
Bakı. Trend:
Müstəqillik tariximizin 2003-cü ildən bu günə qədərki dövrünün
reallıqları Heydər Əliyev yolunun uğurlu davamının təsdiqidir.
1993-2003-cü illərdə müasir müstəqil Azərbaycan dövlətinin
qurucusu, Ulu Öndər Heydər Əliyevin düşünülmüş və məqsədyönlü
siyasəti nəticəsində ölkəmiz inkişafın elə yüksək mərhələsinə qədəm
qoymuşdu ki, 2003-cü ildən sonrakı mərhələdə hakimiyyətin etibarlı
əllərdə olması olduqca vacib əhəmiyyət kəsb edirdi.
Bunu Trend-ə
açıqlamasında deputat Vüqar Rəhimzadə bildirib.
Dövlətimizin başçısı İlham Əliyev bununla bağlı bildirmişdir:
“2003-cü ildə Azərbaycan xalqı düzgün seçim etmişdi. Çünki hesab
edirəm ki, müstəqil tariximizin ən həlledici məqamı məhz 2003-cü il
idi. Çünki o vaxt ölkəmizin gələcəyi ilə bağlı konseptual yanaşma
tam özünü təsdiqləmişdi, yəni, Heydər Əliyev siyasəti davam
etdirildi. Əgər tarix başqa istiqamətdə getsəydi, bilmək olmaz,
xalqımız, dövlətimiz hansı bəlalar, faciələrlə üzləşə bilərdi. Hər
halda, müstəqilliyimizin ilk iki ili əyani şəkildə göstərir ki,
güclü lider olmadan və düşünülmüş siyasət olmadan istənilən ölkə,
xüsusilə gənc müstəqil ölkə çox ciddi təhlükələrlə üzləşə bilər.
2003-cü ildə əsası 1993-cü ildə qoyulmuş siyasətə bir daha dəstək
verildi.”
Ümummilli Lider Heydər Əliyev 2003-cü ildə Azərbaycan xalqına
tarixi müraciətində bu əminliyi ifadə etmişdir: “Üzümü Sizə –
həmvətənlərimə tutaraq, qarşıdan gələn Prezident seçkilərində
Prezidentliyə namizəd, mənim siyasi varisim, Yeni Azərbaycan
Partiyası sədrinin birinci müavini İlham Əliyevi dəstəkləməyə
çağırıram. O, yüksək intellektli, praqmatik düşüncəli, müasir dünya
siyasətini və iqtisadiyyatını gözəl bilən, enerjili və təşəbbüskar
bir şəxsiyyətdir. Sizi əmin edirəm ki, həm İlham Əliyev, həm də
Yeni Azərbaycan Partiyası bundan sonra da xalqımızın ən layiqli
övladlarını öz ətrafında sıx birləşdirərək Azərbaycan dövlətinin
inkişafı və xalqımızın firavanlığı yolunda çox işlər görəcəklər.
İnanıram ki, mənim axıra çatdıra bilmədiyim taleyüklü məsələləri,
planları, işləri Sizin köməyiniz və dəstəyinizlə İlham Əliyev başa
çatdıra biləcək. Mən ona özüm qədər inanıram və gələcəyinə böyük
ümidlər bəsləyirəm”. Təbii ki, həmin müraciətdən ötən 22 ildən
artıq dövrün Azərbaycan tarixinə yazdığı uğur, zəfər səhifələrinin
hər birini vərəqləmək, onları bir yazıda əhatə etmək mümkün deyil.
Çünki ötən hər gün tariximizə bir mühüm hadisənin yazılması ilə
yadda qalır. Sözsüz ki, bu uğurların, qürurverici hadisələrin
təməlində düşünülmüş siyasət və Lider amili dayanır. Uğurlarımız
sırasında ilk olaraq onların zirvəsində dayanan, Azərbaycanın yeni
dövrə qədəm qoymasını şərtləndirən ərazi bütövlüyümüzün və
suverenliyimizin tam bərpasını, onun yaratdığı yeni reallıqları
qeyd etmək istərdik. Dövlətimizin başçısı İlham Əliyevin yeni
dövrün mühüm hadisələrindən olan, müstəqillik tariximizdə ilk dəfə
olaraq bütün ölkə ərazisində 2024-cü ilin 7 fevral tarixində
keçirilən prezident seçkilərində inamlı qələbəsindən sonra andiçmə
mərasimində qeyd etdiyi kimi, əgər güclü Azərbaycan qurmasaydıq,
əgər kimdənsə istər siyasi, istər iqtisadi sahədə asılı olmuş
olsaydıq, heç vaxt biz ərazi bütövlüyümüzü bərpa edə bilməzdik:
“Uzun danışıqlar prosesi çərçivəsində dəfələrlə bizə hansısa
yarımçıq təkliflər irəli sürülürdü. Ancaq o təkliflər bizim üçün
qəbuledilməz idi. Mən hər dəfə deyirdim ki, Azərbaycan Bayrağı
ərazimizin hər bir yerində dalğalanacaq. Hələ Bayraq Meydanının
açılışında demişdim ki, bayrağımız Şuşada, Xankəndidə dalğalanacaq,
bizim siyasətimiz bundan ibarət idi. Biz bütün gücümüzü səfərbər
edib bu hədəfə doğru gedirdik, hər gün, hər saat bu müqəddəs günü
yaxınlaşdırırdıq.”
Çağdaş tariximizə davamlı uğurlarla yazılan
illər
Son 22 il bütün sahələrdə davamlı uğurlarla yadda qalıb.
İqtisadiyyatın inkişafı və insanların sosial rifah halının
yüksəldilməsi məqsədilə Prezident İlham Əliyevin təşəbbüskarı
olduğu qanun layihələri, həmçinin imzaladığı Fərman və sərəncamlar
əsasında həyata keçirilən sosial-iqtisadi layihələr
vətəndaşlarımızın yaşayış səviyyəsinə öz müsbət təsirini göstərir.
Prezident İlham Əliyevin rəhbərliyi ilə görülmüş genişmiqyaslı
işlər, sistemli və ardıcıl tədbirlər, dərin islahatlar nəticəsində
hazırda Azərbaycan siyasi və makroiqtisadi baxımdan sabit,
təhlükəsiz ölkə, regionun siyasi, iqtisadi və mədəni mərkəzi,
irimiqyaslı enerji, nəqliyyat və infrastruktur layihələrinin
təşəbbüskarı və fəal iştirakçısı, Avropanın enerji
təhlükəsizliyinin təmin edilməsində etibarlı tərəfdaş, dünya kosmos
ailəsinin üzvü, mühüm tranzit qovşağıdır.
Ölkəmizin malik olduğu təbii resurslardan səmərəli istifadə
etməsinə geniş yol açan enerji layihələrinin uğurlu icrası həm
Azərbaycanın etibarlı tərəfdaş kimi mövqeyini möhkəmləndirir, həm
də iqtisadiyyatın şaxələndirilməsinə geniş yol açır. Regional
əməkdaşlığın inkişafında əhəmiyyətli rol oynayan
Bakı-Tbilisi-Ceyhan neft kəmərinin 2006-cı ildə,
Bakı-Tbilisi-Ərzurum qaz kəmərinin isə 2007-ci ildə istifadəyə
verilməsi çoxlarına əfsanə kimi görünən bu layihələrin artıq
reallıq olduğunu göstərdi. İllər keçdikcə əməkdaşlıq regional
çərçivədən çıxaraq beynəlxalq miqyas aldı. 2017-ci ildə “Yeni əsrin
müqaviləsi”nin imzalanması, ondan əvvəl 2014-cü ildə Cənub Qaz
Dəhlizinin təməlinin qoyulması Azərbaycanın etibarlı tərəfdaş kimi
mövqeyinin möhkəmləndiyini nümayiş etdirdi. 2018-ci il mayın 29-da
Bakıda Cənub Qaz Dəhlizinin, həmin ilin 12 iyun tarixində isə
Əskişəhərdə bu dəhlizin mühüm hissəsi olan Trans-Anadolu (TANAP)
qaz boru kəmərinin açılışı oldu. 30 iyun 2018-ci ildə ilk
kommersiya qazının Trans-Anadolu (TANAP) boru kəməri ilə Türkiyəyə
göndərilməsinə başlanıldı. 30 noyabr 2019-cu ildə TANAP qaz
kəmərinin Avropa ilə birləşən hissəsinin açılış mərasimi keçirildi.
Azərbaycan təbii qazının 31 dekabr 2020-ci ildə Avropa bazarına
tədarükünə başlanıldı. Bu tarixdə Cənub Qaz Dəhlizinin əsas
seqmentlərindən olan TAP istifadəyə verildi. Hazırda Azərbaycan 14
ölkəyə təbii qaz ixrac edir. Bununla Azərbaycan boru kəməri
vasitəsilə qaz təmin edən ölkələrin sırasında dünyada birinci yeri
tutur.
Təbii ki, Azərbaycanın enerji sektorunda qazandığı uğurlar
yalnız bunlarla bitmir. Hazırda yaşıl enerjiyə keçid prioritet
məsələdir. Azərbaycan bərpaolunan enerji potensialı ilə də dünyanın
diqqətindədir. Belə ki, ötən il Bakıda keçirilən, iqlim
diplomatiyasında dönüş nöqtəsi kimi dəyərləndirilən COP29 tədbiri
Azərbaycanın bu sahədə mövcud imkanlarının təqdimatı oldu. COP29-a
80 ölkənin dövlət və hökumət başçısı, ümumilikdə qeydiyyatdan
keçmiş 76 mindən çox iştirakçı qatıldı. Karbon bazarına dair çoxdan
gözlənilən 6-cı maddənin tam işlək vəziyyətə gətirilməsinə nail
olundu. Azərbaycanın COP29 Sədrliyi inkişaf etməkdə olan ölkələrə
hər il 1,3 trilyon ABŞ dolları həcmində iqlim maliyyəsini təmin
etmək üçün yeni öhdəlik olan Bakı Maliyyə Məqsədi razılaşmasını
elan etdi. BMT-nin İqlim Sammiti üçün COP29 Sədrliyinin əsas
prioriteti üzrə əldə olunan uğur əvvəlki 100 milyard ABŞ dolları
həcmində iqlim maliyyəsi hədəfindən əhəmiyyətli dərəcədə artım
deməkdir və qlobal investisiyaların yeni dalğasına təkan
verəcəkdir. Bakı Maliyyə Məqsədi inkişaf etməkdə olan ölkələr üçün
2035-ci ilə qədər hər il ən azı 300 milyard dollar vəsaitin
səfərbər olunmasına liderlik etmək üçün inkişaf etmiş ölkələrin
əsas hədəfini özündə ehtiva edir. Azərbaycan bu iqlim konfransına
ev sahibliyi ilə çoxtərəfliliyin tərəfdarı olduğunu bir daha
təsdiqlədi. Bu COP növbəti COP-lar üçün stimul oldu. Ötən ilin
dekabrında Azərbaycanın İqtisadi Əməkdaşlıq Təçkilatına (D-8) üzv
qəbul edilməsi də ölkəmizin iqtisadi uğurlarının, beynəlxalq
nüfuzunun təqdimatında əhəmiyyətli rol oynadı. Təşkilata üzv qəbul
edilməsində Azərbaycanın namizədliyinə Türkiyə, Pakistan, Misir,
İran, İndoneziya, Malayziya, Nigeriya və Banqladeş tərəfindən
dəstək göstərilməsi bu ölkələr ilə səmimi dostluğumuzun və
əməkdaşlığımızın göstəricisi kimi dəyərləndirildi.
İqtisadi müstəqilliyi möhkəmləndirən
siyasət
Beş fundamental nəticə – qalib dövlət, beynəlxalq nüfuz,
təhsilli cəmiyyət, böyük iqtisadi potensial və yüksələn rifah
ölkəmizin sosial-iqtisadi inkişaf nailiyyətlərini xarakterizə edir.
Bu nailiyyətlər uzunmüddətli dövrdə ölkə iqtisadiyyatı üçün
keyfiyyətcə yeni sosial-iqtisadi inkişaf simasının formalaşmasına
böyük töhfə verəcək. Prezident İlham Əliyev 2003-cü ildə bu
çağırışı etmişdir ki, iqtisadi artım qeyri-neft sektorunun hesabına
olmalıdır. Həmçinin bu hədəf də qarşıya qoyulmuşdu ki, neft
kapitalını insan kapitalına çevirməliyik. Son 22 ilin uğurları bu
hədəflərin də reallıqda öz əksini tapdığını nümayiş etdirir.
Azərbaycanın regionlarının potensialından səmərəli istifadə etmək
məqsədilə Regional inkişaf proqramları təsdiqləndi və uğurla icra
edildi. Regionların sosial-iqtisadi inkişafına dair 4 Dövlət
Proqramının uğurlu icrası nəticəsində bölgələrin inkişafı ölkəmizdə
yeniləşmə, davamlı inkişaf, sosial-iqtisadi tarazlıq, modern
islahatlar və digər sistemli hədəflərin reallaşmasında mühüm rola
malikdir. Regionların sosial-iqtisadi inkişafına dair Dövlət
proqramlarının həyata keçirilməsi sayəsində bölgələrdə inkişaf
prosesləri sürətləndi, kənd təsərrüfatının müxtəlif sahələri ilə
bağlı konkret proqramlar icra olundu. İşsizliyin və yoxsulluğun
səviyyəsi aşağı düşdü. Ölkədə qeyri-neft sektorunun inkişafı üçün
güclü zəmin formalaşdı. Dövlət proqramlarının icra olunduğu
2004–2018-ci illər ərzində ümumi daxili məhsul 3,3 dəfə, o cümlədən
qeyri-neft sektoru üzrə 2,8 dəfə, sənaye üzrə 2,6 dəfə, kənd
təsərrüfatı üzrə 1,7 dəfə artmışdır. Bu müddətdə həyata keçirilmiş
məqsədyönlü tədbirlər nəticəsində ölkədə 1,5 milyonu daimi olmaqla
2 milyondan çox yeni iş yeri, 100 mindən çox müəssisə yaradılmış,
işsizlik 5 faizə, yoxsulluq səviyyəsi isə 5,1 faizə enmişdir. Bu
uğurlar “Azərbaycan Respublikası regionlarının 2019–2023-cü illərdə
sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrasını şərtləndirdi.
“Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair
2023-2027-ci illər üçün Dövlət Proqramı” da təsdiq edildi, uğurla
icra edilir.
Əvvəldə qeyd etdiyimiz kimi, ərazi bütövlüyümüzün və
suverenliyimizin tam bərpası ilə Azərbaycan yeni dövrə qədəm qoydu.
Zəfərimizin və suverenliyimizin yaratdığı yeni reallıqlar yeni
Dövlət proqramlarının qəbulunu zərurətə çevirdi. Prezident İlham
Əliyevin 2021-ci il 7 iyul tarixli Fərmanı ilə iqtisadi rayonların
yeni bölgüsü təsdiqləndi. Ərazilərin zəngin iqtisadi
potensialından, təbii sərvətlərindən və geniş turizm imkanlarından
səmərəli istifadə etməklə onların bərabər inkişafının təmini üçün
nəzərdə tutulan bütün işlərin vahid proqram əsasında aparılmasının
məqsədəmüvafiqliyi əraziləri işğaldan azad edilmiş rayonların
iqtisadi rayonlar üzrə bölgüsünə yenidən baxılmasını şərtləndirdi.
Bu bölgü işğaldan azad edilmiş bölgələrin sürətli inkişafına xidmət
edir. Bunun üçün Qarabağ iqtisadi rayonu (Xankəndi şəhəri,
Ağcabədi, Ağdam, Ağdərə, Bərdə, Füzuli, Xocalı, Xocavənd, Şuşa və
Tərtər rayonları) və Şərqi Zəngəzur iqtisadi rayonu (Cəbrayıl,
Kəlbəcər, Qubadlı, Laçın və Zəngilan rayonları) yaradıldı.
“Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli
Prioritetlər” təsdiqləndi. Yeni sosial-iqtisadi inkişaf modeli
2030-cu ilədək olan dövrdə ölkədə bütün sahələrdə həyata
keçirilməsi nəzərdə tutulan köklü islahatların ideologiyasını təmin
edir. Həmçinin “Azərbaycan Respublikasının 2022–2026-cı illərdə
sosial-iqtisadi inkişaf Strategiyası”, “Azərbaycan Respublikasında
rəqəmsal iqtisadiyyatın inkişafına dair 2026-2029-cu illər üçün
Strategiya” təsdiqləndi. İmzalanan sənədlər, təsdiqlənən Dövlət
proqramları ölkənin dayanıqlı inkişafının, insanların yüksək
rifahının təmin edilməsinə xidmət edir.
Azərbaycanın iqtisadi uğurları beynəlxalq maliyyə qurumları
tərəfindən də yüksək qiymətləndirilir. Dünya Bankının
hesabatlarında Azərbaycan dünyanın ən çox islahat aparan ölkəsi
kimi yer alır. Genişmiqyaslı islahatlar nəticəsində Azərbaycanda
münbit sərmayə iqlimi yaradılmışdır. Azərbaycan rəqabətqabiliyyətli
iqtisadiyyata malik ölkə kimi tanınır və nüfuz qazanır. İndiyədək
Azərbaycan iqtisadiyyatına 350 milyard dollara yaxın investisiyanın
yatırılması mühüm məqamların, xüsusilə ölkəmizin investisiya
cəlbediciliyinin təqdimatıdır.
Qlobal siyasətdə artan nüfuz və təsir gücü
Azərbaycanın iqtisadi müstəqilliyinin mökkəmləndirilməsi onun
beynəlxalq nüfuzunun yüksəlməsində də əhəmiyyətli rol oynayır.
Başqa sözlə ifadə etməli olsaq bu gün Azərbaycanın beynəlxalq
münasibətlər sistemində artan rolu xarici siyasət uğurlarının
davamlılığında özünün aydın ifadəsini tapır. Belə ki, həyata
keçirilən praqmatik xarici siyasət ölkəmizə beynəlxalq münasibətlər
sistemində etibarlı strateji tərəfdaş imici qazandırıb. Regional
təşəbbüslər Azərbaycanın möhkəmlənməsinə, bölgədəki əməkdaşlığın
dərinləşməsinə xidmət etdi. Azərbaycan Prezidentinin yürütdüyü
uğurlu xarici siyasət nəticəsində ölkəmiz 2011-ci ildə BMT
Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü seçildi, nüfuzlu
beynəlxalq təşkilatlar Ermənistanı işğalçı dövlət kimi tanıdı. 155
dövlətin dəstəyi ilə BMT Təhlükəsizlik Şurasına qeyri-daimi üzv
seçilməsi, həmçinin 120 dövlətin təmsil olunduğu Qoşulmama
Hərəkatına 2019-2023-cü illərdə sədrlik etməsi müasir Azərbaycanın
beynəlxalq miqyasda artan nüfuzunu və qüdrətini göstərir. Dünyada
sülhün və konstruktiv əməkdaşlığın vacibliyini yorulmadan təbliğ
edən Prezident İlham Əliyevin beynəlxalq təşəbbüsləri mühüm
əhəmiyyət kəsb edir. Qoşulmama Hərəkatının sədri qismində Prezident
İlham Əliyevin təşəbbüsü ilə 2020-ci ilin dekabrında BMT Baş
Assambleyasının COVID-19 pandemiyası ilə mübarizəyə həsr edilmiş
Xüsusi Sessiyası keçirildi. 2021-ci ildə BMT Baş Assambleyasının
76-cı sessiyası çərçivəsində Qoşulmama Hərəkatının sədri qismində
Azərbaycan Prezidentinin təşəbbüsü ilə Qoşulmama Hərəkatının
üzvləri adından irəli sürülmüş “COVID-19 əleyhinə peyvəndlərə
bərabər, məqbul qiymətə, vaxtında və universal əlçatanlığın təmin
edilməsi” adlı qətnamə BMT üzv dövlətləri tərəfindən qəbul
olundu.
Azərbaycanın ayrı-ayrı dövlətlərlə ikitərəfli və beynəlxalq
təşkilatlar çərçivəsində əlaqələri yüksələn xətlə inkişaf edir.
Ölkəmiz İslam Əməkdaşlıq Təşkilatının (İƏT) ən fəal və nüfuzlu
üzvlərindən biridir. Azərbaycan son illərdə İƏT-in bir necə
konfransına ev sahibliyi etmişdir. 2017-ci il Prezident İlham
Əliyevin Sərəncamı ilə Azərbaycanda “İslam Həmrəyliyi İli” elan
olundu və həmin ilin may ayında İƏT-in möhtəşəm idman tədbiri – IV
İslam Həmrəyliyi Oyunları Bakıda keçirildi. ISESCO tərəfindən 5 min
illik qədim tarixə malik Naxçıvan şəhəri 2018-ci il üçün, Şuşa
şəhəri isə 2024-cü il üçün İslam mədəniyyətinin paytaxtı seçildi.
2026-cı ildə isə ölkəmiz İslam Əməkdaşlıq Təşkilatına sədrlik
edəcək.
Azərbaycanın qlobal mədəniyyətlərarası dialoqun ünvanlarından
birinə çevrilməsi ölkəmizin beynəlxalq statusunun və beynəlxalq
tərəfdaşlarının sayının artmasına səbəb olub. Azərbaycanda davamlı
olaraq Bakı Beynəlxalq Humanitar Forumu, Ümumdünya
Mədəniyyətlərarası Dialoq Forumu, habelə BMT Sivilizasiyalar
Alyansının VII Qlobal Forumu, UNESCO-nun xüsusi sessiyalarının və
onlarla digər əhəmiyyətli tədbirlərin keçirilməsi nəticəsində Bakı
qlobal münasibətlər sistemində nüfuzlu beynəlxalq siyasi
meydanlardan birinə çevrilib. Azərbaycan “Sülh naminə tərəfdaşlıq”
Proqramı çərçivəsində NATO-nun etibarlı və fəal tərəfdaşıdır.
Ölkəmiz NATO-nun “Sülh naminə tərəfdaşlıq” Proqramı çərçivəsində
1994-cü ildən Alyansın proqramlarında fəal iştirak edir. Azərbaycan
Ordusu NATO standartlarına uyğunlaşdırılır və bu çərçivədə Türkiyə
ordusu ilə sıx əməkdaşlıq mövcuddur. Bu mühüm məqamı da xüsusi qeyd
etməliyik ki, Azərbaycan-Türkiyə dostluğu, qardaşlığı, müttəfiqliyi
beynəlxalq əməkdaşlığın yeni formatını və etibarlılıq nümunəsini
təqdim edir. Azərbaycan Prezidenti İlham Əliyev və Türkiyə
Prezidenti Rəcəb Tayyib Ərdoğan tərəfindən 2021-ci il iyunun 15-də
Şuşada imzalanmış Bəyannamə iki ölkə və onun xalqları arasındakı
dostluq və qardaşlıqdan çıxış edərək Azərbaycan və Türkiyə
arasındakı münasibətləri keyfiyyətcə yeni, müttəfiqlik səviyyəsinə
qaldırdı.
Ümumilikdə türk dövlətləri ilə münasibətlərin möhkəmləndirilməsi
Azərbaycanın xarici siyasətinin əsas prioritetlərindən biridir.
Türk dünyasını böyük ailə kimi dəyərləndirən Prezident İlham
Əliyevin bu birliyin möhkəmləndirilməsinə töhfələri quruma üzv
dövlətlər tərəfindən yüksək dəyərləndirilir. Dövlət başçısı İlham
Əliyevin Türk Dünyasının Ali Ordeninə layiq görülməsi də bunun
bariz nümunəsidir. Reallıq budur ki, 2009-cu ildə Naxçıvan Zirvə
görüşündən ötən müddət ərzində türk dövlətlərinin əməkdaşlıq
əlaqələri müxtəlif sahələrdə təsisatlanıb. Bu gün Türk Dövlətləri
Təşkilatı (TDT) beynəlxalq səviyyədə böyük siyasi çəkiyə və nüfuza
malikdir. Son iki il ərzində Prezident İlham Əliyevin TDT-yə üzv və
müşahidəçi dövlətlərə 20-dən artıq səfəri olub. Qardaş dövlətlərin
rəhbərləri də həmin dövr ərzində Azərbaycana çoxsaylı səfərlər
ediblər. 2024-cü ilin iyul ayında Şuşa şəhərində keçirilmiş TDT
Dövlət Başçılarının qeyri-rəsmi Zirvə Görüşündə imzalanmış Qarabağ
Bəyannaməsi əməkdaşlığın daha da dərinləşməsinə töhfə verir.
Həmçinin 2025-ci il mayın 21-də Budapeştdə TDT Dövlət Başçılarının
qeyri-rəsmi Zirvə Görüşü, oktyabrın 7-də isə Qəbələdə TDT Dövlət
Başçıları Şurasının 12-ci Zirvə Görüşü keçirildi və Bəyannamə
imzalandı.
Xalqa Zəfər bəxş edən Müzəffər Ali Baş Komandan və Qalib
ordu
Azərbaycanın iqtisadi nailiyyətləri ordu quruculuğu sahəsində də
uğurlu addımları şərtləndirir. Ümummilli Lider Heydər Əliyevin
müstəsna xidmətləri sayəsində formalaşan və inkişaf edən Azərbaycan
Silahlı Qüvvələri bu gün Müzəffər Ali Baş Komandan İlham Əliyevin
rəhbərliyi altında öz xalqına Qələbəni bəxş etmiş müzəffər orduya
çevrilib. Azərbaycanda 2003-cü ildən etibarən ordu quruculuğu
məsələləri dövlət siyasətinin prioriteti kimi müəyyən olunmuşdur.
Planlı və ardıcıl şəkildə görülmüş işlər Azərbaycan Ordusunu
dünyanın ən güclü 50 ordusu sırasına yüksəltdi. Ötən dövrdə Silahlı
Qüvvələrin maddi-texniki təchizatının yenilənməsi, müasir
infrastrukturun yaradılması, hərbi qulluqçuların sosial müdafiəsi,
mənzil təminatının yaxşılaşdırılması, həmçinin müdafiə sənayesinin
inkişaf etdirilməsinə Prezident İlham Əliyev tərəfindən xüsusi
diqqət ayrılıb. Azərbaycanda son illərdə formalaşan və dinamik
inkişaf edən hərbi sənaye hesabına müxtəlif növ hərbi texnika,
zirehli maşınlar, pilotsuz uçuş aparatları, atıcı silahlar istehsal
olunur. Azərbaycan öz zavodlarında istehsal etdiyi hərbi təyinatlı
məhsullarla ordumuzu əhəmiyyətli dərəcədə təchiz edə bilir.
Azərbaycanda mindən çox hərbi təyinatlı məhsul istehsal edilir.
Dünyanın aparıcı beynəlxalq sərgilərində Azərbaycanın hərbi
məhsulları nümayiş olunur. Bu cür nailiyyətlər Azərbaycana öz
ordusunu zəruri silah, sursat və texnika ilə təchiz etmək üçün
əvəzsiz imkanlar yaradıb. Milli Ordunun müdafiə qüdrətinin və döyüş
qabiliyyətinin artırılması, maddi-texniki təchizatının
yaxşılaşdırılması daim diqqət mərkəzindədir.
Azərbaycan Silahlı Qüvvələri Müzəffər Ali Baş Komandan İlham
Əliyevin rəhbərliyi ilə 44 gün davam edən Vətən müharibəsində,
2023-cü ilin sentyabrında həyata keçirdiyi bir günlük antiterror
tədbirlərində hansı gücə malik olduğunu nümayiş etdirdi. Azərbaycan
Ordusunun 2020-ci il sentyabrın 27-də Qarabağda başladığı uğurlu
əks-hücum əməliyyatı nəticəsində noyabrın 9-dək 5 şəhər, 4 qəsəbə
və 286 kənd işğaldan azad edildi. 2023-cü ilin sentyabrında
suverenliyimizin bütün ölkə ərazisində tam bərpası ilə Xankəndidə,
Xocalıda, Xocavənddə, Ağdərədə, Əsgəranda Azərbaycan Bayrağı
ucaldıldı.
Azərbaycan yalnız döyüş meydanında deyil, informasiya cəbhəsində
də üstünlüyünü qorudu. Prezident İlham Əliyevin Vətən müharibəsi
dövründə dünyanın ən nüfuzlu media qurumlarına verdiyi 30-dan çox
müsahibədə münaqişə ilə bağlı əsl həqiqətlər beynəlxalq
ictimaiyyətə çatdırıldı. İnformasiya savaşının əsas konturlarını
təşkil edən bu müsahibələr milli mətbuatımızın fəaliyyətinə
istiqamət verdi. Müzəffər Ali Baş Komandanın müharibə ilə bağlı
müsahibələri XXI əsr üçün yeni üslub, yeni model nitq strategiyası
kimi qəbul edildi. Müsahibələri real mübarizə vasitəsinə çevirən
Azərbaycan Prezidenti bu müharibədə də qalib gəldi. Müzəffər Ali
Baş Komandan xarici media qurumlarına müsahibələri ilə münaqişəyə
münasibətdə dünya ictimaiyyətində uzun illər ərzində formalaşmış
fikirləri dəyişdirməyə müvəffəq oldu.
Demokratik inkişaf yolu
Ötən 22 il demokratik təsisatların inkişafı, milli həmrəyliyin,
sağlam əməkdaşlıq mühitinin və siyasi dialoqun təşviqi baxımından
da diqqətçəkəndir. Ulu Öndər Heydər Əliyevin siyasi kursunu bütün
sahələrdə uğurla davam etdirən Prezident İlham Əliyev iqtisadi və
siyasi islahatların vəhdətliyinin təmin edilməsi üçün mühüm
addımlar atır. Daim bu məqam önə çəkilir ki, elə ölkələr var ki,
demokratik inkişaf baxımından yüksək səviyyədədir, amma iqtisadi
tərəqqidən söhbət gedə bilməz. Elə ölkələr də var ki, iqtisadi
inkişaf yüksəkdir, demoratiyanın inkişafından danışmaq çətindir.
