji məqsədlərinə nail olub. Bu siyasətin nəticəsidir ki,
respublikamız region və qlobal səviyyədə siyasi və iqtisadi
proseslərdə fəal iştirak edir, əməkdaşlıq əlaqələrini
stimullaşdırır, dünyada sülhə və təhlükəsizliyə mühüm töhfələr
verir.

Ümumiyyətlə, Azərbaycanın bütün uğurları ilk növbədə Prezident
İlham Əliyevin Heydər Əliyev siyasi kursunu uğurla davam etdirərək,
verdiyi bütün vədləri layiqincə yerinə yetirdiyini göstərir. Hələ
2003-cü ilin prezident seçkilərindən sonra keçirilən andiçmə
mərasimində dövlət başçısı İlham Əliyev demişdi:

“Mən Azərbaycanın xoşbəxt gələcəyinə inanıram. Əminəm ki,
ölkəmiz bundan sonra da inkişaf edəcək, daha da güclənəcəkdir.
Azərbaycanda demokratiya daha da inkişaf edəcək, siyasi plüralizm,
söz azadlığı təmin olunacaqdır. Ölkəmiz müasir dövlətə
çevriləcəkdir. Bütün bunları etmək üçün Azərbaycanda çox işlər
görmək lazımdır. Ancaq bütün bunları həyata keçirmək və Azərbaycanı
qüdrətli dövlətə çevirmək üçün ən başlıcası, ölkədə Heydər Əliyevin
siyasəti davam etdirilməlidir. Bu gün yüksək kürsüdən çıxış edərkən
mən Azərbaycan xalqına söz verirəm ki, bu siyasətə sadiq qalacağam,
heç vaxt bu yoldan dönməyəcəyəm, Heydər Əliyevin siyasətini davam
etdirəcəyəm”.

Geridə qoyduğumuz 22 ildən bir qədər artıq dövrün mənzərəsi
Prezident İlham Əliyevin bu sitatında yer alan bütün fikirlərin
real həyata vəsiqə aldığını tam miqyası ilə təsdiq edir. Öncə onu
qeyd edim ki, bu illər ərzində Ulu Öndər Heydər Əliyevin müəyyən
etdiyi siyasi kursun Prezident İlham Əliyev tərəfindən inamla davam
etdirilməsi və zamanın çağırışlarından irəli gələrək daha da
zənginləşdirilməsi Azərbaycanın inkişafında dayanan əsas ideoloji
təməl kimi çıxış edib. Nəticə etibarilə Azərbaycan tarixinin ən
sürətli və dinamik inkişaf dövrünə qədəm qoyub, ildən ilə
iqtisadiyyatda artım baş verib, vətəndaşların sosial rifahı daha da
yaxşılaşıb.

Ötən dövr ərzində iqtisadi və sosial göstəricilərin
yüksəlməsində ilk növbədə Prezident İlham Əliyevin başlatdığı yeni
islahatların düşünülmüş və əsaslandırılmış olması, o cümlədən,
enerji sferasında qarşıya qoyulan vəzifələrin tam reallaşdırılması
mühüm rol oynayıb. Bu islahatlar nəticəsində regionların iqtisadi
potensialı hərəkətə gətirilib, yeni sənaye sahələri yaradılıb.
İqtisadiyyatda diversifikasiyanın baş verməsi ölkə üzrə ümumi
əmsalda qeyri-neft sektorunun payını əhəmiyyətli artırıb.
Bakı-Tbilisi-Ceyhan neft, Bakı-Tbilisi-Ərzurum qaz kəmərlərinin
istifadəyə verilməsi, daha sonra Cənub Qaz Dəhlizinin işə salınması
nəticəsində ölkəmizin artan maliyyə imkanları iqtisadi sferada,
xüsusən qeyri-neft sektorunun inkişafının sürətləndirilməsi ilə
bağlı qarşıda dayanan strateji vəzifələrin daha çevik və səmərəli
şəkildə yerinə yetirilməsində mühüm rol oynayıb.

Onu da vurğulamaq lazımdır ki, Azərbaycanın müəllifi olduğu
bütün neft-qaz kəmərlərinin inşası və istifadəyə verilməsi də ilk
növbədə Prezident İlham Əliyevin qətiyyətli siyasətindən xəbər
verir. Dövlətimizin başçısı bu yolda bütün maneələri, o cümlədən
erməni lobbisinin yaratdığı əngəlləri qətiyyətlə dəf edib. Tarixdə
ilk dəfə olaraq Azərbaycan dövləti Prezident İlham Əliyevin
liderliyi ilə Xəzərin karbohidrogen ehtiyatlarını dünya bazarlarına
çıxarıb. Bunun nəticəsidir ki, indi Azərbaycanın qlobal enerji
təhlükəsizliyi məsələlərində söz sahibi olan dövlətdir. Hazırda
Rusiya ilə Ukrayna arasında davam edən müharibə fonunda Prezident
İlham Əliyevin nə qədər müdrik və uzaqgörən enerji siyasəti
yürütdüyü aydın görünür. Təsadüfi deyil ki, hazırda bir sıra Avropa
dövlətləri öz enerji təhlükəsizliklərinə görə məhz Azərbaycana
minnətdardırlar.

