
Bakı. Trend:
“Baku Network” ekspert platformasında “Tofiq Abbasovla Dialoq”
analitik verlişinin növbəti buraxılışı yayımlanıb.
Trend xəbər verir
ki, verlişin bu dəfəki qonağı Azərbaycan Milli Elmlər
Akademiyasının Fəlsəfə və Sosiologiya İnstitutunun direktoru,
professor İlham Məmmədzadə olub.
Verlişin gedişində Tofiq Abbasov və İlham Məmmədzadə Cənubi
Qafqazda sülh prosesisinin yaratdığı perspektivləri, Ermənistandakı
daxili siyasi vəziyyəti, regionda tam sabitliyə töhfə verən və ya
əksinə, əngəl yaradan amilləri, eləcə də dini institutların rolunu
müzakirə ediblər.
İlham Məmmədzadə qeyd edib ki, yekun və geridönülməz sülhün
bərqərar olması labüd prosesdir, lakin bu yola gedən yol zaman və
səbir tələb edir. Onun sözlərinə görə, Ermənistanın məğlubiyyəti
cəmiyyət daxilində parçalanmaya gətirib çıxarıb və sülh prosesinə
təhlükə yaradan revanşist dairələrin fəallığı hələ də
qalmaqdadır.
Proqram zamanı Ermənistan Apostol Kilsəsinin roluna xüsusi
diqqət yetirilib. Professor vurğulayıb ki, kilsə tarixən yalnız
dini deyil, həm də siyasi funksiyalar yerinə yetirib, əhəmiyyətli
resurslara malik olub və xaricdəki diasporlara ciddi təsir
göstərib. Onun fikrincə, kilsə strukturlarının bir hissəsi
revanşist əhval-ruhiyyəni və sülh təşəbbüslərinə müqaviməti
dəstəkləməklə hələ də sabitliyi pozan amil olaraq qalır.
Ermənistan rəhbərliyindən danışan professor bildirib ki, daxili
və xarici təzyiqlərə baxmayaraq, Baş nazir Nikol Paşinyan müsbət
dəyişikliklər və sülh prosesinin irəliləməsi ilə bağlı əsas fiqur
olaraq qalır. Bununla yanaşı, o, rəsmi İrəvanın mövqeyində
ziddiyyətlərin olduğunu vurğulayıb: regional kommunikasiyaların
əhəmiyyəti barədə bəyanatlar tez-tez onların bloklanmasına yönəlmiş
praktik addımlarla müşayiət olunur.
Verilişdə regional nəqliyyat-logistika layihələrinin, o cümlədən
Zəngəzur dəhlizinin əhəmiyyəti ayrıca müzakirə edilib.
Məmmədzadənin sözlərinə görə, bu təşəbbüslər obyektiv olaraq
regionun bütün ölkələri, eləcə də Ermənistan üçün faydalıdır,
onlara qarşı müqavimət isə çox vaxt xarici oyunçuların təsiri və
daxili revanşist qrupların mövqeyi ilə şərtlənir.
Professor həmçinin xatırladıb ki, Azərbaycan iqtisadiyyat,
energetika və humanitar əməkdaşlıq sahəsində praqmatik təşəbbüsləri
suverenlik məsələlərində qəti mövqe ilə birləşdirərək sülh
prosesinə sadiqliyini ardıcıl şəkildə nümayiş etdirir.
“Tofiq Abbasovla dialoq” proqramının tam versiyasını “Baku
Network” platformasının resurslarından izləmək mümkündür.