Amma Azərbaycan hər iki baxımdan diqqətdədir. Ölkəmizdə
demokratikləşmə prosesi sadəcə bir şüar, niyyət deyil, Azərbaycanın
hərtərəfli inkişafı üçün əsasdır. Dövrün, zamanın tələblərinə uyğun
olaraq reallıqların yeniləşməsi islahatların davamlı aparılmasını
vacib vəzifə kimi müəyyən edir. Dövlət başçısı İlham Əliyevin
həyata keçirdiyi islahatlar Azərbaycanın dayanaqlı inkişafının
əsasıdır. Ölkə Prezidenti İlham Əliyev dövlət və cəmiyyətin
inkişafı naminə sağlam əməkdaşlıq mühitini yaratdı. Siyasi dialoqu
və əməkdaşlıq mühitini təşviq edən Prezident İlham Əliyev bildirir:
“Ümummilli məsələlərdə heç bir fərqli fikir ola bilməz. Ümumi
məsələlər Qarabağ məsələsidir. Ümumi məsələlər siyasi partiyaların
fəaliyyətidir, demokratiyanın inkişafıdır, iqtisadi azadlıqların
bərqərar olmasıdır, ölkəmizin güclənməsidir. Bu gün bu siyasi
dialoq aparılır. Mən bunu çox təqdir edirəm. Hesab edirəm ki,
ölkəmizin gələcək siyasi sisteminin təkmilləşməsi üçün bunun böyük
əhəmiyyəti var.”
Ölkədə aparılan islahatlar kursunun tərkib hissələrindən biri
kimi 2019-cu ildə Prezident Administrasiyasında yeni Siyasi
partiyalar və qanunvericilik hakimiyyəti ilə əlaqələr şöbəsinin
yaradılması da bu məqsədə xidmət edir. Şöbənin müdiri Ədalət
Vəliyev mütəmadi olaraq siyasi partiyaların rəhbərləri ilə görüşlər
keçirir, aktual məsələlər ətrafında fikir mübadiləsi aparır. Ölkədə
fəaliyyət göstərən siyasi partiyaların mütləq əksəriyyətinin siyasi
dialoq proseslərinin fəal iştirakçıları olması faktı siyasi
həmrəyliyin təzahürüdür. Görülən işlərin məntiqi nəticəsidir ki,
iqtidar-müxalifət dialoqu artıq ölkəmizin gündəlik siyasi
təcrübəsinə daxil olmuş və davamlı şəkildə inkişaf edir. Bu birlik,
həmrəylik dünyaya səs salan 44 günlük İkinci Qarabağ savaşında
özünü daha aydın nümayiş etdirdi. 50-dən artıq siyasi partiya
dövlət başçısı, Müzəffər Ali Baş Komandan İlham Əliyevin həyata
keçirdiyi siyasətə dəstəklərini və onun ətrafında birləşdiklərini
imzaladıqları birgə Bəyanatda ifadə etdilər.
“Siyasi partiyalar haqqında” yeni Qanunun qəbul edilməsi
ölkəmizdə bütün partiyaların normal fəaliyyətinin prioritetliyini
bir daha təsdiqlədi. Həmçinin 10 siyasi partiyanın VI çağırış, 11
siyasi partiyanın isə VII çağırış Milli Məclisdə təmsil olunması
bilavasitə ölkədə yaşanan demokratik münasibətlərin təzahürüdür.
2024-cü il 7 fevral tarixində keçirilmiş prezident seçkilərində
qeydiyyata alınmış 7 namizəddən 5-i məhz siyasi partiyalar
tərəfindən irəli sürülmüşdü. Ölkədə formalaşmış yeni siyasi
mədəniyyətin bariz nümunəsi olaraq prezident seçkilərindən sonra
ilk dəfə 18 siyasi partiya rəhbəri seçkilərin demokratik və şəffaf
keçirilməsi haqqında bəyanat verərək Prezident İlham Əliyevi qələbə
münasibəti ilə təbrik etmişlər. 2025-ci ilin 29 yanvar tarixində
keçirilən bələdiyyə seçkilərində ölkədə mövcud olan 26 siyasi
partiyadan 23-ü həm namizəd, həm də müşahidəçi irəli sürməklə seçki
prosesinə qatılmışdı.
İnsan hüquqlarının qorunması və humanizm prinsipləri
prioritetdir
Ölkəmizdə insan hüquqlarının qorunması, yeni müdafiə
mexanizmlərinin müəyyənləşdirilməsi də demokratik inkişafın əsas
göstəricilərindəndir. İnsan hüquqlarının müdafiəsi sahəsində
aparılan islahatların davam etdirilməsi məqsədilə Prezident İlham
Əliyevin 28 dekabr 2006-cı il tarixli Sərəncamı ilə “Azərbaycan
Respublikasında insan hüquqlarının müdafiəsi üzrə Milli Fəaliyyət
Planı”nı təsdiq edilməsi, bunun davamı olaraq ölkə Prezidentinin 27
dekabr 2011-ci il tarixli Sərəncamı ilə “Azərbaycan Respublikasında
insan hüquq və azadlıqlarının müdafiəsinin səmərəliliyini artırmaq
sahəsində Milli Fəaliyyət Proqramı”nın uğurlu icrası, 18 iyun
2007-ci il tarixli Sərəncamla İnsan Hüquqları Gününün təsis
edilməsi bu reallığın təsdiqidir ki, insan amili dövlət siyasətinin
əsasında dayanır.