Respublikamızın Prezident İlham Əliyevin rəhbərliyi ilə əldə
etdiyi uğurların miqyası olduqca böyükdür. Bu sırada Azərbaycanın
regionun nəqliyyat habına çevrilməsi, Şərq-Qərb, Şimal-Cənub
nəqliyyat dəhlizlərində fəal rol oynaması, kosmik kluba daxil
olması, beynəlxalq tədbirlərin ünvanına çevrilməsi, dünyanın ən
təhlükəsiz ölkələrindən biri kimi tanınması Prezident İlham
Əliyevin rəhbərliyinin mühüm siyasi nəticələridir.

Dövlət başçısının liderliyi ilə xalqımızın nail olduğu ən böyük
uğur isə əlbəttə ki, torpaqlarımızın işğaldan azad olunması və
ərazi bütövlüyümüzün bərpa olunmasıdır. İlham Əliyev hələ 2003-cü
ildə Azərbaycan Prezidenti kimi and içərkən torpaqlarımızın
işğaldan azad olunmasını öz fəaliyyətinin prioritetlərindən biri
olaraq müəyyən etdi. Dövlətimizin başçısı hər zaman torpaqlarımızın
azadlığı məsələsində qətiyyətli siyasət yürütdü, Azərbaycan
ərazilərində ikinci erməni dövlətinin yaradılmasına imkan
verilməyəcəyini hər zaman qətiyyətlə bəyan etdi. Eyni zamanda hər
zaman açıq mətnlə bildirdi ki, danışıqlar nəticəsiz qalarsa,
Azərbaycan dövləti öz ərazilərini müharibə yolu ilə işğaldan azad
edəcək. Ermənistanın hərbi təxribatlarından sonra başlanan İkinci
Qarabağ müharibəsi dövlət başçısı İlham Əliyevin bu barədə
fikirlərinin real həyatdakı təsdiqi oldu. “Nəyi necə, nə vaxt etmək
lazımdır, bunu mən bilirəm” – deyən Prezident İlham Əliyevin Ali
Baş Komandanlığı ilə Azərbaycan Silahlı Qüvvələri cəmi 44 günə
torpaqlarımızı işğaldan azad etdi. Bu zəfərin davamı kimi 2023-cü
ilin sentyabrında cəmi 23 saat ərzində Qarabağdakı separatçı rejim
darmadağın edilərək, Azərbaycan dövlətinin milli suverenliyi,
konstitusiyamızın hüquqi qüvvəsi bütün ərazilərimiz üzərində
bərqərar olundu.

Dövlət və xalq məhz bu cür qələbələrlə ucalır. Bu baxımdan
Prezident İlham Əliyev ərazi bütövlüyümüzün bərpasının müəllifi
kimi xalqımızın başını uca etdi, Azərbaycana dünyada yüksək ehtiram
qazandırdı. Prezident İlham Əliyev özü isə dünyanın ən nüfuzlu
siyasi liderləri cərgəsində dayanır.

Bu günlərdə ad günü münasibətilə Prezident İlham Əliyevin
ünvanına dünyanın hər yerindən, dövlət və hökumət başçılarından,
beynəlxalq təşkilatların sədrlərindən, ictimai xadimlərdən təbrik
məktubları gəlir. Bütün bunların hamısı, o cümlədən məktublarda yer
alan fikirlər Prezident İlham Əliyevə olan beynəlxalq ehtiramın,
dövlətimizin başçısının nüfuzlu siyasi liderlərlə bir cərgədə
dayanmasının göstəricisidir.

Respublikamız Vətən müharibəsinin başa çatmasından və ərazi
bütövlüyümüzün bərpasından sonra formalaşmış yeni reallıqlar
mühitində inamla və qürurla öz inkişafının növbəti mərhələsinə
daxil olub. Bu yeni mərhələdə qarşıda duran strateji vəzifələr
dövlət müstəqilliyimizi, milli suverenliyimizi, əldə olunan
nailiyyətlərimizi daha da möhkəmləndirmək, Qarabağ və Şərqi
Zəngəzuru bərpa etmək və Azərbaycanı inkişaf etmiş dövlətlərin
cərgəsinə yüksəltməkdir.

İşğaldan azad edilmiş ərazilərdə irimiqyaslı bərpa və
yenidənqurma işlərinin, Böyük Qayıdışın, müasir ordu quruculuğunun
davam etdirilməsi, qabaqcıl elmə və yüksək texnologiyalara
əsaslanan iqtisadiyyatın formalaşdırılması, cəmiyyətin rifahının
yüksəldilməsi, müstəqil xarici siyasət sayəsində Azərbaycanın
beynəlxalq mövqelərinin daha da gücləndirilməsi, zəngin mədəni
irsimizin, milli-mənəvi dəyərlərimizin qorunması və digər məsələlər
həyata keçirilən siyasətin prioritet istiqamətləridir. Bu mərhələdə
də cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə respublikamız
artıq yeni nailiyyətlərə imza atmaqdadır.

Xanlar Fətiyev,
Milli Məclisin deputatı

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir