
Bakı.Trend:
“Azərbaycan Dəmir Yolları” QSC-nin (ADY) bütün strukturları
Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il ilə əlaqədar
qeyri-iş günü elan edilən 31 dekabr 2025-ci il – 4 yanvar 2026-cı
il tarixlərində gücləndirilmiş iş rejimində fəaliyyət
göstərəcək.
Trend xəbər
verir ki, bu barədə ADY məlumat yayıb.
Bildirilib ki, hərəkətin təhlükəsizliyinin davamlı təmin
edilməsi, yüklərin və sərnişinlərin mənzil başına vaxtında
çatdırılması məqsədilə hərəkət vasitələrinə texniki baxış
keçirilir, infrastrukturda davamlı yoxlamalar aparılır.
Bayram günlərində artan sərnişin tələbatı nəzərə alınaraq
rayonlararası istiqamətlər üzrə əlavə reyslər təşkil ediləcək.
Belə ki, ölkənin mühüm turizm bölgələrindən olan Qəbələyə
səfərlərin daha komfortlu həyata keçirilməsi məqsədilə 31 dekabr –
4 yanvar tarixlərində Bakı–Qəbələ–Bakı xətti üzrə hər iki
istiqamətdə əlavə qatar reysləri təyin edilib. Bu marşrut üzrə
qatar həmin tarixlərdə saat 07:30-da Bakıdan Qəbələyə, 19:00-da
Qəbələdən Bakıya yola düşəcək.
Bundan əlavə, 1, 2 və 4 yanvar tarixlərində Bakı–Qazax–Bakı
marşrutu ilə hər iki istiqamətdə əlavə reyslər təyin edilib. Qatar
Bakıdan saat 07:45-də, Qazaxdan isə 16:40-da yola düşəcək.
Həmçinin Bakı–Ağstafa–Bakı istiqamətində 26, 27, 28, 29, 30, 31
dekabr, eləcə də 1, 2, 3 və 4 yanvar tarixlərində əlavə reyslər
olacaq. Qatar 26–31 dekabrda saat 08:30-dan Bakıdan, 17:12-də isə
Ağstafadan hərəkətə başlayacaq. 1–4 yanvar tarixlərində isə
qatarların hərəkətə başlama saatı müvafiq olaraq 08:30 və 17:20
olacaq.
Eyni zamanda, sərnişinlər bu istiqamətlər üzrə gündəlik
Bakı–Qazax–Bakı marşrutu ilə səfər edə bilərlər.
Bakı–Ağdam–Bakı marşrutu üzrə də əlavə reys təyin edilib. Qatar
31 dekabr və 3 yanvar tarixlərində Bakıdan saat 07:10-da, Ağdamdan
isə 18:10-da yola düşəcək.
Digər turizm bölgələri olan Şəki, Qax, Zaqatala və Balakənə ADY
ilə səyahətlərə artan tələbatı təmin etmək məqsədilə
Bakı–Balakən–Bakı marşrutu üzrə qatarlara əlavə vaqonlar qoşulacaq.
Bakıdan 30 dekabrda hərəkət edəcək sərnişin qatarının tərkibinə 5
əlavə vaqon, 1 yanvar tarixində hərəkətə başlayacaq qatara 1 əlavə
vaqon, Balakəndən 2 və 3 yanvar tarixlərində Bakıya istiqamət
alacaq qatarın tərkibinə isə 1 əlavə vaqon qoşulacaq. Tələbat
artacağı təqdirdə digər reyslərə də əlavə vaqonların qoşulması
nəzərdə tutulur.
31 dekabr – 4 yanvar tarixlərində Abşeron dairəvi dəmir yolu
marşrutu üzrə qatarların hərəkəti qeyri-iş günlərinin cədvəli
əsasında təşkil ediləcək.
ADY-nin 24/7 fəaliyyət göstərən 1822 Əlaqə mərkəzi də bayram
günlərində gücləndirilmiş rejimdə çalışacaq. Sərnişinlər qatarların
hərəkət cədvəli ilə tanış olmaq və bilet əldə etmək üçün www.ady.az
saytına keçid edə və ya “ADY Mobile” tətbiqini yükləyə
bilərlər.