Ulu Öndər Heydər Əliyevin siyasi kursuna sadiqlik son 22 ildə
humanizm prinsiplərinə söykənərək imzalanan əfv sərəncamlarından,
həmçinin qəbul olunan Amnistiya aktlarından da aydın görünür. Bunun
üçün Prezident İlham Əliyevin ümumbəşəri humanizm dəyərlərinə
sadiqliyini əks etdirən mühüm təşəbbüslərini yada salmaq
kifayətdir. Cənab İlham Əliyev tərəfindən 2003-2025-ci illər
ərzində 39 əfv Sərəncamı imzalanıb və onlar 7060 nəfərə şamil
olunub. Həmin dövrdə 5 Amnistiya aktı qəbul edilib. Prezident İlham
Əliyevin təşəbbüsü əsasında 2021-ci ildə 8 Noyabr – Zəfər Günü
münasibətilə elan olunan Amnistiya aktı 17 mindən artıq nəfərə
şamil edilib. Suverenliyimizin bərpasının, Konstitusiyamızın ali
hüquqi qüvvəsinin ölkəmizin bütün ərazilərində bərqərar olunmasının
xalqımızın ən böyük tarixi qələbəsi olduğunu nəzərə alaraq,
Prezident İlham Əliyev 15 dekabr 2025-ci ildə amnistiya elan
edilməsi təşəbbüsünü irəli sürdü. Artıq icrasında başlanan
Amnistiya aktı tətbiq edilən şəxslərin, o cümlədən azadlıqdan
məhrum etmə cəzasından azad ediləcək məhkumların sayına görə ən
böyük amnistiyadır. Belə ki, Amnistiya aktının ümumilikdə 20 mindən
çox şəxsə şamil ediləcəyi gözlənilir. Bunlardan, 5 mindən çox
məhkumun azadlıqdan məhrum etmə cəzasından azad ediləcəyi, həmin
cəzaya məhkum olunmuş 3 mindən artıq şəxsin cəzasının azaldılacağı,
7 mindən çox məhkumun azadlığın məhdudlaşdırılması cəzasından, 4
minə yaxın məhkumun azadlıqdan məhrum etmə ilə bağlı olmayan digər
cəzalardan və ya şərti tətbiq edilmiş cəzalardan, habelə mindən çox
şəxsin cinayət məsuliyyətindən azad ediləcəyi
proqnozlaşdırılır.
1995-ci ildə Ulu Öndər Heydər Əliyevin rəhbərliyi ilə işlənib
hazırlanan və referendum yolu ilə qəbul olunan Konstitusiyamıza
2003-cü ildən bu günədək iki dəfə əlavə və dəyişikliklərin edilməsi
məqsədilə ümumxalq səsverməsinin keçirilməsi də insan amilinə
verilən dəyəri nümayiş etdirir.
Son 22 ildə azad mətbuatın inkişafı, seçkilərin demokratik,
beynəlxalq standartlara uyğun keçirilməsi istiqamətində də mühüm
addımlar atılıb. Bu gün ölkəmiz söz və mətbuat azadlığının yüksək
səviyyədə təmin olunması sahəsində dünyada ön sıralarda yer alır.
Azərbaycan KİV-lərin sayına görə MDB və Şərqi Avropa ölkələri
arasında lider mövqedə dayanır. Sürətlə inkişaf edən internet
resursları vətəndaş cəmiyyəti quruculuğunun fəal iştirakçısına
çevrilərək cəmiyyətimizin informasiyaya olan ehtiyacının
ödənilməsində əhəmiyyətli rol oynayır. Ölkəmizdə internet azaddır,
heç bir məhdudiyyət yoxdur. Yeni “Media haqqında” Qanunun qəbulu
azad mətbuatın qarşısında açılan imkanların təqdimatıdır.
Ümumilikdə demokratik islahatlar Azərbaycanın dünəninin, bugününün
və gələcəyinin əsasıdır.
Yeni Azərbaycan Partiyası daim ölkəmizin inkişafına öz
töhfələrini verir
Ölkəmizdə gedən bütün proseslərin mərkəzində dayanan Yeni
Azərbaycan Partiyası siyasi sistemin təkmilləşdirilməsində mühüm
rol oynayır. Yaradıcısı Ulu Öndər Heydər Əliyev olan, Prezident
İlham Əliyevin rəhbərliyi ilə uğurla inkişaf edən Yeni Azərbaycan
Partiyası qəbul etdiyi qərarları, irəli sürdüyü təşəbbüsləri ilə
daim ölkəmizin inkişafına, siyasi sistemin təkmilləşdirilməsinə öz
töhfələrini verir. Onu da qeyd edək ki, tarixi Zəfərimizin
reallıqları fonunda 2021-ci ilin 5 mart tarixində VII qurultayını
keçirən Yeni Azərbaycan Partiyasının yeni Nizamnaməsi təsdiq
olundu, yeni tərkib formalaşdı, qərarlar qəbul olundu. Prezident
İlham Əliyevin Sərəncamı ilə Azərbaycanın Birinci vitse-prezidenti
Mehriban xanım Əliyevanın Yeni Azərbaycan Partiyası Sədrinin
Birinci müavini təyin edilməsi qarşıdakı dövr üçün
müəyyənləşdirilən hədəflərə yüksək səviyyədə nail olacağımızı
şərtləndirdi. Partiyanın “Biz birlikdə güclüyük!” devizi altında
təsdiqlənən Proqramında hədəflər və onların icra mexanizmi öz
əksini tapıb. Təbii ki, əsas çağırışlardan biri hazırkı dövrün əsas
hədəfi olan azad edilmiş ərazilərdə bərpa-quruculuq işlərinə, Böyük
Qayıdış Proqramının icrasına dəstək olmaqdır. Yeni Azərbaycan
Partiyasının hər bir üzvü qalib Azərbaycanın uğurlarından böyük
qürur hissi keçirir, yeni hədəflərin reallığa çevrilməsinə öz
töhfələrinin verməyə çalışır.
Uğurlarımızı şərtləndirən amillərə nəzər salmaqla bu
ümumiləşdirməni apara bilərik ki, tariximizə Zəfər və Dövlət
Suverenliyi günlərinin yazılması dünənimizin, bugünümüzün və
gələcəyimizin aydın mənzərəsini yaradır. 44 günlük İkinci Qarabağ
müharibəsi gənclərimizin Vətən, torpaq sevgisinin təqdimatı oldu.
Bir daha sübut olundu ki, torpaq, əgər uğrunda ölən varsa,
Vətəndir. Dövlətimizin tarixi Zəfərimizin əbədiləşdirilməsi
istiqamətində atdığı addımlar davamlıdır. Bu addımlar 44 günlük
Vətən müharibəsində dastan yazan oğulların vətənpərvərlik
məktəbindən öyrənməyə, onları unutmamağa bir çağırışdır. Azad
edilmiş ərazilərimiz üzrə şəhər günləri təsis edildi. İndiki və
gələcək nəsillər tariximizin hər bir səhifəsini, o cümlədən Zəfər
səhifəsini daim yaddaşında saxlamalı, tariximizi öyrənməli və
torpaqlarımızın azad edildiyi günləri yaddaşına həkk etməlidir.
Şəhidlərimizin qanı, canı bahasına yazılan bu tarixləri unutmağa
haqqımız yoxdur.
Müzəffər Ali Baş Komandan İlham Əliyev adını tariximizə
torpaqlarımızın xilaskarı kimi qızıl hərflərlə yazdı
Ərazi bütövlüyümüzün bərpası və xalqımızın mədəniyyət beşiyi
hesab olunan Şuşanın azad olunması Prezident İlham Əliyevin Zəfər
zirvəsidir. Dövlət başçısı, Müzəffər Ali Baş Komandan İlham Əliyev
adını tariximizə torpaqlarımızın xilaskarı kimi qızıl hərflərlə
yazdı. Bu gün harada yaşamasından asılı olmayaraq hər bir
azərbaycanlı qürurludur. İşğaldan azad edilmiş ərazilərimiz
quruculuq meydanını xatırladır. Bərpa və quruculuq işləri geniş
vüsət alıb. Azərbaycan yalnız özünün maliyyə resurslarına
arxalanaraq sıfırdan yeni şəhər və kəndlər salır. Artıq 6 şəhər, 2
qəsəbə və 20-dən artıq kənd sakinlərinə qovuşub. Qarabağımız və
Şərqi Zəngəzurumuz cənnət məkana çevrilir. Bu ərazilərimiz
şəhərsalmanın Azərbaycan təcrübəsini dünyaya təqdim edir.
Hər bir vədini əməli fəaliyyəti ilə həyata keçirən Prezidentə
xalqın sevgisi şəksizdir. Möhtərəm Prezidentimiz İlham Əliyev
Azərbaycanı gücləndirdi, qalibiyyətimizi şərtləndirən bütün
amillərin yaradılmasına nail oldu və sonda azadlığına qovuşacağını
30 il səbirsizliklə gözləyən torpaqlarımıza “Biz gəldik və burada
əbədi olacağıq” söylədi. Prezident İlham Əliyevin qalib Lider kimi
işğaldan azad edilmiş ərazilərimizə davamlı səfərləri bu torpaqlara
əbədi gəlişimizin təsdiqidir. Bugünümüzün reallıqları, eyni
zamanda, Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım
Əliyevanın “Qoy bizim üçrəngli bayrağımız suveren, qüdrətli
Azərbaycan səmasında əbədi dalğalansın!”, “Qoy Uca Tanrı hər bir
azərbaycanlıya müqəddəs Qarabağ torpağını öpməyi nəsib etsin!” kimi
istəklərinin təsdiqidir.
Tarixi Zəfərimiz bütün regiona sülh və davamlı inkişaf imkanı
qazandırıb. Müzəffər Ali Baş Komandan İlham Əliyevin gələcəyə
xidmət edən strategiyası sayəsində regionun beynəlxalq statusu
dəyişmiş və bölgə ölkələrinin inkişafı üçün yeni imkanlar
açılmışdır. Qarabağ münaqişəsinin həlli regionun təhlükəsizliyi və
investisiya cəlbediciliyi baxımından strateji əhəmiyyətə malikdir.
Qələbə nəticəsində işğaldan azad edilmiş ərazilərin ölkənin ümumi
iqtisadiyyatına reinteqrasiyası, yeni beynəlxalq və regional
nəqliyyat-logistika dəhlizlərinin imkanlarından faydalanmaq
Azərbaycanın inkişafına böyük təkan verəcək. Bu il sülh
müqaviləsinin imzalanması istiqamətində mühüm uğurlara imza atıldı.
Dövlətimizin başçısı İlham Əliyevin avqustun 8-də ABŞ-a işgüzar
səfəri zamanı əldə edilən razılaşmalar bunun təsdiqidir. Azərbaycan
hər zaman sülhün, təhlükəsizliyin tərəfdarıdır. Bölgədə dayanıqlı
sülhün təmin edilməsi, Ermənistanla münasibətlərdə yeni səhifənin
açılması üçün ölkəmizin qarşı tərəfə sülh təklifini etməsi və buna
nail olmaq üçün atdığı addımlar bütün məqamları özündə ehtiva
edir.
Növbəti hədəf Qərbi Azərbaycana qayıdışdır
Dövlət başçısı, Müzəffər Ali Baş Komandan İlham Əliyevin
əminliklə qeyd etdiyi kimi, gün gələcək və Qərbi Azərbaycandan olan
soydaşlarımız, onların yaxınları, uşaqları, nəvələri tarixi
diyarımız olan Qərbi Azərbaycana qayıdacaqlar. Bunu deməyə əsas
verən bir çox amillər var. Onlardan yəqin ki, ən önəmlisi
xalqımızın tarixi yaddaşıdır. Ermənilər Qarabağdakı kimi, Qərbi
Azərbaycanda da bizim bütün tarixi, dini abidələrimizi yerlə-yeksan
ediblər, dağıdıblar, azərbaycanlıların tarixi irsini silmək
istəyiblər, ancaq buna nail ola bilməyiblər. Çünki tarix var,
sənədlər var, xəritələr var.
Bir sözlə, 22 ilin uğurları gələcəyə böyük inamla addımlamağa
stimul verir. Prezident İlham Əliyevin qarşıya qoyduğu bu hədəf hər
bir Azərbaycan vətəndaşına çağırışdır- Biz daim irəli
baxmalıyıq!
Möhtərəm Prezident, Müzəffər Ali Baş Komandan cənab İlham
Əliyevi doğum günü münasibətilə təbrik edir, ərazi bütövlüyünün və
suverenliyinin bərpası ilə yeni dövrə qədəm qoyan Azərbaycanın daha
da gücləndirilməsi, yeni Zəfərlərə doğru irəliləməsi yolunda
yorulmaz fəaliyyətində uğurlar, möhkəm cansağlığı arzulayırıq!

